DST zika virusu ilə bağlı turistlərə çağırış etdi

  • 2019.07.03 14:33
  • 3862 Baxış
DST zika virusu ilə bağlı turistlərə çağırış etdi
Dünyanın 87 ölkəsində Zika virusunun infeksiyası müəyyən edilib. Daha 61 ölkədə bu təhlükəli virusu yayan "Aedes aegypti” ağcaqanadları aşkarlanıb. Medicina.az xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (DST) son məlumatında öz əksini tapıb. Hazırda virusun yayılması halları ABŞ-da, Latın Amerikası ölkələrində, Asiya və Afrikada qeydə alınıb. Turistlər arasında populyar olan Tailand, Kuba, Baham adaları, Meksika və Dominikana kimi bir çox ölkələr risk zonasında yerləşir. Son aylar Zika virusuna yoluxma halları azalsa da, DST məzuniyyətlər mövsümündə bütün dincələnləri ehtiyatlı olmağa çağırır. DST ekspertləri Zika virusu yoluxmalarının müəyyən olunduğu ölkələrə edilən səyahətlərə bu il məhdudiyyət qoymamağa qərar veriblər. Bununla yanaşı, mütəxəssislər səyahətçilər üçün bir sıra tövsiyələr dərc ediblər. Virus ana bətnində olan körpə üçün daha çox təhlükə daşıdığından həkimlər hamilə və yaxın aylarda hamiləliyi planlaşdıran qadınlara virusa yoluxmanın qeydə alındığı ölkələrə getməzdən əvvəl bu barədə daha dərindən düşünməyi məsləhət görürlər. Zika virusu ilə yoluxma mikrosefaliya və digər anadangəlmə qüsurlarla nəticələnə bilər. İnfeksiya, həmçinin böyüklərdə və uşaqlarda Giyyena-Barre sindromu, nevropatiya və mielit də daxil olmaqla nevroloji ağırlaşmalarla bağlıdır. DST bütün səyahətçilərə bədənin çox hissəsini örtən açıq rəngdə uzun libas geyinməyi, ağcaqanad əleyhinə vasitələrdən istifadə etməyi və moskitlərə qarşı torlarla qorunan otaqlarda yatmağı məsləhət görürlər.
Qızdırmanın əlamətlərini – hərarətin qalxması, səpki, əzələ və oynaqlarda ağrını hiss edənlərin dərhal həkimə müraciət etməsi məsləhət görülür.