Menstruasiya öncəsi miqren – Qadınların baş bəlası

  • 2019.04.09 09:51
  • 12077 Baxış
Menstruasiya öncəsi miqren –  Qadınların baş bəlası
Yer üzündə qadınların 60%-dən çoxu menstruasiya öncəsi sindrom deyilən problemdən əziyyət çəkir. Bu müddət menstruasiyadan öncəki həftəni əhatə edir. Kompleks simptomlar içində miqren və dəhşətli baş ağrıları da var. 


Əgər bir qadında menstruasiya öncəsi sindrom varsa, miqrenin olması da normaldır. 


Miqren güclü baş ağrısı olub, başın bir və ya hər iki tərəfini tutur, üzdə, boyunda, gözdə deşici, sıxıcı ağrı verir, ürəkbulanma, hətta qaytarma da olur. Menstruasiya öncəsi və bitdikdən sonra da başlayır, 1-2 gün davam edir. 


Medicina.az menstruasiya miqreninin səbəblərini təqdim edir.


Bu baş ağrısının səbəbi qadının reproduktiv dövründə menstruasiya baş verdiyi ərəfədə orqanizmdə ciddi hormonal dəyişikliyin, bəzi hormonların artması, bəzilərinin azalması ilə bağlıdır. Menstruasiya dövründə progesteron və estrogenin səviyyəsi kəskin düşdüyünə görə, miqren verir. 

Menstrual miqren tutmaları adi miqrendən daha uzun, kəskin və davamlı olması ilə fərqlənir. Bu ağrı zamanı qadın güclü yorğunluq hiss edir, yemək istəmir, sümük-əzələləri belə ağrıyır. Bu ərəfədə insan alkoqola meyillənir, duzlu, şoraba yemək istəyir. 

Hamiləlikdə bu ağrılar olmur. Çünki hamiləlik zamanı hormonlar yüksək olur. 


Müalicəsi varmı:


Miqren varsa tam xilas üçün müalicə yoxdur. Çıxış yolu ağrıkəsicilər qəbul etməkdir. Miqren tutmasından xilas olmaq üçün miqren başlamadan artıq dərmanı qəbul etmək lazımdır. Bunun üçün mentruasiya cədvəli tutub, miqrenin vaxtını təxmin etmək lazımdır.


Hormonal müalicə


Mentruasiyadan öncə estrogen hormonunun səviyyəsini yüksəldən dərmanlar istifadə etmək olar. Bunu həkim təyin etməlidir. 

Miqreni aktivləşdirən qidalar da var.


Bunlar şokolad, pendir, kolbasa, sosis, alkoqol, qoz, fındıq, duzlu, şoraba və s. Bu qidaları rasiondan çıxarın. Rasionda duzu azaltmaq lazımdır. Çünki duz orqanizmdə mayeni toplayır, ödem yaradır, beynin toxumaları şişir, miqren güclənir. Qəhvə sevənlər də menstruasiya başlamazdan 1 həftə öncə bu içkini də unutmalıdırlar. 


Stress də miqreni aktivləşdirdiyi üçün sakitləşdirici vasitələr tapın, nanə çayı için, rahatlaşdırıcı masaja gedin. 

Miqren kalsium, maqniy, B6 və D vitamini çatışmadıqda da aktivləşir. 


Miqren istini sevmir. Bacardıqca sərin yerdə yatın, otağı sərinlədin, alnınıza, boynunuza soyuq, sərin qrelka qoyun.

 

Menstruasiya öncəsi miqren –  Qadınların baş bəlası