Məhsulların saxlanma müddətinin 96 saat, antisanitar şərait...ÇÖRƏK SEXİNDƏN FOTOLAR

  • 05 İyul, 2019
  • 1419 Baxış
Məhsulların saxlanma müddətinin 96 saat, antisanitar şərait...ÇÖRƏK SEXİNDƏN  FOTOLAR


Paytaxtda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb.

xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin məlumatına əsasən, Bakı şəhəri, Binəqədi rayonu, 2-ci Mədən küçəsi, 89, mənzil 48 ünvanında yerləşən fiziki şəxs Babayev Mehman Şirinbala oğluna məxsus çörək istehsalı sexindən şikayət daxil olub. Həmin ərazidə Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib.

Monitorinq zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb. Belə ki, ilkin baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən çörək sexində istehsalın normativ texniki şərtlərə uyğun aparılmadığı, sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Müəssisədə ilkin emal sahəsi olmadığına görə unun ələnmədən birbaşa xəmir qarışdırıcıya töküldüyü, soyutma sahəsi olmadığına görə isə çörəklərin həyətdə açıq hava şəraitində rəflərə yığıldığı müəyyən edilib.

Baxış zamanı emal sahəsində istifadə olunan xammal və hazır məhsulların laborator analizlərinin aparılmadığı və mənşəyinin məlum olmadığı müəyyənləşib.

Eyni zamanda, müəssisədə çörəklərin markalanması zamanı istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu, istehsal tarixinin məhsulun istehsal edildiyi gün əvəzinə bir gün sonrakı tarixə vurulduğu və məhsullara əsassız olaraq saxlanma müddətinin 96 saat qeyd olunduğu aşkar edilib.

Aşkar olunmuş nöqsanlar əsasında çörək istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində araşdırmalar davam etdirilir.