Azərbaycanda Kök Hüceyrə Mərkəzlərinə ehtiyac var - 7 milyon AZN vəsait lazımdır

  • 2019.04.03 14:57
  • 13305 Baxış
Azərbaycanda Kök Hüceyrə Mərkəzlərinə ehtiyac var -  7 milyon AZN vəsait lazımdır
  "Azərbaycanda Kök Hüceyrə Mərkəzinin yaradılmasına böyük ehtiyac var. İnkişaf etmiş ölkələrdə, hətta az inkişaf etmiş ölkələrdə belə mərkəzlər var. O cümlədən postsovet ölkələrin əksəriyyətinə, Rusiyada, Ukraynada, Gürcüstanda kök hüceyrə mərkəzləri var".

 

Medicina.az xəbər verir ki,  bu sözləri  Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor  Nuru Bayramov Ona.az-a müsahibəsində qeyd edib. 

 

"Yaxın Türkiyə bu sahədə çox irəliyə gedib. Avropa ölkələrinin hamısında Kök Hüceyrə Mərkəzi var. Çin bu sahədə çox böyük işlər görməkdədir. Tailand və Koreya da bu istiqamətdə böyük irəliləyişlər əldə ediblər. Təbabətin gələcəkdə əsas istiqamətlərindən biri regenerativ təbabət dediyimiz sahədir. El dili ilə desək. Artıq kök hüceyrələr vasitəsi ilə müəyyən orqanları, toxumaları əldə etmək və onların vasitəsi ilə sıradan çıxmış, fəaliyyət göstərməyən orqanları əvəz etmək mümkündür. Ölkəmizdə də buna çox böyük ehtiyac var.  Kök Hüceyrə Mərkəzi olmadan təbabətin müasir səviyyəsinə çatmaq mümkün deyil.


Belə bir mərkəzin açılması üçün başlanğıcda maliyyə vəsaiti lazımdır. Dünyada Kök Hüceyrə Mərkəzinin yaradılması üçün böyük təcrübə var. Kök Hüceyrə Mərkəzini yaradan, quran şirkətlər də var. Sadəcə, sifarişini verirsən, gəlib Kök Hüceyrə Mərkəzini qururlar. Kök Hüceyrə Mərkəzi nədən ibarətdir? Mərkəzdə kök hüceyrə yetişdirmə laboratoriyası, tədqiqat laboratoriyası, klinik tətbiq bölməsi olur. Yəni standartları, yolu, qaydası məlumdur. Əvvəllər Kök Hüceyrə Mərkəzini yaratmaq çox baha idi, 20-30 milyon dollar tələb olunurdu. Bu gün Kök Hüceyrə Mərkəzi yaratmağın xərcləri də azalıb, 10-15 milyon dollara ən müasir səviyyəli Kök Hüceyrə Mərkəzi qurmaq olar. Hətta başlanğıc üçün 5-7 milyonla da Kök Hüceyrə Mərkəzi yaratmaq olar".