ABŞ-da tibb təhsili - AZƏRBAYCANLI HƏKİMİN GÖZÜ İLƏ

  • 2019.02.18 19:41
  • 58836 Baxış
ABŞ-da tibb təhsili -   AZƏRBAYCANLI HƏKİMİN GÖZÜ İLƏ
Rauf Şahbazov Azərbaycan Tibb Universitetinin məzunu, Böyük Britaniya Birləşmiş Krallıq Cərrahiyyə Cəmiyyətinin üzvüdür. MD,PHD,MRCS  Ed, FEBS,  qaraciyər, böyrək, mədəaltı vəzi transplantasiyası, hepatobiliar cərrahiyyə üzrə mütəxəssisdir. Müxtəlif illərdə Türkiyədə və ABŞ-ın Virciniya Universitetində transplantoloq cərrah kimi çalışıb. Avropa və Amerikanın müxtəlif klinikalarında uzunmüddətli təlimlər almışdır.


Hazırda Nyu-York şəhərində UPSTATE Tibb Universitetinin transplant cərrahı, professor assistenti və pankreatik hüceyrə translpantasiya proqramının direktorudur.


7 ildir Amerikada transplantoloq cərrah kimi çalışan həmyerlimiz ABŞ-ın tibb təhsili ilə bağlı yazı yazıb. Medicina.az xəbər verir ki, bu yazıda yazıda bu sistemin möhtəşəmliyi və Azərbaycandakı təhsil sistemi ilə müqayisəsi yer alıb. Yazı Amerikada təhsil alıb həkim kimi çalışmaq istəyən tibb universiteti tələbələri, rezidentlər və gənc həkimlər üçün xüsusilə əhəmiyyətlidir. 

 


Həkimin "AMERİKA BİRLƏŞMİŞ ŞTATLARINDA TİBB TƏHSİLİ  AZƏRBAYCANLI HƏKİMİN GÖZÜ İLƏ” adlı yazısını olduğu kimi təqdim edirik:


" SSRİ-nin süqutu  və o vaxtki  müttəfiq  respublikaların  müstəqil  inkişaf yoluna qədəm qoyması elmin bütün sahələrində Qərb ölkələrində əldə edilən nailiyyətlərin postsovet  məkanına  daha sürətlə  yayılmasına  şərait  yaratmışdır. Qərb ölkələrinin elmi dəyərlərinə uyğunlaşmaq zərurəti  tibb elmi sahəsində  daha aydın hiss edilir. Çünki  tibb elminin imkişaf sürəti  məhz Qərb ölkələrində son 30-40 il ərzində  xüsusilə  böyük vüsət almış, həmin illərdə SSRİ-də hökm sürən durğunluq  və sonrakı tənəzzül prosesi ölkəyə yeni elmi texnologiyaların gətirilməsinə imkan verməmişdir. Buna görə müasir dövrümüzdə Qərbi  Avropa ölkələrinin və ABŞ-ın tibb təhsili sisteminin xüsusiyyətlərini öyrənməyə və onların müsbət cəhətlərini  tətbiq etməyə böyük tələbat  yaranmışdır.


ABŞ-ın tibb təhsili sistemi dünya ölkələri arasında ən nüfüzlu  təhsil sahələrindən biri,  həkimlik sənəti isə bu ölkədə ən hörmətli və yüksək əmək haqqı ilə  qiymətləndirilən sənətlərdən biridir. Lakin Şimali Amerikada tibb təhsili digər  ölkələrdəkindən həm təhsil prosesinin ağırlığına və müddətinə, həm də təhsil haqqının məbləğınə görə əsaslı surətdə fərqlənir, yəni ABŞ-da tibb təhsili almaq digər ölkələrdəkinə nisbətən daha çox vaxt aparır və tibb təhsili almaq üçün  qabaqcadan yüksəksəviyyəli hazırlıq və maliyyə məsrəfləri tələb edilir. Eyni zamanda  ABŞ-da tibb təhsili yüksək keyfiyyəti ilə fərqlənir, Amerikanın tibb standartları isə bütün dünyada  qəbul edilir.


Postsovet  məkanından fərqli olaraq, ABŞ-da ayrıca tibb universitetləri azdır. Burada tibb təhsili ümumi universitetlərin tərkibində təşkil edilmiş tibb kollec-lərində, tibb fakültələrində aparılır.  Burada tibb təhsili ümumi universitetlərin tərkibində təşkil edilmiş tibb kolleclərində aparılır. 1876-cı ildə ABŞ-da tibb kolleclərinin fəaliyyətini koordinasiya edən xüsusi bir qurum – Amerika  Tibb Kollecləri Assosiasiyası  (ATKA) təşkil edilmişdir. Bu Assosiasiya tibb təhsilini daim yeniləşdirməyi, xəstələrə yüksək səviyyəli  tibb xidmətinin  təşkilini  və yeni  elmi tədqiqatlar aparmaqla  tibb elmini  və səhiyyəni təkmilləşdirməyi  öz öhdəsinə götürmüşdür. ATKA ABŞ-ın 145 və  Kanadanın 17  ali tibb  məktəbini, 400-dən artıq  irili-xırdalı xəstəxananı və 80 elmi birliyi özündə birləşdirir.


