“Təcili yardım xidməti trombolitiklərlə təmin edilsə, ürək xəstələrini ilk 6 saatda xilas etmək olar” – Tanınmış kardioloqdan AÇIQLAMA

  • 2019.07.27 21:42
  • 12401 Baxış
“Təcili yardım xidməti trombolitiklərlə təmin edilsə, ürək xəstələrini ilk 6 saatda xilas etmək olar” –  Tanınmış kardioloqdan AÇIQLAMA
Azərbaycanda insanların ölümünə səbəb olan xəstəliklər içində 1-ci yerdə ürək-damar xəstəlikləri gəlir. Ürək –damar xəstəliyini aşkar etmək və müalicə etmək də müasir tibbdə çətin deyil. Amma damarları trombun qəfil tutması gözlənilmədən xəstəni çarəsiz duruma salır və letal sonluğa yaxınlaşdıra bilir.

 

Ürək tutması olan xəstə üçün mütləq təcili yardım çağırılır. Təcili yardım briqadası yerindəcə kardioqramma edib, infarktı və ya damar tutulmasını təsdiq edir. Əgər ağır vəziyyətdirsə, xəstəni müvafiq xəstəxanaya götürür, ağır deyilsə ilkin yardım edib, sabahı gün müayinələr məsləhət görülür.


Dünya təcrübəsində isə hazırda belə xəstələrə yanaşma bir qədər başqadır. Belə ki çox ölkələrdə təcili yardım briqadası elə yerindəcə xəstəyə tromb əridən dərmanlar vurur.


Medicina.az uzun müddət Kardiologiya İnstitutunun baş həkimi çalışmış,  tibb elmlər doktoru, Avropa Kardioloqlar Cəmiyyətin üzvü, tanınmış həkim Əhməd Babayevlə elə trombolitik terapiyanın hospitəlizəyə qədərki mərhələdə effektiv təsiri barədə danışıb. Həkimlə müsahibəni təqdim edirik:

 




 

-Əhməd doktor, ilk öncə trombdan başlayaq? Nədir, necə yaranır və öncədən tədbir görmək mümkündürmü?


-Damarın daxili qatının, selikli qişasının pərdəsi altına xolesterin kütlələri yığılır, bərkiyir və selikli qişanı, yəni damarın pərdə qatını qaldırır. Damarın mənfəzi getdikcə daralır. Bu damara qanın formalı elementləri də çökür. Təzyiq xəstələrində qan qatı olur, o da damarda formalı elementləri çoxaldır laxta formasında kütlə əmələ gəlir. Bu kütlələr damarı daraldır.  Bu zaman xəstə təngnəfəs olur, pilləkənlə qalxdıqda, əlində yük olanda ürəyi ağrıyır, nəfəsi daralır. Getdikcə aktiv hərəkət zamanı təngnəfəsliyi artır, müalicə almadıqda hətta sakit halında da nəfəs daralır. Bir gün damar tam tutulur və o damarın qidalandığı ürək miokardına qan getmir.  Orda nekrozlaşma başlayır.


Damar tutulduqdan sonrakı ilk 6 saatda bu damarı açmaq mümkün olsa, ürək xilas edilə bilər. Əlbəttə yaxşı olar ki, damar tutulmağa başlayanda xəstə müalicə alsın: bu zaman qan durulducu, metobolizmi yaxşılaşdıran praparatlar təyin edilir, xolesterin blokları aradan qalxır, xəstə özünü yaxşı hiss edir. Belə xəstələrə gündə 5 km gəzməyi tövsiyyə edirik, çünki xırda kapilyarlar gəzdikcə yaxşı işləyir, hərəkətsiz qalanda o damarlar işləmir. Kapilyarlar da ürəyi qanla təmin edir, çalışmağa məcbur edir.  


-Bəs trombolitik nədir, bahalıdırmı, xəstəyə hansı effekti var?


