2 yaşlı Nəzrinin müəmmalı ölümü – Niyə sınıqçıya, çöpçüyə möhtac oluruq?

  • 2024.09.10 10:10
  • 1250 Baxış
2 yaşlı Nəzrinin müəmmalı ölümü –  Niyə sınıqçıya, çöpçüyə möhtac oluruq?
Xəbər verdiyimiz kimi, sentyabrın 7-də Biləsuvar rayonunun Bəydili kəndində sınıqçı kimi tanınan 1961-ci il təvəllüdlü Nərgiz Şahverən qızı İmanova yaşadığı evdə Biləsuvar şəhər sakini, 2022-ci il təvəllüdlü Nəzrin Emin qızı Qubadlının sümüklərini masaj edərkən azyaşlının vəziyyəti pisləşib. Nəticədə 2 yaşlı N.Qubadlı ölüb.

Uşağın atasının sözlərinə görə, Nəzrin axsadığına görə sınıq və ya çıxığın olduğunu düşünüb xəstəxanaya aparıblar:

“Rentgen müayinəsindən sonra bildirildi ki, belə bir problem yoxdur, damar dolaşması uşaqda narahatlıq yaradar. Bundan sonra masaja görə Nərgiz İmanovanın yanına apardım və o, uşağı sağaldacağını boynuna götürdü. İkinci gün masaj zamanı uşaq ağrıdan şok keçirərək öldü”.

Azyaşlının babası Mirkərim Qubadov isə uşağın çarmıxa çəkildiyini iddia edib:

“Birinci seansdan sonra səhərə qədər yatmayan uşağı ikinci dəfə sınıqçıya aparıblar. Uşaq məhz çarmıxa çəkildiyi üçün dayanmadan ağlayıb. Bu, masaj deyil, kiminsə sözünə uyub apardılar onun yanına”.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb.

Bəs uşaqları masaj etmək olarmı? Valideynlər nələrə diqqət etməlidirlər? Pediatrlar bu barədə nə düşünürlər?




Məsələ ilə bağlı pediatr Vaqif Qarayev Bakupost.az –a açıqlama verib.

Onun sözlərinə görə, 2 yaşlı Nəzrinin ölüm səbəbi çox müəmmalıdır, araşdırılma aparılmalıdır:

“2 yaşlı uşağın yerişindəki problem həmin gün, və ya əvvəldən ortaya çıxıbsa belə, onu masaja, sınıqçıya aparmaq nədir?! Bu gün biz nəyə görə, falçıya, çöpçüyə, sınıqçıya möhtac qalmışıq?! Ata bir söz deyir, babası başqa söz. Körpə bir uşağı çarmıxa çəkmək nə deməkdir?! Bir valideyn, həkim kimi adam lap dəli olur”.


Pediatr qeyd edib ki, masajı həkim təyin etməlidir:


“Sınıqçı haradan bilir ki, masaj nəyə olunmalıdır, niyə olunmalıdır? Masajı peşəkar insanlar etməlidirlər. Bir var ki, ümumi masaj onu hamı edir. El dilində “kürəyimi ovmaq” kimi deyim var, odur. Bir də var, ayrı-ayrı qrup əzələlərinin peşəkar masaj olunması. Biz də bəzən əzələlərin möhkəmlənməsi üçün masaj təyin edirik. Amma bunu həkim təyin etməlidir. Masajı edən isə peşəkar insan olmalıdır. Uşağın yerişində problem olubsa, rentgenində sınıq çıxmasa da, yenə də həkimə qayıtmalı, ondan dəstək almalıdır”.


V. Qarayev vurğulayıb ki, 1 yaşına qədər uşaqlar aybaay həkim nəzarətində olmalıdırlar:


“Hər ay həkim uşağın fiziki və psixi inkişafını dəyərləndirməlidir. Məsələn, 1 yaşlı uşaq gəzmirsə, ayağa durmursa, deməli problem var. Həkim axtarıb səbəbini tapmalıdır. Fiziki inkişaf göstəriciləri geri qalırsa, problem varsa, mütləq həkimə getməlidirlər. Masaj son yanaşmadır. Əgər dərman müalicəsinə ehtiyac yoxdursa, masajla problem həll olunacaqsa, o zaman həkim masaj təyin edə bilər. Uşağın yerişində problem nə zamandan yaranıb? Rentgenə kim göndərib? Sınıqçıya kim yönəldib? Bu sualların cavabı verilməlidir. Çarmıx məsələsi isə məni lap dəli etdi...”.