"Epilepsiya xəstələrində tutmalar qəflətən baş verir" - Professor Şərif Mahalov

  • 2019.03.26 15:31
  • 11818 Baxış
"Epilepsiya xəstələrində tutmalar qəflətən baş verir" -  Professor Şərif Mahalov

 

Bu gün Ümumdünya epilyasiya xəstələri günüdür.

 

Epilepsiya hər hansı təhrikolunmamış təkrarlanan tutmalarla (həmçinin "qıcolma” kimi məlumdur) xarakterizə olunan baş beyinin xəstəliyidir. Epilepsiya ən çox yayılmış nevroloji xəstəliklərdən biridir. Epileptik tutma, hətta bir dəfə olduğu halda həm xəstə, həm də ətrafdakıların böyük güclü təşvişinə səbəb olur.

 

Epilepsiyalı xəstələrin böyük əksəriyyətində tutmalar qəflətən və gözlənilmədən baş verir. Bəzi xəstələrdə tutmadan bir neçə saat öncə əsəbilik, narahatlıq, başgicəllənmə, başağrı qeyd olunur. Bəzən tutmadan öncə aura meydana gəlir.

 

Aura - lokal tutmaya uyğun ilk subyektiv simptomdur. O, huşun itməsindən öncə gəlir. Bəzi hallarda aura xəstəliyin yeganə əlaməti ola bilər. Adətən aura çox qısamüddətli olur və cəmi bir neçə saniyə davam edir. Auralar keylik hissi, qulaqlarda cingilti, işıq qığılcımı, ağızda hər hansı dad hissiyyatı, istilik hissi və s. kimi meydana çıxır.

 

Auranın vacib əlamətləri onun tutmadan tutmaya təkrarlanmasıdır. Aurası olan xəstə bilir ki, onun ardınca tutma gəlir və həmin an oturmağa və ya uzanmağa çalışır ki, yıxılmadan, zədələnmədən özünü qorusun.