Azərbaycanda diabetik ayaq kabinetləri niyə yoxdur? - Ayaqdakı yaralar əlilliyə aparır- ARAŞDIRMA

  • 2018.10.08 15:13
  • 21102 Baxış
Azərbaycanda diabetik ayaq kabinetləri niyə yoxdur?  -   Ayaqdakı yaralar əlilliyə aparır- ARAŞDIRMA

Epidemioloqlar 2025-ci ilə kimi diabet xəstələrinin sayının dünyada 330 milyona çatacağını proqnozlaşdırır. Bu dəhşətli rəqəmdir. Məlumatlara görə, 25 % diabet pasiyentlərində ömürləri boyu bir dəfə olsa aşağı ətrafların trofiki, neyropatik, işemik yarası inkişaf edir. 80% hallarda dabanın trofiki xorasında amputasiya qərarı alınır.


Medicina.az xəbər verir ki, dibaetik ayaq sindromunun ağırlaşması və xora, nekroz, qanqrena səbəbindən hər il dünyada minlərlə insan ayağını itirib əlil olur. Azərbaycanda da son dövrlər diabetik yara və qanqrenadan əziyyət çəkənlər artıb. Buna səbəb 20 il bundan əvvəl diabetə yoluxmuş nəslin 60-70 yaşa çataraq arteriya damarlarının demək olar ki, tam tutulması, ateroskleroz səbəbindən diabetik yara ilə üz-üzə qalmasıdır. 


Dünya təcrübəsində diabet xəstələrinin vaxtında bu problemlərdən profilaktikası üçün çox maraqlı metodika var. İstər dövlət, istər özəl tibb sahələrində xüsusi Diabetik ayaq kabineti adlı kabinetlər fəaliyyət göstərir. 

 



Diabetik kabinetin missiyası nədir?

 

Araşdırmamız nəticəsində məlum oldu ki, Rusiya, Ukrayna, Türkiyə, Avropada iri klinikaların çoxunda belə kabinetlər var. Rusiyada hər əyalətdə xüsusi otaq ayrılıb, burda yalnız diabet xəstəsinin ayaqları yoxlanılır, yara varsa təmizlənir, müalicə edilir.


Kabinetdə həkim endokrinoloq, fleboloq, podiatr və ya bunlardan biri çalışır, onlar xəstənin azı 3 aydan bir ayaqlarını yoxlayır. Dinamik, fərdi yanaşma nəticəsində diabet xəstəsində ateroskleroz, nekroz, neyropatiyanı ilk mərhələdə aşkar etmək olur. 


Xəstənin dırnaqları xüsusi aparatla tutulur, dabanı təmizlənir, çünki diabet xəstəsinin ayaq qulluğu fərqli olmalıdır. Burda kiçik bir səhv böyük problemlər yarada bilər.

 

 


Diabetik ayaq sindromunun əsas müayinə metodları neyropatiyanın təyini, damar doplleri, angioqrafiya, kompüter tomoqrafiyası, rentgen və müəyyən analizlərdir. Elə kabinetlər var super təminatlıdır, elə kabinetlər var sadəcə həkim və sadə müayinə vasitələrindən ibarətdir. İstənilən halda bir diabet xəstəsinin ayağını göstərəcək ünvanı var. 


Diabetik ayaq kabinetində həmçinin xəstənin ayağının vəziyyətinə uyğun qulluq təyin olunur, diabetik ayaq üçün corablar, ortopedik ayaqqabılar və s. tövsiyə olunur. 


 

Ayaqda, əllərdə yanıq, yara, sıyrılma, əzik varsa mütləq bu kabinetdə baxılır. Diabetik ayaq sindromu o qədər təhlükəli, həssas problemdir ki, onu aptekdəki satıcının, qohum-qonşunun, hətta sahə həkiminin belə məsləhəti ilə həll etmək olmaz. 



Bəs Azərbaycanda niyə hələ də Diabetik kabinet yoxdur? 


Azərbaycanda Diabetik Ayaq kabinetləri yoxdur. Ümumiyyətlə, poliklinikalara şəkər dərmanları əldə etmək üçün hər ay müraciət edən xəstələrin nə özləri ayaqlarına baxdırmaq barədə düşünür, nə də uzun pasiyent növbələrini yola salan həkim endokrinoloqun buna vaxtı və gücü çatır. 


