Altruizm haqqında - Layklarımızı əsirgəməyin

  • 2018.01.23 15:37
  • 37051 Baxış
Altruizm haqqında -  Layklarımızı əsirgəməyin
Hümbət Quliyev

Altruizm nədir? 

Yəqin düşünənlər oldu ki, bu nədir?

Maraqlıdır ki, başlığı "Eqoizm" qoysaydım sual olmazdı. Çünki eqoizmin nə olduğunu hamı bilir.

Altruizm eqoizmin tam əksidir. Eqoist yalnız özünü düşünürsə, altruist başqalarını düşünür.

Altruizm öz şəxsi maraqları nəzərə alınmadan, başqaları üçün görülən işlərdir. Altruistlər, hətta öz şəxsi mənafelərini ümumi maraqlara qurban verməyə hazır insanlardır.


Bütün bunları onlar könüllü olaraq, vicdanlarının səsinə qulaq asaraq edirlər. Altruizm əxlaqı prinsipdir. Bu bir insanın başqa insan və ya insanlarla mənəvi həmrəyliyidir.

 

Hər bir insan öz valideynlərinə, övladlarına, yaxınlarına mərhəmətlidir. Altruistlər bu dar çərçivəni aşa bilmiş insanlardır. Onlar bütün insanları məmnun görməyə, xoşbəxt görməyə sevinir və bunun üçün də davamlı çalışırlar!

 

Altruistlər fədakardırlar! Canlarını belə fəda edə bilən insanlardırlar. Yəqin, dilimizdə olan "qurban olum" ifadəsini də ilk dəfə onlar işlədiblər.

Qadınlarda bu hiss kişilərdən güclü və davamlı olur. Kişilər arasında da belə insanlar var, amma adətən onların bir çoxunda bu "qəhrəmanlıq" formasında olur. Məsələn, girib yanan binadan uşaq çıxara bilirlər və s.

 

Xalq arasında altruist insanlara "yaxşı" insanlar deyirlər. Bunlar xeyirdə- şərdə öndə olurlar, təmənna gözləmədən hər işin qulpundan yapışmağa çalışırlar. Hər oba, el öz "altruistlərini" yaxşı tanıyır! Amma təəssüflə əlavə edim ki, belə insanların "yumşaqlığından" sui-istifadə edən eqoistlər də kifayət qədər olur.

Altruist insanların bir yerdə olmaları çox vacibdir, belə olduqda onlar biri- birinin qarşılıqlı yaxşılıqlarından özləri də bəhrələnə bilirlər. Hal hazırda belə bir məkan facesbookdur. Facebook- da, öz ətrafımda altruist insanlar görürəm. Kimi maraqlı məlumatlar paylaşır, kimi sağlamlıqla bağlı məsləhətlərlə bölüşür və s.

Hiss olunur ki, onlar bunu məmnuniyyətlə edirlər. Onlar bu işdən heç bir təmənna güdmürlər. Biz də "azacıq" altruist olub adi layklarımızı onlardan əsirgəməyək!