16 aprel Dünya Səs günüdür – Səsinizi qoruyun!

  • 15 Aprel, 2019
  • 3551 Baxış
16 aprel  Dünya Səs günüdür – Səsinizi qoruyun!
   Hər il 16 aprel tarixini Dünya otorinolarinqoloq-baş və boyun cərrahları, həmçinin digər "Səs” mütəxəssisləri "Dünya səs günü” kimi qeyd edirlər. Dünya səs günü kişiləri və qadınları, cavanları və yaşlıları səs sağlamlığına qiymət verməyə, onun düzgün qoruma yollarına əməl etməyə çağırır.
 
  Bununla əlaqədar müxtəlif konsertlər, simpoziumlar, radioproqramlar, seminarlar, səs üzrə ixtisaslaşan klinika və institutlarda həkimlər və rezidentlər üçün mühazirələr təşkil olunur.  Bütün tədbirlər "Dünya səs günü”nün rəsmi platforması olan www.world-voice-day.org saytında qeydiyyatdan keçirilir. 

  Medicina.az xəbər verir ki, bu il də sosial şəbəkələrdə 50-dən artıq ölkə 375-dən çox müxtəlif tədbirlərlə bu çağırışa qoşuldu. Azərbaycan  da artıq 5 ildir bu ölkələr sırasındadır. Ölkəmiz 2014-cü ildə Ə.Əliyev adına Az DHTİ-nin otorinolarinqologiya kafedrası və kafedranın dosenti Ramil Həşimlinin təşəbbüsü sayəsində "Larinqostrboskopiya və səs terapiyası” adlı interaktiv mühazirə ilə dünya miqyaslı tədbirə qoşuldu. Sonrakı illərdə bir çox tədbirlərlə bu günün əhəmiyyəti geniş publikaya çatdırılamaqda davam edir.

  "Dünya səs gününün” qısa tarixçəsinə nəzər salaq. İlk dəfə olaraq, 1998-ci ildə Brazilyada bu tədbir "Brazilya larinqologiya və səs cəmiyyətinin” təşəbbüsü ilə "Brazilya səs günü” kimi qeyd edilməyə başlanıldı. Sonradan bu tədbirə Arqentina, Portuqaliya və  digər portuqal dilli ölkələr qoşuldu. Artıq "Braziliya səs günü” beynəlxalq səpgidə qeyd edilməyə başladı. 2002-ci ildə isə Amerika otorinolarinqologiya – baş və boyun cərrahiyyəsi akademiyası rəsmi olaraq bu tədbiri tanıdı və "Dünya səs günü” adlandırdı. Bu tədbirin keçirilməsinin əsas məqsədi yuxarıda qeyd etdiyimiz kimi ictimaiyyətə səsin insan həyatindakı vacibliyini, əhəmiyyətini çatdırmaq və səsdə yarana biləcək problemlər haqqında informasiya verməkdir. 

Necə ki, gözlər qəlbin aynasıdır, səs də ruhun güzgüsüdür. Belə ki, insanın səsini eşidərək bizdə onun yaşı, cinsi, psixo-emosional vəziyyəti, xarakteri haqqında ilkin məlumat yaranır. Bu baxımdan səsi insanın "vizit kartı” da adlandırmaq olar. 

Müasir cəmiyyətimizdə səs emosional komunikasiyada önəmli rol oynayan bir vasitədir. Məsələn, bir insan digərini öz səsiylə valeh edə, qıcıqlandıra, sakitləşdirə bilir. Səsin gündəlik həyatımızda, işimizdə əhəmiyyətini və vacibliyini yalnız səsdə problemlər yarananda dərk edirik. Səsimizdə problem yaranmaması üçün səsə ziyan verən vərdişlərdən uzaq durmamız lazımdır. Bunlara qışqırmamaq, yüksək səslə danışmamaq, səs küylü yerlərdə danışmamaq, mədə turşuluğunu artıran qidalardan (qazlı, kofeinli içəcəklər, sitrus meyvələri, süd məhsullar (pendir istisnadır), istiotlu, tomatlı qidalar, fastfood yeməkləri) uzaq durmaq, gün ərzində yetərincə (ən azı 2 litr ) su içmək, otağın rütubətinə nəzarət etmək və s. aiddir. Səsinizi qoruyun! 

VoiceDr Səs klinikasının həkimləri:
Dr.Kamil Süleymanov
Dr. Dilşad Şadlinskaya