Zorlanan 12 yaşlı qızla bağlı yekun qərar: - Mütəxəssis isə buna qarşıdır DOĞMALIDIR

  • 2017.09.14 16:21
  • 15155 Baxış
Zorlanan 12 yaşlı qızla bağlı yekun qərar: - Mütəxəssis isə buna qarşıdır  DOĞMALIDIR
Balakəndə atalığı tərəfindən zorlanması nəticəsində hamilə qalan 12 yaşlı qız hələ də Mama-ginekologiya elmi tədqiqat institutunda yatır.  


Medicina.az xəbər verir ki, həkimlərin tam nəzarəti altında olan qızın hamiləliyi 22 həftəni keçib. Bu müddətdən sonra isə abort etdirmək mümkün deyil. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 12 yaşlı qızla bağlı konsilium keçirilib. Qərara alınıb ki, 26 həftəlik hamiləlik dövründə 12 yaşlı uşaqda heç bir pataloji hal müşahidə olunmur. Həm ana, həm də onun bətnindəki uşağın inkişafı normal səviyyədə gedir. Uşaq həftəlik nəzarətdə olmalıdır. 12 yaşlı qız uşağı doğmalıdır.


Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə Medicina.az-a açıqlamasına qəti şəkildə bildirib ki, qərardan asılı olmayaraq o uşağın doğulmasına qarşıdır: "12 yaşlı uşağın fiziki və psixoloji sağlamlığının müdafiəsindəyəm və onun bu yaşda ana olmasının tərəfdarı deyiləm. Uşağa ciddi psixoloq yardımı lazımdır, həm indi, həm sonra”.


K. Ağazadə qızın 14 yaşlı bacısının da tibbi ekspertizadan keçirilməsini zəruri sayır: "Bu alçaq 12 yaşlı uşağa qarşı bu cinayəti törədibsə, evdə olan digər qıza qarşı da eyni hərəkəti təkrarlamış ola bilər. Bəlkə qız utanır, yaxud ona da hədə-qorxu gəlib.  Bu cinayətə görə onu 8 il həbs cəzası gözləyir, ikinci qızın da yoxlanmasından sonra ola bilər ki, bu cəza daha da artsın.  Bircə narahatlığım ondandır ki, cinayətkar psixoloji ekspertizada özünü psixoloji xəstə kimi təqdim edər.  Belələri yaxşı rola girməyi bacarır. Ümid edirəm ki, ekspertlər heç bir şərtlə ona güzəştə getməyəcəklər. B adam cəmiyyət üçün böyük təhlükədir”

 

Qeyd edək ki, Azərbaycanda 12 yaşda qızın hamilə qalması faktı ilk dəfə olsa da, dünyada nəinki 12, hətta 5 yaşlı uşağın da dünyaya körpə gətirməsi faktı var.  


Hadisə 1933-cü ildə Peruda olub. Belə ki, Peru xəstəxanası 5 yaşlı Lina Medinunu qarnındakı böyük şişlə bağlı qəbul edib.  Müayinə zamanı məlum olub ki, uşaq 7 aylıq hamilədir. 1 ay sonra o, dünyaya tam sağlam oğlan uşağı gətirib. Lakin qız kimdən hamilə qaldığını heç vaxt açıqlamayıb. 

 

Aygün