Qeyd etmək lazımdır ki, ABŞ-da  tibb təhsili çoxpilləlidir və burada  tibb təhsili almaq istəyən hər bir gənc qabaqcadan başqa bir elm  sahəsi üzrə bakalavr  dərəcəsinə malik olmalıdır.  Yəni orta məktəb məzunu ABŞ-da birbaşa ali tibb məktəbinə  daxil ola bilməz.  Həkim olmağı arzu edən şəxsin  hansı elm sahəsi  üzrə bakalavr dərəcəsi olduğunun da müəyyən əhəmiyyəti vardır. Adətən  tibb sahəsinə nisbətən yaxın olan elmlərə üstünlük verilir.  Bunlara kimya, biologiya, ekologiya, ətraf mühitin mühafizəsi kimi elm sahələri aiddir. Bu elm  sahələrindən bakalavr  təhsil pilləsi üzrə tədris proqramı ölkənin müxtəlif  kolleclərində  təklif edilir. Buna tibb təhsili qabağı təhsil (premedical study) deyilir. Qeyd  etmək lazımdır ki, adı çəkilən elm sahələri üzrə bakalavriat təhsili tibb kolleclərinə qəbul zamanıiddiaçılara müəyyən üstünlük versə də,  bu humanitar  elm sahələri üzrə  təhsil alan  bakalavrların yolunun tibb  kolleclərinə  bağlı olması anlamına  gəlmir. Çünki, onlar da  müvafiq  hazırlıq keçməklə gələcəkdə təhsillərini  tibb kolleclərində davam etdirə bilərlər.


Premedical study üzrə  təhsil 4 il çəkir.  Bundan sonra tibb kollecinə daxil olmaq istəyən şəxslər  MCAT (Medical College Admission Test - Tibb Təhsilinə qəbul testi) adlanan imtahan verirlər;  bu imtahanı  uğurla  vermiş şəxslər tibb kollecinə daxil olmaq üçün  sənəd təqdim etmiş sayılırlar. Yəni  MCAT imtahanını vermək hər hansı tibb kollecinə qəbul üçün  vacib şərtdir. Lakin tibb kolleclərinin  hər birinin  əlavə qəbul  şərtləri da vardır.  Bunu da qeyd etmək lazımdır ki, tibb kollecinə qəbul edilmək hüququ yalnız ABŞ-da və Kanadada təhsil almış bakalavrlara verilir. Bakalavriat təhsilində əsas diqqət kimya, üzvi kimya və biologiya üzrə akademik kreditlər qazanmağa  yönəldilir.


 Tibb məktəbinin reytinqindən (populyarlığından) asılı olaraq, qəbul prosesində tələb edilən kredit ballarının sayı dəyişə  bilər. Məsələn, Con Hopkins Universitetinin  Tibb kollecinə  qəbul edilmək üçün  tələb edilən minimal kredit balı həddi belədir:  biologiya fənni üzrə 12 (bunlardan genetika üçün 4, ümumi biologiya və laboratoriya praktikası üçün – 8), kimya – 16 kredit balı (ümumi kimya – 8, üzvi kimya – 4, bioloji kimya – 4);  humanitar və sosial elmlər üzrə – 24 kredit balı, riyaziyyat (materialların analizi və statistika) üzrə –  6 kredit balı, fizika – 8 kredit balı.


Qəbul komissiyası əlavə olaraq, kompyüterdə işləmə vərdişlərini və iddiaçının volonterlik  (insanlara və heyvanlara könüllü yardım üzrə) fəaliyyətini araşdıra və təhsil alınan məktəbin müəllimlərinin  tövsiyə məktubunu  nəzərə ala bilər. Əcnəbi tələbələrdən həm də ingilis dilini  nə səviyyədə bildiyinə dair  sənəd - TOEFL tələb edilir. Tibb kolleclərinə  qəbul üçün  keçid ballarının  sayı da məktəblərin reytinqindən asılı olaraq,  bir-birindən fərlənir. Məsələn, son illər ərzində Harvard, Con Hopkins, Stanford, Corctaun və Virciniya universitetlərinin tibb kolleclərinə  qəbul zamanı  keçid balları MCAT üzrə 515-520, TOEFL (ingilis dili proqramı) isə 100-110  səviyyəsində olmuşdur.


 Tibb məktəbinə daxil olmaq üçün kredit balı çatışmayan  şəxslər diplomdan  sonrakı tibb təhsili proqramı üzrə  təhsil almalıdırlar. Bu proqramlar  çatışmayan  kredit ballarının  əvəzini çıxmağa  imkan verir və MCAT imtahanına daha yaxşı hazırlaşmağa köməkedir. Adətən  qəbul komissiyaları  ənənəvi təhsil proqramı üzrə ümumi tibbi biliklərdən təlim keçmiş şəxsləri qəbul etməyə daha çox meyl göstərirlər. Buna görə, tibbdən əvvəlki təhsil proqramı üzrə təlimlər tibb kolleclərinə qəbul prosesini asanlaşdıra bilər.


Ali tibb məktəblərində tələbə daha 4 il təhsil alır. İlk 2 ildə  dərslər bir qayda olaraq dərs otaqlarında keçirilir. Bu iki il ərzində tələbələr anatomiya, biokimya, fiziologiya və başqa fənlər üzrə mühazirələr dinləyir və praktik məşqələlər keçirlər. Xəstəxanalarda klinik praktika isə 3-cü tədris ilindən başlayır. Praktik məşqələlər modullara bölünür; cərrahlıq, terapiya, pediatriya və başqa klinik fənlər üzrə aparılan hər bir modul 6 həftədən 8 həftəyə qədər çəkir. 4-cü təhsil ilində də dərslər xəstəxanalarda keçirilir.Lakin bu zaman tələbələrə özləri üçün daha maraqlı olan şöbələrdə praktika kecmək seçimində sərbəstlik  verilir.


