- Hansı idman hərəkətlərinə icazə var?Uşaq tərs gəlirsə nə etməli...

  • 2017.12.19 16:12
  • 47710 Baxış
 - Hansı idman hərəkətlərinə icazə var? Uşaq tərs gəlirsə nə etməli...
Körpə ana bətnində daim hərəkətdədir. Ana qarnındakı amnion mayesi dölün rahat hərəkətini təmin edir. Doğuşa yaxın gözlənilən vəziyyət uşağın başının aşağıda, ayaqlarının isə yuxarıda durma vəziyyətidir. Ancaq həmişə belə olmur. Bu vəziyyət tərs gəliş kimi ifadə olunur. Belə olduqda isə həkimlər həyəcan təbili çalmağa başlayır.


Uşağın bətndə durma tərzinin əhəmiyyəti nədir?


Medicina.az xəbər verir ki, baş orqanlar arasında ən vacib olanı beyindir. Başın öndə gəlməsi beyinin zərər görməməsi üçün mühümdür. Normal doğumda da baş birinci çıxır.


Bəs tərs gəlişin səbəbləri hansılardır?


Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən tibb üzrə fəlsəfə doktoru, cərrah mama-ginekoloq  Ruziyə Hüseynova tərs gəlişin səbəblərinin müxtəlif olduğunu bildirib:


"Dölyanı mayenin çoxluğu və ya azlığı


Çanağın ölçülərinin böyük və yaxud kiçik olması


Qeyri-müəyyən etiologiyalar əsas faktorlardır”.


Dölün hamiləliyin hansı həftəsində normal duruş vəziyyətini alması ilə bağlı isə təzadlı fikirlər mövcuddur. Həkimin sözlərinə görə, hamiləliyin 37-ci həftəsinə qədər dölün vəziyyəti dəyişə bilər. O bildirib ki, körpə qarında daim hərəkətdə olur deyə duruşunu dəyişmək ehtimalı da mümkündür.


"Tərs gələn dölü hansı hərəkətlərlə düzgün istiqamətə döndərmək olar?” sualını cavablandıran R.Hüseynova bəzi idman hərəkətləri ilə bunun mümkün olduğunu vurğulayıb:

 



"15 dəqiqə sağ tərəf üzrə, daha sonra 15 dəqiqə sol yan üstə uzanmaq tövsiyə edilir. Uzanıb ayaqları 10 dəqiqə kimi qaldırmaq olar. Bu hərəkətlərlə mümkün ola bilər. Amma konkret idman hərəkətləri yoxdur ki, deyim dölün gəlişini 100 faiz dəyişdirəcək”.


Ruziyə həkim bildirib ki, tərs gəlişlərdə uşağın və ananın səhhəti baxımından qeysəriyyə təklif olunur:


"Tam sağrı gəlişi, ayaq gəlişi, erkən doğum, iri körpə, çanaq darlığı olduğu zaman qeysəriyyə ən düzgün seçimdir. 39 və 40-cı həftədə edilən qeysəriyyə normal doğuş hesab edilir. Ondan qabaq edilən qeysəriyyə isə vaxtından əvvəl edilən əməliyyat hesab edilir.  Döl əkiz olarsa 38-ci həftədə də qeysəriyyə edilə bilər”.

 

Şəhanə Quliyeva
 - Hansı idman hərəkətlərinə icazə var? Uşaq tərs gəlirsə nə etməli...