Uşaqlarda iştahsızlığın 3 ƏSAS SƏBƏBİ - Vitaminlər xeyirdən çox, zərər verir…

  • 2018.05.26 13:15
  • 51225 Baxış
Uşaqlarda iştahsızlığın 3 ƏSAS SƏBƏBİ -  Vitaminlər xeyirdən çox, zərər verir…
"Uşaqlarda müşahidə olunan iştahsızlığın 3 əsas səbəbi var və bunu aradan qaldırmaq üçün iştahaçıcı vitaminlərə üz tutmaq lazım deyil”. 


Bu sözləri Medicina.az-a açıqlamasında pediatr-allerqoloq Xəyalə Quliyeva deyib. O, iştahsızlığın səbəblərini də açıqlayıb:


"Əsas 3 səbəbi var. Həqiqi iştahsızlıq. Yəni hansısa xəstəlikdən yaranır. Düzgün qidalanmamaq və psixoloji səbəblər. Adətən 1 yaşa qədər olan körpələrdə iştahsızlığın səbəbi qanazlığı və diş çıxarma müddəti ola bilər. Əgər iştahsızlığın səbəbi diş çıxarmadırsa  bu zaman müalicə etməyə ehtiyac yoxdur. Bir müddətdən sonra öz-özünə düzələcək. Əgər qanazlığıdırsa bu problem həkim rəyi əsasında aradan götürülməlidir. Bu zaman iştahsızlıq problemi də qalmayacaq”.


Mütəxəssis hansı xəstəliklərin iştahsızlıq yaratdığından bəhs edib.


"İştahsızlıq xəstəlik deyil hansısa xəstəliyin əlamətidir.1 yaşdan yuxarı uşaqlarda adətən qurd xəstəlikləri buna səbəb ola bilər. Bunu qeyd edim ki, iştahsızlıq qurd xəstəliyinin sadəcə bir əlamətidir.


Bundan əlavə olaraq allerjik uşaqlarda da iştahsızlıq yarana bilər.


İştahsızlığa səbəb olan əsas xəstəliklərdən biri sidik yolu infeksiyalarıdır. Bu zaman da iştahsızlıq xəstəliyin bir əlaməti kimi yarana bilər. Əgər səbəbsiz yerə qızdırma yüksəlirsə, yəni 38 dərəcədən yuxarı olarsa, uşaqda digər heç bir problem aşkar edilməssə bu zaman sidik yolu infeksiyası düşünülə bilər.

Həmçinin qulağ ağrıları, D vitamini defisiti zamanı da iştahsızlıq yarana bilər”,-deyə Quliyeva vurğulayıb.


Pediatr, dərmanlara üz tutmağın faydadan çox zərəri olduğunu qeyd edib:


"İştahsızlığın səbəbləri araşdırılmalıdır. Əks halda dərmanlar daha çox zərər verər. Əgər iştahsızlıq artıq boy və çəki artımında ləngimə yaradırsa bu zaman tədbirlər görülməlidir”.


Yanlış qidalanmadan bəhs edən pediatr 6 aydan sonra körpələrə ana südündən əlavə qidaların verilməsinin vacibliyindən danışıb:


"İlk 6 ay ana südünü tövsiyə edirik. Təbii ki bu yetmədikdə əlavə hazır qida (smes) verilə bilər. Ana südünün yetib-yetmədiyinə belə həkim nəzarətində qərar verilməlidir.


Ancaq 6 ayın tamamında əlavə qidaya ehtiyac var. Əgər uşaq 8 aylıqdırsa və hələ də əlavə qida, yəni sup, kaşa yemirsə, bu onda iştahsızlıq yarada bilər. Çünki uşaq ancaq smesə və ya ana südünə öyrəşdiyi üçün  əlavə qidanı qəbul etməyə bilər. Bu səbəbdən zamanında əlavə qidaya keçid lazımdır”,-deyə Xəyalə xanım bildirib.

 

Şəhanə Quliyeva