ABŞ-ın müxtəlif tibb məktəblərində məşqələlərin ardıcıllığı və aparılma qaydası fərqli ola bilər. Bəzi tədris müəssisələri öz tələbələrini xəstəxanalara  daha  erkən mərhələlədə buraxır. Lakin mühazirə kursları bütün 4 təhsil ili ərzində  davam etdirilir.


Beləliklə, ABŞ-da həkim ixtisasına yiyələnmək prosesi aşağıdakı mərhələlərdən  keçir:


1.     Kimya və ya biologiya təmayüllü  bakalavriat – 4 il;


2.     Hazırlıq proqramı (pre-med) – vacib olmasa da, namizədlərə  üstünlük verir;


3.     MCAT  imtahanının verilməsi;


4.     Tibb məktəblərində  təhsil – 4 il.


Sonuncu təhsil ilində konkret tibb ixtisası seçilir və təhsili başa çatdıran şəxslərə tibb doktoru (medicaı doctor – MD) dərəcəsi verilir.  MD titula formal  olaraq tibb doktoru elmi  dərəcəsinə  müvafiq hesab edilir. Bu dərəcəyə malik olan  amerikalı həkimlər elmi-tədqiqat  laboratoriyalarında  tədqiqat  aparmaq  və elmi iş çap etdirmək imkanına malik olurlar. Buna baxmayaraq, MD titulu birbaşa alimlik dərəcəsinə  ekvivalent hesab edilmir və  tibb məktəbinin standart tədris proqramlarında əsaslı elmi tədqiqata hazırlıq nəzərdə tutulmur. MD tituluna malik  olan   həkim darçərçivəli  ixtisaslar üzrə fəaliyyət göstərmək  hüququna malik olmur. Bu həkimlər gələcəkdə  tibb sahəsində  karyeralarını  davam  etdirmək üçün rezidenturaya daxil olmalıdırlar.  Rezidenturaya daxil ola bilməyən  tibb məktəbi məzunları yalnız qısa  müddət ərzində xüsusi nəzarət  altında həkimlik fəaliyyəti ilə  məşqul  ola bilərlər. Onların əsas  hədəfi isə  yenə rezidenturaya daxil olmaqla bağlı olur. Doğrudur, onların bir hissəsinə elmi-tədqiqat laboratiyalarında  çalışmaq imkanı verilir. Lakin ABŞ-da tibb və biologiya sahəsi üzrə elmi-tədqiqat müəssisələrində işləyən  şəxslərin əməyi praktik   həkimlərinkinə  nisbətən xeyli az qiymətləndirilir.


ABŞ-da tibb məktəblərində illik  təhsil haqqı  digər ixtisaslar üzrə  təhsil alanların ödəməli olduğu  təhsil haqqından 20 min dollara qədər  artıqdır və bu da  tibb kolleclərinin  yerləşdiyi  ştatdakı orta əmək haqqının  səviyyəsindən əlavə, həm də  kolleclərin  reytinqindən asılıdır. Məsələn, Stanford Universitetinin  tibb kollecində illik təhsil haqqı 79000 dollar, Virciniya Universitetində– 58 000 dollar, Kaliforniya Universitetində isə 40 000 dollardır. Beləliklə, ABŞ-da tibb təhsili almaq üçün hər bir tələbə  Azərbaycanda və digər  MDB  ölkələrində olduğuna nisbətən 15-20 dəfə artıq təhsil haqqı ödəməli olur. Burada tələbələr çox vaxt təhsil  haqlarını  kredit hesabına ödəyir və əmək fəaliyyətinə başladıqdan sonra kredit ödəməli olurlar. Belə  məlumat vardır ki, ABŞ-da hər 10 nəfər tibb məktəbi məzunundan 8 nəfərin ali məktəbi  bitirərkən 100 min dollara qədər, hər 8 nəfərdən birinin  isə 250 min dollara qədər borcu olur.

 


 

 

Yuxarıda  göstərildiyi kimi, ABŞ-ın  tibb məktəblərinin məzunları həkimlik karyerasını  davam etdirmək üçün  təhsillərini  diplomdan sonrakı  hazırlıq  mərhələsində - rezidenturada davam etdirməlidirlər. Bundan ötrü tibb məktəblərinin məzunları ilk növbədə çoxpilləli imtahan prosesi olan USMLE sınaqlarından  keçməlidir.  USMLE  (United Status Medical Lisensing Examination – Birləşmiş Ştatların Tibb üzrə Lisenziyalaşdırma  İmtahanları) prosesinin  ilk mərhələsi (Step I) ali tibb məktəblərində ilk tədris ili ərzində tədris edilən nəzəri tibbi fənlər üzrə test imtahanından  ibarətdir.


USMLE-nin ikinci mərhələsi (Step II) də iki pillədən ibarətdir. Step II-nin birinci pilləsində  ali tibb məktəbində 3-cü və 4-cü tədris illərində keçirilən fənlər üzrə test imtahanı verilir. Yəni bu mərhələdə məzunların klinik bilikləri (Clinical  Knowledge)qiymətləndirilir. Step II-nin ikinci  pilləsi  klinik vərdişlər  (Clinical Skillis) üzrə  imtahanı əhatə edir. Bu zaman imtahan verən şəxslərin xəstə ilə  rəftarından tutmuş, diaqnozun qoyulması və müalicə taktikasının seçilməsinə qədər  həkim fəaliyyətinə dair praktik vərdişlər yoxlanılır və bu imtahanda xəstə rolunu xüsusi təlim keçmiş  artistlər oynayır.


