Azərbaycanda çox gənc analar uşağına süd vermək istəmir, " südüm yoxdur" sözü yalandır - Uşaq qida şirkətlərini qınayan baş pediatr

  • 2018.08.03 17:27
  • 15192 Baxış
Azərbaycanda çox gənc analar uşağına süd vermək istəmir, " südüm yoxdur" sözü yalandır -  Uşaq qida şirkətlərini qınayan baş pediatr
"1992-ci illə müqayisədə bu gün Azərbaycanda ana südü ilə qidalanmanın ümumi səviyyəsi 25 faizdən 50 faizə qalxıb, yəni iki dəfəyədək artıb. Lakin bu, problemin tam həlli deyil. Çünki məqsədimiz ana südü ilə bəslənən uşaqların faizinin 95 faizə çatdırılmasıdır"


Medicina.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib. O, təəssüflə bildirib ki, suni qida istehsal edən şirkətlərlə tibb işçiləri qarşı-qarşıya qalıb. 


"Onlar biznes maraqlarını güdürlər, öz qidalarını satmaq və varlanmaq istəyirlər. Amma humanist insanlar istəyir ki, bütün canlılarda olduğu kimi dünyaya gələn körpələr də başqa canlıların qidası ilə qidalanmasın, ən azı 2 yaşına qədər ana südü ilə bəslənsin”.


Baş pediatr bildirib ki, Azərbaycanda uşaqlar arasında xəstələnmə və ölüm göstəricilərinin artmaması üçün ən təsirli vasitələrdən biri dünyaya gələn uşaqların ana südü ilə qidalanmasına nail olmaqdır: "Bu istiqamətdə işlər davam etdirilir. Düzdür, qida şirklətləri ilə problemlər yaşayırıq. Onlar obrazlı desək, həkimlərə qarşı hücuma keçir, bəzən həkimləri ələ almaq istəyirlər. Təəssüflər olsunlar ki, bəzən tibb işçiləri də onlara tabe olur və onların dediklərini edirlər. Səhiyyə Nazirliyinin bu istiqamətdə mövqeyi birdir və dönməzdir. Əgər biz Azərbaycanda sağlam nəsil böyütmək. uşaqların sağlamlığını istəyiriksə, onda onların ana südü ilə qidalanmasını təmin etməliyik”.


N.Quliyev səhiyyə işçiləri ilə yanaşı, anaların da üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Onun sözlərinə görə, əksər analar dünyaya gətirdiyi uşağına süd vermək istəmir.


"Araşdırma zamanı məlum olur ki, heç bir obyektiv səbəb yoxdur. Soruşanda da deyir ki, südüm yoxdur. Bu yalandır, çünki hamiləlik dövründə uşaqlıqda uşaq böyüyürsə, döş vəzilərində də süd hasil olur. O, 4 mərhələ keçir.

 

Süd təsadüfən görünən bir şey deyil ki, olsun, ya olmasın. Paradoksallıq odur ki, ana qədər övladını istəyən ikinci şəxs yoxdur. Lakin o, uşağını süddən ayırmaqla ən böyük zərəri edir. İnsandan başqa heç bir canlı öz balasına başqa heyvanın südünü verməz.

 

Nə üçün şüurlu insan öz övladına təbii qidanı verməkdən imtina edir? Hər bir canlının öz balası üçün hasil etdiyi qida onun balasına yarayır, başqasına yaramır. Smeslər inək südündən hazırlanan qatışıqlardır. Axı inəklə insanın oxşarlığı nə qədər ki, südləri də oxşasın. Və ya ananın rəfiqəsi başa salır ki, süd versən fiquran pozulacaq. Əsl həqiqət tamam başqadır. Məşhur rəssamlar da şəkil çəkəndə süd verən ananın gözəlliyini göstərirlər. Çünki o qadının orqanizmi yenidən qurulur, bu gözəlliyi rəssamlar görür, insan dərk etmir”.