ATU klinikasında xəstənin beynindən iri şiş uğurla çıxarılıb

  • 15 Aprel, 2019
  • 3138 Baxış
ATU klinikasında xəstənin beynindən iri şiş uğurla çıxarılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında mürəkkəb beyin əməliyyatı icra olunub.
 
Əməliyyat barədə məlumat verən klinikanın Neyrocərrahiyyə şöbəsinin müdiri, assistent Fərid Qaralov bildirib ki, pasiyent ciddi baş ağrıları və sol gözdəki zəifliklə bağlı onlara müraciət edib.
 
"42 yaşlı pasiyentdə beynin MRT-si və  görmə testi aprıldı. Xəstənin beynində sol sfinoid qanadda - sol əsas sümüyün qanadında böyük həcmli törəmə aşkarlandı. Bu meningiyomanın götürülməsi üçün xəstənin əməliyyatı olunmasına dair qərar verildi”. 

Həkim bildirir ki, əməliyyat riskli olub. Çünki əməliyyat zamanı  "karotis” adlandırılan şah damarın zədələnməsi ehtimalı, böyük damar yaralanması, görmə sinirinin qopması kimi təhlükələr varmış. Lakin 5 saata yaxın davam edən əməliyyat uğurla nəticələnib. Hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir, xəstə 4 gün xəstəxanada qaldıqdan sonra evə buraxılacaq.