USMLE imtahanları bütün ölkə üzrə eyni vaxtda qəbul edilir. Vaxtı qabaqcadan təyin edilən bu imtahanlar ödənişli əsaslarla aparılır. İmtahandan keçə bilməyən şəxslər bir neçə aydan 1 ilə qədər vaxt keçdikdən  sonra yenidən imtahana girə bilərlər. Lakin  hər bir imtahanın haqqı ayrıca ödənilir.


USMLE imtahanlarından uğurla keçmiş məzunlar seçdikləri ixtisas üzrə rezidenturaya qəbul edilmək üçün  müsabiqədə iştirak etmək hüququ qazanırlar. Rezidenturaya qəbul üçün təkcə imtahanlardan yüksək nəticə qazanmaq kifayət etmir. Adətən təhsil illərində elmi tədqiqatla məşğul olan, sərbəst vaxtlarında   xəstəxanaların işlərinə kömək edən və iş yerlərində özlərini yaxşı cəhətdən göstərən şəxslərə rezidenturaya qəbul zamanı  üstünlük verilir. Rezidenturanın davamiyyət müddəti hər bir ixtisas üçün fərqlidir və ixtisasların  mürəkkəbliyindən  asılıdır. Məsələn, terapiya üzrə rezidentura 3 il, cərrahlığın müxtəlif sahələri üzrə 5 ildən 9 ilə qədər çəkir.


Rezidenturada təhsil illərində tələbələr öz ixtisasları üzrə keçid imtahanları verir, təhsil başa çatdıqdan sonra USMLE-nin 3-cü pilləsi üzrə imtahandan keçirlər.


3-cü pillə üzrə USMLE imtahanından uğurla  keçmiş həkimlər ABŞ-ın  bütün ərazisində praktik fəaliyyət  hüququ verən lisenziya ala bilərlər. Bundan ötrü ştatlarda fəaliyyət göstərən Tibb Şuralarına müraciət etməlidirlər. 


Rezidenturada təhsil almış  həkimlər bəzi darçərcivəli ixtisaslar (ürək-damar cərrahlığı, miniinvaziv cərrahlıq, cərrahi transplantologiya, neonatologiya, qastroenterologiya və s.) üzrə işləmək hüququ qazanmaqdan ötrü fellowship adlanan  əlavə təlim kursları  keçməlidirlər. Fellowship üzrə təlimlər isə ixtisasdan asılı olaraq, 2  ildən 4 ilə qədər  davam edə bilər. Əgər praktik fəaliyyətdə olan həkim öz  ixtisasını dəyişmək qərarına  gələrsə və ya daha darçərçivəli ixtisas  üzrə  işləməyəqərar verərsə, o da  fellowship proqramı üzrə bütün tədris kursunu keçməlidir.


Həkim diplomuna malik olan xarici ölkə vətəndaşları ABŞ-da tibbi fəaliyyətlə məşğul olmaq istədikdə, ilk növbədə öz ixtisaslarını  təsdiq etdirməli və həkimlik fəaliyyəti üçün lisenziya almalıdırlar (bu qayda yalnız Kanadada  təhsil almış həkimlərə şamil edilmir).


Əcnəbi həkimlərin ABŞ-da  tibbi fəaliyyət üçün  lisenziya almasının  2 yolu vardır.

 

Birinci yol – ali  tibb  məktəbinə daxil olub, təkrarən  təhsil  almaqdan ibarətdir. Çünki  xarici ölkələrin  ali tibb məktəblərinin  diplomları ABŞ-da bakalavr  diplomuna bərabər hesab edilir. Lakin əlində MDB ölkələrinin (o cümlədən Azərbaycanın) həkim diplomu olan şəxs dördillik bakalavr hazırlığı  təhsilindən yan keçə bilər. Əlavə olaraq, bu həkimlər ali tibb məktəbindəki 4-illik təhsilin də bəzi şərtlərindən azad ola və  təhsilini  nisbətən  qısa müddətdə  başa çatdıra bilər. Bundan ötrü  xarici ölkə vətəndaşı olan  və öz ölkəsinin həkim diplomuna  malik olan şəxs təhsil aldığı ali tibb məktəbinin diplomundan əlavə, zaçot kitabçasının təsdiq edilmiş sürətini də təqdim etməlidir. Diplomlu  əcnəbi həkimin hər hansı tədris fənni üzrə öz ölkəsində kecdiyi dərs saatlarının sayı ABŞ-ın  tibb məktəblərində  keçilməli olan saatlardan çoxdursa, onda həmin diplomun sahibi müvafiq fənn üzrə dərs keçməkdən azad edilir (yəni  həmin dərsi yenidən keçmək zərurəti  aradan qalxır). Lakin əcnəbi həkimin öz ölkəsində təhsil aldığı zaman orada  tədris edilən hər hansı bir fənnin dərs saatları ABŞ-ın  tibb məktəblərində  keçiriləndən az olarsa, həmin dərs yenidən keçirilməlidir.


Adətən, ABŞ-ın ali tibb məktəblərinin əksəriyyəti  diplomlu əcnəbi  həkimləri  öz tələbələri sırasına  qəbul etməyə çox da həvəs göstərmirlər. Bu üsulla  təhsil almaq istəyənlər müxtəlif tibb məktəblərinin qəbul qaydalarını araşdırmalı və əcnəbiləri tələbələr sırasına qəbul etməyi öhdəsinə götürən ali tibb məktəblərinin siyahısını əldə etməlidirlər.


