Uşaqları vahiməyə salan dədə-baba sünnəti, yoxsa narkozla əməliyyat? - Özəl klinikalarda sedasiyalı sünnətin qiymətləri/ ARAŞDIRMA

  • 2018.12.26 15:21
  • 34030 Baxış
Uşaqları vahiməyə salan dədə-baba sünnəti, yoxsa narkozla əməliyyat? -   Özəl klinikalarda sedasiyalı sünnətin qiymətləri/ ARAŞDIRMA

Sünnətlə bağlı təzadlı fikirlər olsa da, psixoloqlar bu prosesin uşağın psixologiyasına mənfi təsir göstərdiyini, həta travmaya səbəb olduğunu sübut edib. Əvvəllər valideynlər bu proses zamanı uşağın travma almasına fikir verməsə də, son 10 ildə vəziyyət bir qədər dəyişib. 

Türkiyədən Azərbaycana gələn trendlə valideynlər elə həkim məsləhəti ilə doğulan körpələrini xəstəxanadaca sünnət etdirib evə gətirirlər. Belə olduqda körpə heç nə hiss etmir, yaddaşında heç bir travmatik iz qalmır. Uşaqların 1 yaşa kimi sünnət olunması da travma riskini azaldır. Amma Azərbaycanda ata, əmi, kirvə və həkimin uşağın əl-ayağını zorla tutub sünnət etdirməsi ənənəsi hələ də qalmaqdadır. Dünyada isə sünnət ənənəsi olan ölkələrdə son 3-4 ildir ki, uşaqların klinikada sedasiya, yəni anestezioloji metodla yatızdırılıb, yuxuda ikən sünnət əməliyyatı olunması prosesi həyata keçirilir və bütün həkimlər də məhz bu üsulu ən rahat, təhlükəsiz hesab edir.

Medicina.az Bakıda özəl klinikalarda anesteziya ilə sünnətin qiymətlərini və bu metodun üstünlüyünü araşdırıb.

Məıum olub ki, Leyla Şıxlınskaya klinikası, Respublika Diaqnostika Mərkəzində sünnətin qiyməti 150-180 manat arası dəyişir. RDM-dən bildirdilər ki, 1 yaşa qədər uşaqlar sedasiyasız sünnət olunur, 1 yaşdan yuxarı bütün uşaqlar anestezioloqun iştirakı ilə, sedasiya ilə cərrah tərəfindən sünnət olunur. Əməliyyat zamanı damarlar da yandırıldığından qanama riski az olur, yara tez sağalır, uşaq ayılan kimi evə göndərilir. 

Sorğu apardığımız klinikalar arasında ən bahalı sedasiyalı sünnət Mərkəzi Klinikada oldu: 300-400 manat arası. 

Uşaq cərrahı Toğrul Ömərov dünyanın qabaqcıl ölkələrində neçə illərdir, sedasiyalı sünnətin tətbiq olunduğunu, özü də yalnız bu metodla sünnət etdiyini bildirdi. O, bu metodun üstünlüklərindən danışdı: 

"Əslində bu, narkoz yox, sedasiyadır. 6 ayından sonrakı uşaqlar yad insan görən kimi qorxuya düşür, stress keçirir, o cümlədən həkim. Belə uşaqlarda hər hansı kiçik əməliyyatı icra etmək çox böyük psixoloji travma hesabına başa gəlir. Sedasiya olunduqda uşaq valideynin yanında yatır, gözünü açanda da valideynini görür. 

Uşaq həm yatır, həm də proses  tam ağrısızlaşır. Yerli keyidicilərdən istifadəyə gərək olmur. Çünki yerli vurulan inyeksiyalarda az hallarda toxumada nekroz yarana bilir. Üstəlik dəridə əlavə şişkinlik yaradır ki, bu da cərraha düzgün forma verməyə mane olur. Dəri uzun-qısa kəsilə bilər. 

6 aylığına kimi uşaq heç bir şey bilmədiyi üçün sedasiya olunmur, yerli keyitmə ilə icra olunur. 

Sünnətdən bir neçə saat sonra uşaq evə gedir”.

Cərrah bu əməliyyatın 150-200 manata başa gəldiyini də qeyd edib. 

Odur ki, valideynlər oğlan övladlarının sünnət məsələsini həm uşaq, həm də özləri üçün stress və problemə çevirməmək məqsədilə sedasiya ilə sünnəti seçə bilər. Əgər sedasiyalı sünnət varsa, uşağa əzab verməklə onun psixologiyasını zədələməyə gərək yoxdur.

AYGÜN