Mövzu ilə bağlı azsaylı mütəxəssislərdən bir neçəsinin fikrini öyrəndik, hansı ki, onlar böyük xəstə axını qarşısında bacardıqca diabetik pəncə ilə  mübarizə aparırlar. 

 

 

 


"Əgər poliklinikalarda sadə bir diabetik ayaq kabineti açılsa,

10 xəstədən 8-9-nu xilas etmək olar”.


Bir neçə ildir Azərbaycanda podiatriya və diabetik ayaq problemi üzrə ixtisaslaşmış mərkəzin rəhbəri fleboloq-cərrah Vüqar Fəttah- Pur Azərbaycanda Diabetik ayaq kabinetlərinin açılmasına çox böyük ehtiyac olduğunu və bu sahə üzrə çatışmayan podiatr kadrları yetişdirməyə kömək edə biləcəyini açıqladı:

 

 

 


"Diabetik ayaq nəinki tibbi, həm də sosial problemdir. Bu əlilliyə səbəb ola bilir. Bir ölkədə insanın əlil olması həm dövlətin xərclərini artırır, həm də bu insanların həyatını çətinləşdirir. 

 

Diabet  xəstələri ilə daha çox endokrinoloqlar görüşür. Hazırda endokrinoloqların hər bir pasiyentin ayağı ilə məşğul olmağa fiziki imkanı yetmir, çünki poliklinikalarda 1 endokrinoloq olur. 

Yaxşı olar ki, endokrinoloqların sayı artırılsın, bir endokrinoloq da pasiyentlərin ayaqları ilə məşğul olsun. Endokrinoloq risk altında olan xəstələri ayırd etməlidir: kimdə neyropatiya var, kimdə angiopatiyadır?. Buna əsasən xəstəni ciddi müayinələrə yönəltməlidir.

 

İldə bir dəfə diabet xəstələri ayaq müayinəsindən keçməlidir. Bəs xəstə hara getsin? Bu zaman diabetik ayaq kabinetlərinin olması şərtdir. Pasiyent yaşadığı ərazi üzrə kabinetə müraciət etməlidir.  Bu kabinetlər hər regionda olsa yaxşıdır. 


Əgər poliklinikalarda sadə bir diabetik ayaq kabineti açılsa, 10 xəstədən 8-9-nu xilas etmək olar. Mütəxəssis səriştəlidirsə, o kabinetdə heç bir bahalı instrumental cihaz olmasa belə,  müayinə ilə xəstənin hansı problemi olduğunu təyin edə bilir. 


Bizim mərkəzdə heç bir yerdə olmayan  bazu-baldır indeksini ölçən cihaz var. Biz bu aparatla 5 dəqiqəyə təyin edirik ki, pasiyentdə neyropatiyadır, yoxsa diabetik angiopatiyadır, damarlar nə yerdədir? Yara müəyyən olunur və ondan sonra müalicə sxemi seçilir”


Bu gün daha çox rast gəlinən problemlimiz diabetik ayaq sindromunu tam anlamayan tibb işçilərinin sovet dövründən qalma müayinə, müalicə üsullarını tətbiq etməsidir. İşemik diabetik ayağı olan xəstəyə müxtəlif sistemlər, bud arteriyasına dərman yeridilməsi üsulu dünyanın heç bir ölkəsində tətbiq olunmur. Bu metod postsovet respublikalarında qalıb". 



Həkim podiatrların çatışmazlığı probleminin həllində kömək edə biləcəklərini bildirdi:

 

"Azərbaycanda podiatrlar çatışmır. Biz  bu kadrları yetişdirə bilərik. İstər tibb universitetini yeni bitirmiş kadrlar, istər poliklinikalarda işləyən cərrahlar, endokrinoloqlar. Təki öyrənmək istəyi olsun.   Lap 100 nəfər öyrədərik. 


Bir xahişim də var, yerlərdə terapevtıər, cərrahlar, endokrinoloqlar diabetik pəncə ilə bağlı müasir müayinə və müalicələri  bilmirlərsə, xəstə ilə məşğul olmasınlar, sadəcə xəstəni podiatra  yönəltsinlər və açıq bildirsinlər ki, səndəki bu problem ayağını itirməyə aparıb çıxarır. Diabetik pəncə sindromunda vaxt qızıldır, hər itirilən gün amputasiyaya bir addımdır”.

