Ümumdünya antibiotiklərdən düzgün istifadə həftəsi keçiriləcək

  • 2017.10.26 17:30
  • 20359 Baxış
Ümumdünya antibiotiklərdən düzgün istifadə həftəsi keçiriləcək
Dünya Səhiyyə Təşkilatı (DST) bu il noyabrın 13-dən 19-dək Ümumdünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi keçiriləcəyini elan edib.


Medicina.az azertac-a istinadən xəbər verir ki, təşkilatın saytına istinadla xəbər verir ki, kampaniya "Antibiotikləri qəbul etməzdən əvvəl ixtisaslaşmış səhiyyə mütəxəssisi ilə məsləhətləşin” devizi altında keçəcək.


Antibiotiklər dəyərli vasitədir, ona görə də onları qəbul etməzdən əvvəl düzgün tövsiyə almaq vacibdir. Antibiotiklərdən məsuliyyətlə istifadə həm daha yaxşı müalicə olunmağa, həm də antibiotiklərə davamlılığın inkişaf etməsinin azaldılmasına kömək edəcək.


Kampaniyanın məqsədi antibiotiklərə davamlılığı səhiyyədə qlobal miqyasda tanınmış problem elan etmək, antibiotiklərdən lazımi şəkildə istifadə etməklə onların effektivliyinin qorunub saxlanmasına dair maarifləndirmə işlərini fəallaşdırmaqdır. Bir faktı etiraf etmək lazımdır ki, antibiotiklərə davamlılığın inkişaf etməsinə qarşı mübarizədə hamı iştirak etməlidir - ayrı-ayrı adamlar da, səhiyyə və kənd təsərrüfatı mütəxəssisləri də, hökumətlər də.


DST BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Dünya Heyvan Sağlamlığı Təşkilatı ilə birgə məlumat xarakterli bir sıra materiallar hazırlayır. Kampaniyanın gedişində təhsil müəssisələrində və sosial şəbəkələrdə maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılır.


Təşkilatın ekspertləri antibiotikləri yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin olunan zaman qəbul etməyi, əllərin lazımi gigiyenasına riayət etməyi, istifadə olunmamış qalan antibiotikləri heç kimə təklif etməməyi və onlardan istifadə etməməyi məsləhət görürlər.