 Bundan sonra həmin məktəblərə  sorğu göndərilməlidir. Belə sorğunu alan  ali tibb məktəbi sorğunu verən şəxsə qəbul üçün tələb edilən sənədlərin siyahısını təqdim edir. Bu siyahıya adətən ingilis dili üzrə TOEFL testinin nəticələrinə və qəbul imtahanlarının (məsələn, MCAT – Medical College Admission Test) verilməsinə dair  sənədlər  daxil edilir. İddiaçılara çap edilmiş elmi işlərə  malik olmasına görə ali tibb məktəblərinə qəbul zamanı  əlavə ballar verilir.


Ali tibb məktəblərinə daxil olmuş əcnəbi  həkim əlverişli şərait olduqda 4-illik tədris proqramını 3 ilə başa  çatdıra bilər. Bu, həkimin öz ölkəsində təhsil aldığı fənlər üzrə keçdiyi dərs saatlarının sayından asılıdır. Bu yolla təhsil alan  həkim də ABŞ vətəndaşı  olan tibb tələbələri kimi  USMLE imtahanlarına hazırlaşır və böyük  məbləğdə təhsil haqqı  ödəyir. Üstəlik bu da nəzərə alınmalıdır ki, bu müddət ərzində əcnəbi həkimin yaşayış yerinə, qidalanmaya və digər  gündəlik tələbatlara da  böyük məbləğdə xərci çıxır.  Əcnəbi həkimlərin ABŞ-da praktik tibbi fəaliyyət üçün lisenziya  əldə etməyinin ikinci yolu öz diplomunu təsdiq etdirməklə rezidenturaya daxil olmaq hüququ qazanmaqdan keçir. Lakin bundan ötrü sərbəst surətdə hazırlaşıb USMLE imtahanlarını vermək lazımdır. Bu halda həkim yalnız imtahan üçün  tələb edilən məbləği ödəməli olur. Lakin nəzərə almaq lazımdır ki,  imtahaların verildiyi müddətdə ABŞ-da  yaşamaq üçün də  müvafiq məbləğdə vəsaitə ehtiyac olur.


Intahan vermək yolu ilə diplomunu  təsdiq etdirmək arzusunda olan həkim ilk növbədə əcnəbi tibb tələbələrinə yardım Komissiyasına (ECFMS – Educational Commission  For Foreign Medical Students) müraciət edilməli  və öyrənilməlidir ki, öz ölkəsində əldə etdiyi diplom ABŞ-da təsdiq edilməli olan diplomlar siyahısına daxil edilib, ya yox (qeyd edək ki, Azərbaycan Tibb Universitetinin diplomu həmin siyahıya daxildir). ECFMS bu sorğuya uyğun olaraq, iddiaçıya  diplomun təsdiq edilməsinə  dair təlimat göndərir. Sənədlər təqdim edildikdən sonra  Komissiyadan USMLE-1 üzrə imtahanlara girmək üçün dəvət alınır. Qeyd edək ki, USMLE-nin birinci pilləsi üzrəimtahanlar bəzi Avropa ölkələrində də verilə bilər. Bu imtahana əcnəbi həkim ya xüsusi ədəbiyyatdan istifadə etməklə sərbəst surətdə hazırlaşır, ya da birillik Kaplan Medical  kurslarında hazırlıq keçir. Ikinci pillə  USMLE  imtahanı isə ABŞ-ın  bəzi şəhərlərində qəbul edilir. USMLE-nin hər iki pilləsi üzrə  imtahanlardan uğurlakeçən həkim sənədlərini rezidenturaya  təqdim edə bilər. Bundan ötrü, imtahanın nəticələrini əks etdirən sənədlər ərizə ilə birlikdə  internet vasitəsilə müxtəlif klinikalara göndərilir. Klinikalarda ərizələr nəzərdən keçirildikdən sonra  iddiaçılar söhbətə dəvət alırlar. Iddiaçılarla söhbətlərin nəticələri klinikalardan Amerika Tibb  Assosiasiyasına  göndərilir. Bundan sonra bəyənilmiş iddiaçılar  xüsusi kompyüter proqramı vasitəsilə rezidentura yeri olan klinikalar arasında bölüşdürülür.


Rezidenturaya qəbul üçün  ərizə vermiş həkim özü üçün  maraqlı olan peşə sahəsi üzrə qəbul edilmədikdə iddiaçısı az olan digər tibb sahəsi üzrə  qəbul edilmək üçün yenidən ərizə verə bilər. Əcnəbi rezident  təhsil müddətiərzində  özü haqqında yaxşı  təəssürat yaradarsa, klinika  onu işlə təmin edə bilər. Belə olduqda, əcnəbi  rezidentə  həm də gələcəkdə  ABŞ-da  yaşamaq  izni verilir.


ABŞ-da həkimlərin diplomdan sonrakı hazırlıq proqramı təkcə  rezidentura təhsili  ilə tamamlanmır. Bundan əlavə, yuxarıda göstərildiyi  kimi, rezidenturanı bitirənlər üçün bəzi darçərçivəli ixtisaslar (ürək-damar cərrahlığı, döş qəfəsi cərrahlığı, intensiv cərrahi xidmət, neonatologiya, qastroenterologiya və s.)  üzrə  əlavə təlim proqramı da vardır. Buna "fellowship”  deyilir.  Bu təlim də ixtisasdan asılı olaraq,  2 ildən 4 ilə qədər çəkə bilər.


Beləliklə, ABŞ-da tibb təhsili Azərbaycanda olduğundan xeyli uzun müddət  çəkir. Burada tibb təhsili almaq arzusunda olan əcnəbilər yerli tələbələrin  ən yaxşıları ilə  gərgin rəqabət  aparmalı olurlar.  Bundan əlavə,  bəzi ali tibb məktəblərinin nizamnamələri onlara  əcnəbilər arasından tələbə  qəbul etməyi  yasaqlayır.


