Azərbaycanda ürəkbulanmada təyin olunan Çerukal inyeksiyaları yoxa çıxıb - Depoda yoxdur, xəstələr çarəsiz qalıb

  • 2018.09.07 15:24
  • 28045 Baxış
Azərbaycanda ürəkbulanmada təyin olunan Çerukal inyeksiyaları yoxa çıxıb  -  Depoda yoxdur, xəstələr çarəsiz qalıb
Azərbaycan apteklərində pasiyentlərə tez-tez təyin olunan qusma, ürəkbulanma əleyhinə Çerukal kimi təcili və təxirəsalınmaz yardımda istifadə olunan preparat tapılmır.


Medicina.az saytına daxil olan Pasiyent müraciətində deyilir:


"Metoklorpamid molekul tərkibli müxtəlif adda bütün inyeksiyaların Bakı, Sumqayıt və rayonlarda apteklərdə tapılması qeyri-mümkündür. 153 qaynar xətt xidməti hər hansı aptekdə 1-2 ampul qalıbsa, onu deyir. Gedib aptekə çatanda artıq qalmadığının şahidi oluruq.


Hazırda havaların tez-tez dəyişməsi səbəbi ilə diareya, ürəkbulanma, soyuqdəymə, qusma, zəhərlənmə halları yayılır. Bu simptomlara qarşı isə Çerukal təyin olunur. Bu inyeksiya isə yoxdur. Xahiş edirik, məsələni araşdırıb, ictimailəşdirəsiniz”.


Medicina.az saytının əməkdaşı dərman preparatları ilə bağlı qaynar xəttə (153) zəng edərək inyeksiyanın həqiqətən də Azərbaycanda olmadığını, depolarda qalmadığını dəqiqləşdirib. Operator xanım bu dərmanın hər gün pasiyentlər tərəfindən soruşulduğunu, şikayətlər daxil olduğunu, lakin bir kömək edə bilmədiklərini bildirib. 


Çerukalın tabletləri bir sıra apteklərdə qalıb. İnyeksiyasının nə səbəbə gəlmədiyi, nə zaman gətiriləcəyi barədə dəqiq məlumat yoxdur.


Xatırladaq ki, Səhiyyə Nazirliyinə bir neçə dəfə əhəmiyyətli və lazımlı dərmanların apteklərdə tapılmadığı ilə bağlı müraciət etdikdə, nazirlik ölkəyə dərman vasitələrinin gətirilməsi ilə məşğul olmadığını, farmakoloji şirkət və fiziki şəxslər tərəfindən idxal olunduğunu bildirərək, dolayısı ilə dərman qıtlığı ilə bağlı problemlərdə rolunun olmadığını bildirmişdi.