Bu xəstəlik 1 ildə 110 min uşağın ölümünə səbəb olub - Pediatr valideynlərə səsləndi

  • 2019.01.07 14:19
  • 14076 Baxış
Bu xəstəlik 1 ildə 110 min uşağın ölümünə səbəb olub -  Pediatr valideynlərə səsləndi

"Qızılca xəstəliyi illərdir, peyvənd sayəsində azalmışdı, ancaq son 2 ildə gedərək dünyada yayılıb. Artıq ölkəmizdə də qızılca xəstələri var və sayları artır. Buna əsas səbəb isə peyvənddən imtinadır”.


Medicina.az xəbər verir ki, bu barədə pediatr Erkin Rəhimov məlumat verib. O, valideynlərə müraciət edib və peyvəndsizliyin fəsadlara yol aça biləcəyini deyib: 


"Bu xəstəlik təkcə 2017-ci ildə 110 000 (çoxu 5 yaşa kimi olan uşaqlar) ölümə səbəb olub. 2018-ci ildən isə demək olar ki, bütün qonşu ölkələrdə çox müşahidə olunur. Sadə bir xəstəlik kimi görünsə də, fəsadları ciddidir. Pnevmoniya, menengit, SSPE ve s. Bəzi hallarda isə ölümlə nəticələnir.


Birlik olub bu xəstəliyin ölkəmizdə yayılmasını mümkün olduğu qədər azaltmalıyıq. Hələ gec deyil və  bütün peyvəndsiz xəstələri peyvənd elətdirməyə yönəldək. Qızılcada spesifik müalicə yoxdur və tək tədbir vaxtında peyvənd elətməkdir”.


Pediatr peyvəndin kimlərə edilməməli olduğundan da söz açıb: "Xüsusi vurğulamaq istəyirəm ki, bir qrup xəstə var ki, onlara peyvənd eləmək olmaz – xərçəng xəstələri, immun çatışmazlığı olan uşaqlar. Həmçinin digər sağlamlıq problemləri səbəbi ilə peyvənd vurulmamış uşaqlar. Bunları qorumaq üçün bütün digər uşaqlar peyvənd olunmalıdır. Peyvəndə qarşı olan həkimlərimiz belə bu məqamı gözdən qaçırmasınlar. Bu uşaqların qorunması bizim əlimizdədir”.