ABŞ-da  ali tibb məktəblərinə  daxil olmaq istəyənlər üçün  xüsusi hazırlıq  kursları  da  təşkil edilmişdir. Adətən bakalavr  pilləsi  üzrə təhsil almış şəxslərin  ali tibb məktəbinə daxil olmaq üçün tələb olunan qədər kredit balı olmadıqda bu proqramlar üzrə təhsillərini davam etdirirlər. Bu proqramlar həm çatışmayan kreditləri əvəz etməyə imkan verir, həm də MCAT imtahanlarına daha yaxşı  hazırlaşmaq imkanı yaradır.  Bu təhsil proqramında iştirak edənlər  həm də ibtidai  tibbi hazırlıq keçir, xəstəxanalarda və ya qocalar evində volonter (könüllü) xidmət göstərirlər. Buna görə ali tibb məktəblərində  qəbul zamanı belə təlim  keçmiş  şəxslərə  üstünlük verilir.

 

ABŞ-da Osteopatiya məktəbləri 


Qeyd etmək lazımdır ki, ABŞ-da əsas ali tibb kolleclərindən əlavə, onlara alternativ  olan  osteopatiya  məktəbləri də fəaliyyət göstərir. Bu məktəblərin əsas vəzifəsi osteopatiya  mütəxəssisləri hazırlaşmaqdan ibarətdir. Osteopatik təbabətin əsasını  1892-ci ildə Endryu Still qoymuşdur.


Osteopatiya təbabətinin adı (osteon – sümük, pathos – əzab, əziyyət, xəstəlik) "sümük xəstəlikləri” sözundən  götürülsə də, əslində  təbabətin bu istiqaməti insan orqanizminə  vahid bir sistem kimi  baxır. Müasir osteopatiya  əsasən qədim dövrlərdə  formalaşmış   tibbi bilik və vərdişləri  əhatə etsə də, müasir   allopatik təbabətin  də mühüm elmi nailiyyətlərinə istinad edir. Ümumi tibb xidmətinin ayrıca bir forması olan osteopatik təbabət belə bir fəlsəfi təsəvvürə əsaslanır ki, orqanizmin bütün orqan və sistemləri sağlamlıq vəziyyətinin saxlanmasında qarşılıqlı surərdə əlaqəli fəaliyyət göstərir.


Osteopatiya  təbabətinin əsasını  aşağıdakı 4  müddəa  təşkil edir: 1)  hər bir xəstəyə düşüncə, vücud və ruhun vəhdəti kimi baxılmalıdır; 2)  hər bir xəstə sağlamlığının bərpasına xidmət edən daxili imkanlara malikdir və xəstənin müalicəsi üçün bu imkanlardan istifadə edilməlidir; 3) insan vücudunun strukturu onun funksiyasında əks olunur, vücudun  funksional  tələbatını isə  onun strukturu  müəyyənləşdirir; 4)  hər bir konkret halda osteopatik müalicə yuxarıda sadalanan prinsiplərə əsaslanmalıdır.


 Osteopatik təbabətdə orqanizmin bütün orqan və sistemlərinin  xəstəliklərinin  diaqnostika və müalicəsində  manual (əl vasitəsilə) diaqnostika  və manual terapiya metodlarından  istifadə edilir.  Lakin Azərbaycanda  və bir sıra digər ölkələrdə tətbiq edilən manual terapiya  üsulları  yalnız sümük-oynaq sisteminin və əzələlərin xəstəliklərinin müalicəsinə  yönəldiyi halda, osteopatik təbabət həm də daxili orqanların (o cümlədən, qaraciyərin, böyrəklərin,  həzm orqanlarının, mərkəzi və periferik  sinir sisteminin, damarların) xəstəliklərinin müalicəsi ilə məşğul olur.


Hazırda  ABŞ-da  20-dən artıq  ixtisaslaşdırılmış osteopatiya  xəstəxanaları  vardır və onların əksəriyyəti Osteopatiya Assosiasiyasının üzvləridir. ABŞ-ın  digər xəstəxana və  ambulatoriyalarında  da osteopatik müalicə üsullarından istifadə edən  həkimlər vardır. Osteopatiya təbabətində  müalicə prosesində xəstələrdə  ağrı törədən manipulyasiyalardan və medikamentoz terapiya üsullarından istifadə edilmir..Belə hesab edilir ki, bu üsullar insanlara ahıl yaşlara qədər  sağlamlığı və fiziki  aktivliyi saxlamağa imkan verə  bilər. Lakin nəzərə alınmalıdır ki, osteoptik müalicə üsullarının effekti  hələ ki, etibarlı elmi sübutlara əsaslanmır və bu  üsulları tam təhlükəsiz və effektiv hesab etməyə əsas yoxdur.

 

Buna görə osteopatik  müalicəni yalnız yardımçı üsul hesab etmək olar. Lakin osteopatik  təbabət müasir  ABŞ-da, xüsusən kiçik yaşayış məntəqələrində  xüsusi populyarlıq  qazanmışdır; təkcə bunu demək kifayətdir ki, hazırda ABŞ-da fəaliyyət göstərən osteopatiya həkimlərinin sayı 40 min nəfərdən artıqdır və onlar  bu ölkənin həkimlərinin ümumi sayının 5%-ə  qədərin təşkil etsələr də,  həkimə müraciətlərin  ölkə üzrə ümumi sayının 10%-ə qədəri məhz osteopatik müalicə ilə əlaqədar olur. Bununla belə, bir sıra  xəstəliklərin (onkoloji xəstəliklər, kəskin qanitirmələr, kəskin infeksion-iltihabi xəstəliklər, vərəm, miokard infarktı, insult və s.)  müalicəsi zamanı osteopatiya üsullarından  qətiyyən istifadə etmək olmaz. Çünki həmin  xəstəliklər üçün osteopatik müalicə  əks-göndəriş hesab edilir və ciddi ağırlaşmalar  törədə bilər.


