İsa Qəmbərin xəstəliyi nə dərəcədə təhlükəlidir? - Beyin qanamasıyla bağlı mütəxəssis RƏYİ

  • 2018.03.09 13:38
  • 27197 Baxış
İsa Qəmbərin xəstəliyi nə dərəcədə təhlükəlidir? -  Beyin qanamasıyla bağlı mütəxəssis RƏYİ

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər beyin qanaması keçirib. O, Mərkəzi Klinikanın bir həkiminin müşayiəti ilə Bakıdan Türkiyənin Haccetepe Xəstəxanasına aparılıb. Həkimlər qanamanın böyük olduğunu, ancaq vəziyyətinin normal olduğunu bildiriblər. Məlumata görə, hazırda İ. Qəmbər Ankaradakı Hacettepe xəstəxanasının nevrologiya bölümündə pnevmoniya nəticəsində yoluxduğu bir infeksiyadan müalicə olunur.


Medicina.az-ın əməkdaşı beyin qanaması mövzusunun hazırda aktual olduğunu nəzərə alaraq, mütəxəssis, neyrocərrah Rövşən Bağırovla mövzu ətrafında söhbətləşib.


-Rövşən həkim, beyin qanamalarının hansı növləri var?


-Beyin qanamalarının bir çox forması mövcuddur. Ən çox rast gəlinən beyindaxili qanamalar, subaraxnoidal qanamalardır. Beyindaxili qanamalar əsasən yüksək təzyiq fonunda yaranır.

Subaraxnoidal qanamalar isə anevrizma, arteriovenoz malformasiya patoloji damarların partlaması sonrasında baş verir.


-Qanamaların baş verməsində genetik faktor rol oynayır?


- Təbii ki, yüksək təzyiq fonunda yaranan beyindaxili qanamaları genetik faktor adlandırmaq olmaz. Çünki yüksək təzyiq genetik amil olsa da beyindaxili qanama individual xarakter daşıyır. 

Yenə də bəzi insanlar təzyiqə nəzarət etməklə qanamadan qaça bilərlər.


-Anevrizma nədir?


-Anevrizma və malformasiya bətndaxili dövrdə ürək damar sisteminin inkişaf qüsuru nəticəsində yaranan problemdir.

Qeyd edim ki, icra etdiyimiz müayinələr nəticəsində (500-dən çox xəstədə) irsi faktor təsdiq olunmayıb.


-Beyin qanamasının əsas səbəbi nədir? Nədən ehtiyat edilməlidir?


-Təzyiq yüksəlməsinə səbəb olan istənilən bir hadisə beyin qanamasını yarada bilər. Adrenalin yüksəkliyi, həyəcan, gərginlik, stress və s. Bunlara diqqət edilməlidir. 

Nəzərinizə çatdırım ki, bir çox insanlar var ki, beyinlərində iri ölçülü damar patologiyaları var, lakin sağlam həyat tərzi, təzyiqə nəzarət etməklə ömürlərinin sonunadək fəsadsız yaşayırlar.


- Siqaretdən istifadə bu xəstəliyə təsir edir?


-Qanamaların digər səbəbi isə siqaretdən çox istifadə etməkdir. Təbii ki, mənfi təsiri mövcuddur.


-Beyin qanaması zamanı ilkin müdaxilə necə olmalıdır?


-İlkin müdaxilə zamanı xəstəni hərəkətsizləşdirmək və təzyiqini aşağı salan preparatları vermək lazımdır.


-Ehtiyat məqsədli hansı tədbirlər görülməlidir?


-Profilaktik olaraq beyin qanamalarından qaçmaq üçün mütəmadi həkim müayinəsində olmaq, təzyiqə nəzarət etmək vacibdir.

Beyində damar patalogiyasını aşkar etmək üçün beyin damarlarını angioqrafiya etmək lazımdır.


-Bildiyiniz kimi Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər beyin qanaması keçirib. Haccetepe Xəstəxanasından açıqlama verilib. O açıqlamaya əsasən siyasətçinin vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?


-Məlumatlarda böyük beyin qanaması keçirdiyini, ancaq hərəkətlərinin yaxşı olduğunu qeyd ediblər.

Beyin qanaması 3 sm-dən böyük olduqda artıq bu hal xəstənin vəziyyətini pisləşdirir. Xəstənin hərəkətini ləngidir. Ancaq məlumatlarda əksi yazılıb. Ona görə, müayinə etmədən, vəziyyəti dəqiq bilmədən mən tərəfdən nəisə demək düzgün, həmçinin dəqiq olmaz.

Sadəcə deyə bilərəm ki, əgər beyin qanaması varsa, təbii ki bu zaman ilkin olaraq defisiti yoxdursa, pnevnomaniyası müalicə edilməlidir.


Şəhanə Quliyeva

Medicina.az