“Bənövşəyi körpələr: Əlimi buraxmayın...” - Həkim yazısı

  • 2018.11.19 15:50
  • 26792 Baxış
“Bənövşəyi körpələr: Əlimi buraxmayın...” -  Həkim yazısı
17 noyabr - Hər 1000 qram və daha da kiçik körpənin Albert Eynşteyn, Mark Tven, Volter olacağına inandığımız gündür


Hər il dünyada 15 milyondan çox körpə vaxtından əvvəl doğulur. Hamiləliyin 37-ci həftəsindən əvvəl dünyaya gələn körpələr vaxtından əvvəl doğulmuş olaraq qəbul edilir. Bu baxımdan Azərbaycanda da 2015-ci il yanvar ayından diri doğulma meyarları dəyişib. 23-cü həftədə doğulmuş körpələrə sağ qalma şansı verilərək, müvafiq tibbi müdaxilələr olunur, yaşaması zəminində addımlar atılır. Doğulmuş hər hansı körpənin ana bətnində olduğu müddət nə qədər az olarsa onun, həyata sağlam və cəmiyyətə faydalı fərd olaraq verilməsi, nəinki müasir, inkişaf etmiş səhiyyə sistemi ilə ayaqlaşan texnologiyanın, avadanlıqların olmasından və ixtisaslaşmış neonatoloqların, körpələrə qulluq edən tibb bacılarının işinin keyfiyyətindən asılıdır. Hətta nevroloji, oftolmoloji, kardioloji, reabilitoloji və bir sıra digər sahənin həkimlərinin vaxtında, vəziyyətə adekvat yanaşmasından asılıdır. Eyni zamanda ailənin psixoloji vəziyyətinin, ananın öz sağlamlığını qorumasının körpə sağlamlığı ilə birmənalı olaraq ciddi bağlılığının əhəmiyyətli vacib məsələ olduğunu təlqin etmək, təbii ki, biz neonatologların üzərinə düşür. Yaxın 10 -15 il əvvəllə müqayisə edərək, işimizə inam formalaşdırmaq mühümdür .Təəssüflə qeyd etməliyik ki, 28-ci həftədən kiçik hamiləlik müddətində doğulmuşların 25-30%-ə qədəri həyatda qalmır. Həyatda qalanların bir qisminə isə hətta ciddi reabilitasiya tələb olunsa da doğulmuş, hər az çəkili körpənin Albert Eynşteyn, Mark Tven, Volter olmayacağı hardan bəllidir ki, deyib özümüz bu dahi insanları hər 1000 qramlıq körpələrdə görməyi arzulasaq və bütün ətrafa bu şəkildə yanaşma aşılasaq, bu artıq vaxtından əvvəl doğulmuşun fərqinə varılması, diqqətə alınması baxımından görülmüş əhəmiyyətli bir iş olacaq. 

 



Doğuşun vaxtından əvvəl baş verməsi problem kimi, ilk dəfə 2008-ci ildə İtaliyada Avropa ailə təşkilatı tərəfindən qaldırılıb. Təşkilatın nümayəndələri, cəmiyyətin bu problemə diqqətini artırmaq üçün, həmin ildən 17 noyabr tarixini Ümumdünya vaxtından əvvəl doğulmuşlar günü olaraq qeyd etməyi irəli sürmüşdür. Lakin ilk dəfə 2009-cu ildə Vyana şəhərində professorlar Arnold Pollak və Angelika Berqer birlikdə işlədikləri tibb işçiləri ilə il ərzində Vyanada doğulmuş 500 prematür körpənin şərəfinə 500 şarı eyni anda səmaya buraxmaq üçün toplanıblar. 2010-cu il 17 noyabrda bu marafona daha 12 Avropa ölkəsi qoşulub. 2011–ci ildən etibarən 17 noyabr "Ümumdünya vaxtından əvvəl (prematürlər) doğulmuşlar” günü olaraq bütün dünyada geniş miqyasda qeyd edilir. Bu günün simvolu olan bənövşəyi rəng, sanki dünyaya sionotik doğulmuş körpənin diliylə "məni bənövşəyi görüb əlimi buraxmayın, yaşama şansımı əlimdən almayın” deyərək, sadəcə mənə daha diqqətli, daha bilgili həkim tibb personalına həvalə edilməsinin çağırışını edir. 


Azərbaycanda rəsmi olaraq 2015-cı ildən 17 noyabr Dünya vaxtından əvvəl doğulmuşlar günü kimi qeyd olunur. Bu bayram ilk dəfə 2016-cı ildə Respublika Perinatal Mərkəzində, daha sonra 2017-ci ildə Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutunda baş tutmuş və bayramın II hissəsində müxtəlif müəssisələrdən olan həkimlər maraqlı təcrübi –xəstəlik hekayələrini paylaşmışdılar. Bu il isə həmin günün Elmi Tədqiqat Pediatriya institutunda qeyd edildi. Bayramla yanaşı, Türkiyədən dəvət olunmuş tibb heyətinin iştirakı ilə keçirilən elmi-praktik konfrans həkimlərin savad və bacarıqlarının artırılması məqsədi daşıyırdı.

 

K.Fərəcova adına ETPİ-nin həkimi, Oksigen klinikası, neanatalogiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı


Medicina.az
“Bənövşəyi körpələr: Əlimi buraxmayın...” -  Həkim yazısı