-Müxtəlif ölkələrin istehsalı olan müxtəlif qiymətə trombolitiklər var. Kardioloqlar bu preparatlar barədə məlumatlıdır. 


     Bir neçə il öncə hələ Kardiologiya İnstitutunda  Çexiyanın səhiyyə üzrə nümayəndələri ilə görüşümüz oldu.  Orda bir professor öz ölkələrində ürək xəstələrinə təcili yardımın necə göstərildiyini danışdı. Onlarda anginoz tutması, stenokardiya, infarkt  xəstəsi olduqda,  təcili yardım 24 saat ərzində xəstəni birbaşa xəstəxanaya gətirib, dərhal əməliyyata alına bilər. Xəstə vaxt itirilmədən angioqrafiya olunur, şuntlama, stendləmə lazımdırsa dərhal icra olunur. 24 saat kardiocərrahlar iş başındadır və xəstə xilas edilir. Bu yardım və əməliyyat hamısı dövlətin və tibbi sığortanın hesabına olunur. 


Əgər xəstədə tromb damarı tıxayıb infakrta səbəb olubsa, tromblitiki ilk 6 saatda vurduqda, tromb əriyir, damar açılır, miokardın zərər çəkmiş hissəsi bərpa olunur.  6 saatdan gec yardım olunsa, ürəkdə artıq geridönməz proseslər baş verir. Bəzən olur,1 gündən sonra xəstəyə stend qoyurlar, damarı açırlar, amma bunun artıq nekrozlaşmış hissəyə faydası yoxdur. 


Biz trombolitiklərlə bağlı bir neçə il öncə Səhiyyə Nazirliyinə müraciət etdik, nazirimiz bu təşəbbüsü çox yaxşı da dəstəklədi.  Belorusiyanın 30 manata olan effektiv trombolitikləri vardı, onlardan alındı.


Kardiologiya institutu Bakının bütün təcili yardım həkimlərinə seminarlar, treninqlər keçirib, bu trombolitiklərin qaydasını öyrətdik. Bir müddət bu tətbiq edildi, amma sonra nədənsə davamı gəlmədi. İndi bir aptek var, orda trombolitiki 300 manata satırlar. Bunu almağa nə həkimin gücü çatar, nə xəstənin. Ürək tutması olan xəstənin yaxınına başa salmaq da olmur ki, trombolitik olsa yaxşı olar. Düşünəcək həkim mənə bahalı dərman aldırır. 


Biz kardioloqların arzusudur ki, ölkəmizdə təcili yardıma bu imkanlar yaradılsın. Təcili yardım xəstəni göturub birbaşa kardioloji əməliyyata çatdıra bilsin. Həmçinin təcili yardım həkimlərində və ilk tibbi yardım göstərəcək xəstəxanada trombolitiklərin olması vacibdir. Belə olduqda infarktın qarşısını alar, ürəyi nekrozlaşmadan qoruyar və ürək-damar xəstəliklərindən ölümün sayı azalar.

Ümid edirik ki, icbari tibbi sığorta tətbiqindan sonra bu məsələlər həllini tapacaq. 

 

 


“Təcili yardım xidməti trombolitiklərlə təmin edilsə, ürək xəstələrini ilk 6 saatda xilas etmək olar” –  Tanınmış kardioloqdan AÇIQLAMA
“Təcili yardım xidməti trombolitiklərlə təmin edilsə, ürək xəstələrini ilk 6 saatda xilas etmək olar” –  Tanınmış kardioloqdan AÇIQLAMA
“Təcili yardım xidməti trombolitiklərlə təmin edilsə, ürək xəstələrini ilk 6 saatda xilas etmək olar” –  Tanınmış kardioloqdan AÇIQLAMA
“Təcili yardım xidməti trombolitiklərlə təmin edilsə, ürək xəstələrini ilk 6 saatda xilas etmək olar” –  Tanınmış kardioloqdan AÇIQLAMA