Uşaqlarda erkən cinsi inkişaf təhlükəlidir – Həkim rəyi

  • 2018.07.14 15:48
  • 50452 Baxış
Uşaqlarda erkən cinsi inkişaf təhlükəlidir –  Həkim rəyi

Medicina.az xəbər verir ki, ATU-nun Tədris Terapevtik Klinikasının endokrinoloqu Günay Cəbrayılova   hazırda aktual olan, xüsusilə qız uşaqları arasında geniş yayılmış vaxtından əvvəl cinsi inkişafın səbəblərindən danışıb:


"Vaxtından əvvəl cinsi inkişafı başlayan uşaqlar öz yaşıdlarına görə uzun olsalar da, inkişaflarının sonrakı dövrlərində qısa qalırlar.

Ona görə də bu vəziyyətdə olan uşaqlar mütləq həkim-endokrinoloqun müayinəsindən keçməlidir. Normal cinsi inkişaf qızlarda 8-13, oğlanlarda 9-14 yaş aralarında başlayır. Qızlarda cinsi inkişafın ilk əlamətləri süd vəzisinin böyüməsi və ardından da qasıq nahiyyəsinin və qoltuqaltı nahiyənin tüklənməsi ilə özünü göstərir. Son olaraq ilk aybaşı qanamasının başlamasıyla da sona doğru gedir. Oğlanlarda isə ilk əlamətləri xayaların böyüməsi, ardınca penisin böyüməsi, qasıq və qoltuqaltı tüklənmə, səsdə qalınlaşma, bədən əzələlərinində artma və yeniyetmə görünüşü ilə tamamlanır”.


Həkim-endokrinoloq qeyd edib ki, bu əlamətlərin qızlarda 8 yaşından, oğlanlarda 9 yaşından əvvəl başlaması vaxtından əvvəl cinsi inkişafa dəlalət edir.


"Vaxtından əvvəl cinsi inkişafın səbəbləri kimi nəticələri də ürək açan deyildir. Günümüzdə bu mənzərə ilə qızlarda daha tez-tez rastlaşırıq. Səbəblərə nəzər salsaq görərik ki, vaxtından əvvəl cinsi inkişafın başlaması ya mərkəzlə yəni beyinlə ya da periferiya ilə əlaqədardır.  Təəssülər olsun ki, az rast gəlsə də səbəblər arasında beyində və ya mərkəzi sinir sistemində əmələ gələn şişlər, doğum zamanı ortaya çıxan hidrosefaliya, menengit və ya ensefalit də vardır. Həm qız, həm də oğlan uşaqlarında periferik səbəblər böyrəküstü və hipofiz vəzlərindəki şişə bağlı olaraq, artıq miqdarda esterogen və testesteron istehsalı, esterogen və testesteronun krem və ya məlhəm şəklində artıq miqdarda qəbulu ilə özünü göstərir. Qızlarda periferik səbəblər arasında yumurtalıq kistaları və yumurtalıq şişləri də yer alır”.


Vaxtından əvvəl cinsi inkişafın səbəbini anlamaq üçün bu problemin nəyin başlatdığını bilməyin vacib olduğundan bəhs edən pediatr-endokrinoloq, son zamanlarda uşağın yaşadığı stress və ya dəyişiklikləri müşahidə edərək, istifadə edilən vitamin və ya hormon dərmanlarına diqqət etməyin önəmini vurğulayıb. Eyni zamanda uşaqların boy inkişafının da həkim-endokrinoloq tərəfindən nəzarətdə saxlanılmasının vacibliyini qeyd edib.


Uşaqlarda vaxtından əvvəl cinsi inkişafın nəticələri nə ola bilər:


 "Vaxtından əvvəl cinsi inkişafı başlayan uşaqlar başlanğıcda sürətlə uzanıb yaşıdlarından uzun olur. Amma normal inkişaf edən uşaqlara nəzərən sümüklərin inkişafı sürətlə başlayıb, vaxtından əvvəl dayanır. Nəticədə bu uşaqların boyu yetkinlərə görə daha qısa qalır. Vaxtında və düzgün müalicə isə uşaqların boyunun qısa qalmasını əngəlləyərək, normal inkişafına şərait yaradır”.

 

 


Uşaqlarda erkən cinsi inkişaf təhlükəlidir –  Həkim rəyi