 



"Damar okluziyasından xilas olmaq mümkündür.

Biz invaziv radioloji əməliyyatla 100 xəstədən 95-ini xilas edə bilmişik” 


 

Radioloq Ruslan Əliyev diabet xəstələrinin bu istiqamətdə maariflənməsinin vacibliyini qeyd etdi. Onun sözlərinə görə Diabetik kabinetlərin olmaması xəstələrin vəziyyətlərinin ağırlaşmasına səbəb olur. Həkim əvvəlki illərə nisbətən ayağında yara olan xəstələrin invaziv müdaxilə ilə damarlarını açdırmaq üçün çox müraciət etdiyini bildirdi:

 


 

"Diabetik ayaq miltidisplinar yanaşma tələb edən bir problemdir. Yəni xəstənin dermatoloq, endokrinoloq, fleboloq, cərraha müraciət etməsindən asılı olmayaraq, konsilum edib problemin həllinə yanaşmaq lazımdır. Ayaqda yara varsa, bu yaranın mənşəyi müxtəlif ola bilər. O demək deyil ki, bütün qanqrenaların kökündə damar problemi durur. 


Diabetik angiopatiyadan şübhələndikdə daha müasir müayinə metodu- ABİ tətbiq olunmalıdır. Bu zaman ayaq və qoldan təzyiqin xüsusi aparatla ölçülməsi və fərqləndirilməsi aparılır.  Əksər diabet xəstələrində aşağı ətraflara qan dövranı pozulduğundan işemik xarakterli yaralar əmələ gəlir. Damarların tutulması-okluziyası hər 10 xəstədən 4-5-ində rast gəlinir. 

 

Damar okluziyasından gecikmədən müraciət etdikdə xilas olmaq mümkündür. Biz invaziv radioloji əməliyyatla damarı tutulmuş və amputasiyaya göstəriş olan 100 xəstədən 90-nı xilas edə bilmişik.  Total okluziyalı, yəni arteriyaları 100% tutulmuş xəstələrimiz də olub ki, əməliyyata almıışıq 


Əgər diabetik xəstədə damarların 70-80% tutulması aşkar olunubsa, yara, nekroz yaranacağını gözləmədən, o damarlar açılmalıdır ki,  aşağı ətrafların qan dövranı bərpa olunsun, gələcəkdə problem yaşanmasın. 


Hansı xəstələrə kömək edə bilmirik: çox gecikmiş hallarda, nekroz sümüklərə çatıbsa, amputasiya qaçılmaz olduqda. Amma bəzən amputasiya olunacaq nahiyədən asılı olaraq da damarlarının açılması həyata keçirilməlidir. Dizaltı nahiyədən amputasiya olanda oynağı qorumaq üçün ayaqdakı damarlar açılmalıdr. 


Təəssüf ki, bir çox həkimlər ayaqdakı xırda bir yaraya görə dizüstü amputasiyanı məsləhət görürlər. Dizüstü amputasiya xəstə üçün arzulunmazdır və ən son addımdır. 


Amputasiya olunmuş xəstələr psixoloji olaraq həm özlərinə, həm ailələrinə zərbə vururlar. Təəssüf ki, bəzən amputasiya olunmuş xəstələr sonradan uzun müddət yaşamır, ömürləri kifayət qədər qısalır. ”. 

 

 



Həkim ayağı qanqrenadan qorumaq üçün əsas xəstənin üzərinə məsuliyyət düşdüyünü bildirdi: 


"Hər bir xəstənin ilk olaraq həkimi özü olmalıdır. Diabet xəstəsi 6 aydan bir rutin müayinələrdən və ayaqların yoxlanmasından keçməlidir. İndi maddi vəziyyəti, bir çox müayinələrin baha olmasını nəzərə alıb, qeyd etdiyim ABİ müayinəsindən 10-20 AZN-ə keçmək olar.

 

Yanvar ayından icbari tibbi sığorta proqramına keçiddən sonra təbii ki, arzuolunmaz hallar azalacaq. Vətəndaşlar vaxtında müayinələrdən keçəcək. Hesab edirəm ki, digər ölkələrdə olduğu kimi bizdə də Diabetik ayaq kabinetləri çoxalacaq. 


