Doğulacaq 10 faiz uşaqda bu xəstəlik yarana bilər - Şizofreniya nədir?

  • 2018.01.12 12:59
  • 34554 Baxış
Doğulacaq 10 faiz uşaqda bu xəstəlik yarana bilər -  Şizofreniya nədir?
Şizofreniya ciddi ruhi xəstəlikdir. Psixozun ən çox görünən formasıdır. (Psixoz- reallığı qiymətləndirmə bacarığının itirilməsi deməkdir). Bütün dünyada insanlar arasında hər 100 nəfərdən birində rast gəlinir.

 

Şizofreniyanın əsas simptomları hansılardır?


Əsası olmayan düşüncələrin olması;


Xüsusi ilə tanıdığı və ya tanımadığı insanlar tərəfindən izlənmə, zərər görmə düşüncələri, düşüncələrinin başqa insanlar tərəfindən oxunması və ya yad düşüncələrin ağıllarına yerləşdirilməsi;


Sayıqlamalar; 


Özünü dini və ya siyasi şəxslərlə eyniləşdirmək (Mən peyğəmbərəm və ya generalam və s.)


Fikirlərin ətrafa yayılması və s. kimi reallıqla uyğunlaşmayan düşüncələrin biruzə verməsi...

 



Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən psixiatr Orxan Fərəclinin sözlərinə görə, şizofreniyanın hansı səbəbdən yaranması dəqiq məlum deyil: "Hələ ki dünyada qəbul edilən tək nəzəriyyə var. Belə ki, dopamin adlandırılan maddə var ki, beyində sinir uclarından ifraz olunur. Dopamin maddəsi artdıqda insanda bu xəstəlik başlayır. Bu hal şübhəli yanaşma ilə başlayır. Məni güdürlər, izləyirlər, beynimə təsir edirlər kimi fikir səsləndirirlər. Bundan başqa belə insanların qulaqlarına səs gələ bilər, gözlərinə hansısa görüntü görünə bilər”. Xəstəliyin növlərindən bəhs edən həkim, müalicə üsullarından da bəhs edib: "Xəstəliyin sadə, paranoid, hebefrinik və s. formaları mövcuddur. Ən çox narahat olduğumuz forması sadə olandır. Çünki yavaş-yavaş, xəstənin özünə qapanması ilə başlayır. Neqativ hallar nə qədər çoxdursa, bu o deməkdir ki, xəstəlik daha uzun gedəcək. Ancaq xəstədə nə qədər çox şübhə, qulaqda səs varsa, bu bizim üçün müsbət proqnoz göstəricilərdir. Bu o deməkdir ki, xəstə daha tez yaxşılaşacaq. Dərmanlara daha tez reaksiya verəcək”. 

Genetik faktorun da böyük rol oynadığını bildirən psixiatr doğulacaq körpələrdə xəstəliyin yaranma risklərindən danışıb: "Əgər ailədən biri şizofreniya xəstəsidirsə, 10 faiz ehtimalla doğulacaq uşaqlarda bu xəstəlik rastlana bilər. Hər iki valideyndə varsa, bu risk payı yüksəlir”. 


Bu xəstəliyin tam sağalıb-sağalmamağına gəlincə, həkim bunları söyləyib: 


"Tam müalicə olunmur demək yanlışdır. Çünki ilkin dövlərdə müalicə başlayarsa uğur əldə etmək olar. Bir növ şəkər xəstəliyi kimidir. Yəni tam getmir, amma dərman qəbul edilən zamanda heç bir narahatçılıq baş qaldırmır. Ola bilsin bir dərmanla pasiyent heç bir tərəddüd yaşamadan həyatına davam etsin. Buna baxmayaraq, şizofreniya heç də ətrafda aqressiya, qorxu yaradacaq xəstəlik növü deyil”.

 

Şəhanə Quliyeva
Doğulacaq 10 faiz uşaqda bu xəstəlik yarana bilər -  Şizofreniya nədir?