- “100 il də yaşaya bilər, adi qripdən ciddi xəstələnə də...”Balaca böyrəklə doğulanların həyatı riskdədir?

  • 2018.12.28 16:25
  • 13867 Baxış
 - “100 il də yaşaya bilər, adi qripdən ciddi xəstələnə də...” Balaca böyrəklə doğulanların həyatı riskdədir?


 

Saytımızın "Həkimə sualınızı verin” "chat” bölməsinə ünvanlanan maraqlı suallardan biri də anadangəlmə kiçik böyrəyin həmin şəxsin həyatı üçün təhlükəli olub-olmamasıdır. 


Sualın cavabının oxucularımız üçün də maraqlı olacağını nəzərə alaraq Medicina.az uroloq-androloq Zaur Ağayevə müraciət edib. 


Mütəxəssis bildirib ki, böyrək anadangəlmə kiçik olarsa, ilk növbədə onun fəaliyyətini diqqətlə müayinə etmək lazımdır: "Əgər kiçik ölçüdə olmasına baxmayaraq, böyrəklər normal fəaliyyət göstərirsə, o zaman bu, təhlükəli hesab edilmir. Böyrəyin komponentləri düzgün fəaliyyət göstərirsə, böyrək çatışmazlığı müşahidə olunmursa, kreatin və azot göstəriciləri normadadırsa və ağrı müşahidə edilmirsə, o zaman belə insan hətta 100 il də yaşaya bilər.

 

İnsanın hələ uşaq yaşlarından sadə bir USM müayinəsi vasitəsilə və sidik analizi ilə böyrəklərin inkişafının hansı tempdə getdiyini aydınlaşdırmaq mümkündür. Burada əsas məsələ bu problemin insanı narahat edib-etməməsidir. Çünki bir problem müşahidə olunmadıqda kiçik ölçülü böyrəklə də normal həyat yaşamaq mümkündür”. 

 



Həkimin sözlərinə görə, uroloqlar öz praktikalarında yalnız böyrəklərin ölçüləri ilə bağlı anormallıqla rastlaşmırlar: "Məsələn elə xəstələr olur ki, onlar tək böyrəklə və ya  6, 8 böyrəklə dünyaya gəlirlər. Bəzən elə olur ki, 50 yaşında təsadüfi bir USM müayinəsində insanın anadangəlmə tək böyrəklə və ya çox böyrəklə dünyaya gəldiyi müəyyən edilir. Bu isə ondan xəbər verir ki, həmin yaşa qədər bu insan heç bir böyrək problemi yaşamayıb. Bu hala təxminən 500 insanda bir rast gəlinir. Çox maraqlıdır ki, qeyd olunan problemin irsi amillərlə heç bir əlaqəsi yoxdur. Yəni nəslində heç bir böyrək problemi yaşamayan insan da anadangəlmə olaraq bu hallarla qarşılaşa bilər. Lakin hidronefroz və ya polikistoz hallarında irsi amillər rol oynayır”. 


Z. Ağayev bildirib ki, insan böyüdükcə onun bütün xarici və daxili orqanları, o cümlədən də böyrəkləri də böyüyür: "Normal halda böyrəyin həcmi 28-35 sm arası hesab edilir. Yetkin insanın böyrəyinin həcminin 12-15 arası olması inkişafdan qalmadan xəbər verə bilər. Təəssüflər olsun ki, bu zaman heç bir müalicənin faydası yoxdur. Məsələn insanın barmağını və ya qulağını böyütmək mümkün olmadığı kimi, böyrəyin də böyüdülməsi mümkün deyil”. 


Uroloq deyib ki, böyrəkləri anadangəlmə olaraq normadan kiçik olan insanlar nefroloqda qeydiyyata düşməlidirlər: " Belə insanlar böyrəklərdə bir dəyişikliyin olub-olmamasını bilmək üçün ildə bir USM müayinəsindən keçməlidirlər. Kreatinin səviyyəsi ölçülməlidir. Bu cür xəstəlin böyrəklərində duz və daş xəstəlikləri olmamalıdır. Buna görə də vaxtaşırı olaraq müalicə almalı, özlərini soyuqdan qorumalı və qidalanmalarına ciddi nəzarət etməlidirlər. Belə xəstələrdə hətta adı bir qrip infeksiyası da ciddi fəsada səbəb ola bilər”.


Arzu

Medicina.az

 - “100 il də yaşaya bilər, adi qripdən ciddi xəstələnə də...” Balaca böyrəklə doğulanların həyatı riskdədir?