ABŞ-da osteopatiya məktəblərində təhsil müddəti ali tibb kolleclərində  olduğu kimi 4 ildir. Bu məktəblərdə gələcək osteopatlar 4 il ərzində  təməli tibb fənlərinin əsaslarını öyrənir və xəstələrlə  iş praktikası keçirlər. Lakin onların təhsilində  əsas diqqət dayaq-hərəkət  aparatının xüsusiyyətlərinə  və insan vücudunun mexanikasına  yönəldilir.


Osteopatiya məktəblərinin məzunları gələcəkdə pre-med hazırlığı keçməklə, allopatik təbabət üzrə  rezidenturaya daxil olub ixtisaslarının dəyişə bilərlər.


Osteopatik  təbabət müasir dövrdə ABŞ-dan əlavə, bir sıra başqa ölkələrdə  də tətbiq edilir.  İlk osteopatiya məktəbləri ABŞ-da yaradılsa da, hazırda Kanada, Böyük Britaniya, Almaniya, İtaliya, Hindistan, İsrail, Yeni Zelandiya, Yaponiya kimi  ölkələrdə də  belə məktəblər fəaliyyət göstərir. Fərq bundan ibarətdir ki,  ABŞ-da osteopatiya tibb sənəti hesab edilir, Avropa ölkələrində isə tibbin yardımçı bir istiqaməti olub, manual terapiya işi ilə məşğul olur. Müxtəlif ölkələrdə osteopatiya  təhsili 4 ildən 6ilə qədər  davam edir.


Yuxarıda şərh edilənlərdən əlavə, ABŞ-da tibb sahəsi üzrə elmi tədqiqat  aparan mütəxəssislər hazırlamaq üçün də proqramlar vardır. Bu proqramların  əsas məqsədi – tibb sahəsində olan elmi yenilikləri və kəşfləri klinik praktikaya tətbiq edə biləcək  mütəxəssislər  hazırlamaqdan ibarətdir. Hazırda ABŞ-ın  tibb təhsili verən 45 ali məktəbində bu proqramlar üzrə təqaüdlə təmin edilən təhsil sistemi vardır və təhsil alanlara maliyyə dəstəyi hər bir ali məktəbin yerləşdiyi ştatda  əmək qabiliyyətli əhalinin orta  illik  gəlirinin səviyyəsindən geri qalmır. Onu da qeyd etmək lazımdır ki, ali məktəb məzunları arasında bu proqramlardan yararlanmaq istəyənlərin  sayı olduqca  çoxdur. Buna  görə,  ali tibb məktəbinin məzunları arasında fəaliyyətini elmi tədqiqat sahəsində davam etdirmək imkanı qazanmaq arzusunda olanlardan yalnız  9%-ə qədəri buna nail olur.


Beləliklə, ABŞ-ın tibb təhsili sisteminin əsas üstün cəhəti buranın ali məktəblərində tibb elminin  nəzəri sahələrinin  tədrisi ilə həkimlik praktikasının yüksək effektivliklə  əlaqələndirilməsindən, gələcək həkimlərə praktik təbabətin incəliklərini daha yaxından öyrənmək və praktik tibbi vərdişlərə daha yaxşı yiyələnmək  imkanı verilməsindən ibarətdir. Lakin buradakı tibb təhsilinin əcnəbilər üçün əlçatan olmasının  çətinlikləri 2 əsas səbəblə əlaqədardır: 1) ABŞ-da tibb təhsili üçün çox böyük maliyyə məsrəfləri tələb edilməsi; 2) burada tibb təhsilinin çox uzun müddət davam etməsi.

 

ABŞ-da tibbi təhsil haqqı - Kimlər həm işləyib, həm oxuya bilər?


ABŞ-ın tibb məktəblərində təhsil haqqının yüksək olduğu haqqında yuxarıda  məlumat verilmişdir.  Amerika vətəndaşı olan tələbələrin əksəriyyəti təhsil haqqını kredit vasitəsilə ödəyirlər. Yüksək istedadlı  əcnəbi tələbələrdən kiçik bir qrupu isə  əcnəbilər üçün təşkil edilmiş xüsusi təqaüd proqramlarından, bəzən isə bu istiqamətdə tətbiq edilən  qrant proqramından istifadə edə bilərlər. Bəzi  əcnəbi tələbələr təhsil haqqını öz ölkələrinin iri kommersiya firmalarının sponsorluğu sayəsində ödəyə  bilirlər.  Lakin aydın məsələdir ki,  belə güzəştlərdən yararlanmaq  hamı üçün əlçatan deyil. Qeyd etmək lazımdır ki, ABŞ-da  ali təhsil alanlar bakalavrdərəcəsi almaq üçün 4 il təhsil almalı və bundan sonra təhsilləriniali tibb məktəblərində4 il haqqı ödənilməklə davam etdirməlidirlər; əlavə olaraq, onlar MCAT və USMLE imtahanlarının da haqqını ödəməli olurlar. Lakin rezidentura və fellowship proqramları üzrə təhsil dövründə çalışan həkimlərə əmək haqqı verilir ki, bu da müdavimlərin  yaşayış xərclərini ödəməyə  imkan verir.