Yerli xəstəxana və poliklinikalarda çalışan həkimlər bilməlidir ki, ağır okluziyalarda yeganə xilas yolu invaziv müdaxilədir. Bu metodla Azərbaycanda uğurlu əməliyyatlar icra olunur. Sadəcə sistem, inyeksiya, tabletlərlə diabetik pəncəni xilas etmək olmaz.  Ona görə xəstələri vaxt itirmədən  angioqrafiya müayinəsinə və invaziv radioloqa yönəltməlidirlər”.


 


Rayonlarda endokrinoloq çatışmır, ən çox xəstələr də bölgələrdən gəlir


Fleboloq, podiatr Əşrəf Həsənzadə bildirdi ki, Azərbaycanda podiatrik xidmət hələ yeni yaranır. Bütün ölkədə tam podiatr kimi cəmi 10-12 nəfər fəaliyyət göstərir, bu da çoxsaylı diabet xəstələri üçün azdır. 

 



"Səhiyyə Nazirliyinin əmri ilə açılmış Xüsusiləşdirilmiş Angioloji Mərkəz bu xəstələrə yardım edir. Ümumiyyətlə, dövlət nəzdində 2 ünvan  bu sahə üzrə ixtisaslaşmış yardım göstərir: Angioloji mərkəz və Respublika Endokrinoloji mərkəz. 


Lakin bir çox rayonlarda endokrinoloqlar çatmır. Ona görə daha çox bölgələrdən gecikmiş mərhələdə diabetik yaraları olan pasiyentlər gəlir. 

Yaxın gələcəkdə belə kabinetlərin və xidmətlərin sayının artmasına ehtiyac var”.


Mövzumuzun yekunu olaraq Azərbaycanda dövlət tərəfindən Diabetli xəstələrin profilaktikası, müayinə və müalicəsi proqramına Diabetik ayaq sindromunun müayinə-müalicəsi və diabetik ayaq kabinetlərinin təşkili məsələsi daxil edilməli, istər özəl, istər dövlət tibbi sektorunda Diabetik ayaq kabinetlərinin açılması sürətləndirilməlidir. Yalnız bu halda Azərbaycan vətəndaşlarının ayağındakı bir yara səbəbindən əlil olmasının qarşısını almaq mümkün olacaq.

 


AYGÜN MUSAYEVA
Azərbaycanda diabetik ayaq kabinetləri niyə yoxdur?  -   Ayaqdakı yaralar əlilliyə aparır- ARAŞDIRMA
Azərbaycanda diabetik ayaq kabinetləri niyə yoxdur?  -   Ayaqdakı yaralar əlilliyə aparır- ARAŞDIRMA
Azərbaycanda diabetik ayaq kabinetləri niyə yoxdur?  -   Ayaqdakı yaralar əlilliyə aparır- ARAŞDIRMA
Azərbaycanda diabetik ayaq kabinetləri niyə yoxdur?  -   Ayaqdakı yaralar əlilliyə aparır- ARAŞDIRMA
Azərbaycanda diabetik ayaq kabinetləri niyə yoxdur?  -   Ayaqdakı yaralar əlilliyə aparır- ARAŞDIRMA
Azərbaycanda diabetik ayaq kabinetləri niyə yoxdur?  -   Ayaqdakı yaralar əlilliyə aparır- ARAŞDIRMA
Azərbaycanda diabetik ayaq kabinetləri niyə yoxdur?  -   Ayaqdakı yaralar əlilliyə aparır- ARAŞDIRMA
Azərbaycanda diabetik ayaq kabinetləri niyə yoxdur?  -   Ayaqdakı yaralar əlilliyə aparır- ARAŞDIRMA
Azərbaycanda diabetik ayaq kabinetləri niyə yoxdur?  -   Ayaqdakı yaralar əlilliyə aparır- ARAŞDIRMA
Azərbaycanda diabetik ayaq kabinetləri niyə yoxdur?  -   Ayaqdakı yaralar əlilliyə aparır- ARAŞDIRMA
Azərbaycanda diabetik ayaq kabinetləri niyə yoxdur?  -   Ayaqdakı yaralar əlilliyə aparır- ARAŞDIRMA
Azərbaycanda diabetik ayaq kabinetləri niyə yoxdur?  -   Ayaqdakı yaralar əlilliyə aparır- ARAŞDIRMA
Azərbaycanda diabetik ayaq kabinetləri niyə yoxdur?  -   Ayaqdakı yaralar əlilliyə aparır- ARAŞDIRMA