 ABŞ vətəndaşları tibb təhsili almaq yolunda 12-illik orta məktəb proqramını, hər hansı bir elm sahəsi üzrə 4-illik bakalavr proqramını, 4-illik ali tibb məktəbi proqramını başa vurmalı, tam sərbəst həkim fəaliyyəti göstərmək üçün  3 ildən 9 ilə qədər rezidentura keçməli, darçərçivəli ixtisaslar üzrə əlavə olaraq, 2 ildən 4 ilə qədər fellowship təlimləri almalıdırlar; bunlardan əlavə,  bakalavr dərəcəsinə malik olan şəxsin ali tibb  məktəbinə daxil olarkən 1-2 il  pre-med təlimlərini də keçməli olduğunu nəzərə alsaq,  aydın olar ki,  Amerikada tam tibb təhsili alan  həkim sərbəst həkimlik  fəaliyyətinə təxminən  həyatının 4-cü onilliyinin sonunda  başlaya bilər. Ancaq  elə bunun da Amerika həkimləri və tibb sistemi üçün müəyyən üstünlükləri  olduğunu qeyd etmək yerinə düşər. Məsələ bundadır ki, həkim olmağı qarşısına məqsəd qoymuş Amerika vətəndaşları bakalavr pilləsi üzrə təhsil aldığı illərdən başlayaraq, gələcəkdə ali tibb məktəbinə qəbul prosesində  əlavə ballar qazanmaq məqsədilə  əlil və qocalara yardım müəssisələrində  və xəstəxanalarda  könüllü olaraq, yardımçı tibb personalı kimi işləyir və bu fəaliyyətini pre-med hazırlığı keçdikləri dövrdə də davam etdirirlər. Bu şəraitdə həkimlik sənətinin iddiaçıları bu sənətin ağırlıqlarının  şahidi  olur və dözə biləcəklərini nəzərə alaraq,  təhsillərini davam etdirməyə sərbəst şəkildə qərar verirlər. Təbabətin bütün çətinliklərinə, mənfi və  müsbət cəhətlərinə dözməyənlər isə bakalavr təhsildən sonra özlərini daha münasib  fəaliyyət növündə  sınamaq imkanına  malik olurlar.


Bizim ölkədə orta məktəbdə təhsilini başa vuran 17-18 yaşlı, hələ həyatın  bərkinə-boşuna  düşməmiş  yeniyetmə  Tibb Universitetinə daxil olmaq  imkanına malikdir. Buna görə  univeristetin qəbul proqramına uyğun olan ümumi hazırlıq  fənlərini (kimya, fizika, biologiya) yaxşı mənimsəmiş hər bir istedadlı və ya çalışqan  yeniyetmə qəbul  mərhələsini keçmək imkanına malikdir. Sirr deyil ki, bizim istedadlı gənclərimiz çox vaxt tibb universitetinə daxil olmaq qərarına valideynlərinin və yaxın  əqrəbalarının təsiri sayəsində  gəlirlər. Həqiqətən yaxşı həkim olmaq üçün isə təkcə istedad və çalışqanlıq kifayət etmir. Bir də tələb olunur ki, insan bu sənətə   qəlbən  bağlı olsun. Belə bir bağlılıq olmadıqda tibb universitetinə daxil  olmuş gənclərin bir hissəsi  elə təhsil illərində (məsələn, ilk dəfə anatomiya dərsində  meyit gördükdə,  klinik şəraitdə irinli yaralarla rastlaşanda və s.) həvəsdən düşür, həkimlər  isə  xəstəlik nəticəsində psixi durumu pozulmuş insanlarla düzgün ünsiyyət qurmaqla çətinlik çəkirlər. Bizim fikrimizcə, ABŞ-ın  tibb təhsilinin əsas üstünlüyü həkimin tibb müəssisələrində rast gələ biləcəyi emosional sarsıntılara  psixoloji cəhətdən  hazırlaşdırılması ilə əlaqədardır.


ABŞ-ın ali tibb  məktəblərində təhsil həm də,  gərginliyi ilə fərqlənir. Təkcə bunu demək kifayətdir ki,  burada ali tibb  təhsili alan tələbələrə 4 il ərzində  9 min saatdan  artıq (hər il orta hesabla 2 250 saata qədər) dərs keçilir. Müqayisə üçün qeyd edirik ki,  Azərbaycan Tibb Universitetində dərs saatlarının sayı  bu ölkənin  digər ali məktəblərindəkindən  xeyli artıq olsa da, hər il üçün orta hesabla  1700 saatdan artıq deyil. Ölkəmizdə 6-illik  tibb təhsili proqramına ümumilikdə 10 min saatdan bir qədər  artıq  dərs daxildir. Lakin bundan da təxminən 1300 saatı ABŞ-ın ali məktəblərində bakalavriat pilləsi üzrə təhsil alanların tədris planına daxil olan fənlərə (biologiya, kimya, fizika, fəlsəfə, iqtisadiyyat, tarix, informatika və s.)  sərf edilir. ABŞ-ın ali  tibb  məktəblərində isə dərs  saatları yalnız tibbin nəzəri sahələrinə və klinik  praktikaya yönəldilir.


 

RAUF ŞAHBAZOV


 

ABŞ-da tibb təhsili -   AZƏRBAYCANLI HƏKİMİN GÖZÜ İLƏ
ABŞ-da tibb təhsili -   AZƏRBAYCANLI HƏKİMİN GÖZÜ İLƏ
ABŞ-da tibb təhsili -   AZƏRBAYCANLI HƏKİMİN GÖZÜ İLƏ