Səhiyyə qanunvericiliyinə dəyişikliklər edildi

  • 2017.05.31 17:51
  • 19379 Baxış
Səhiyyə qanunvericiliyinə dəyişikliklər edildi
Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə cərimələr tətbiq olunacaq


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin bəzi məcəllə və qanunlara səhiyyə ilə əlaqədar dəyişikliklərlə bağlı qəbul etdiyi yeni qanunları imzalayıb.


Bu sənədlərdən biri "Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanundur. Dəyişikliyə əsasən, Qanunun 16-1.2.7-ci maddəsində "bioloji aktiv əlavə və qida əlavəsi” sözləri "bioloji fəallığa malik qida əlavəsi” sözləri ilə əvəz edilir.

Digər sənəd – Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanun Məcəllənin "Dərman vasitələri haqqında” Qanunda edilmiş dəyişikliklərə uyğunlaşdırılması xarakteri daşıyır. Bu sənədə əsasən, Məcəllənin 221-ci maddəsi "Dərman vasitələri haqqında qanunvericiliyin pozulması” adlandırılır və ona aşağıdakı məzmunda 221.8-ci və 221.9-cu maddələr əlavə edilir:

"221.8. Üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) "dərman vasitəsi deyildir” sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə -

vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

221.9. Bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə -

vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir”.

"Dərman vasitələri haqqında” Qanuna uyğunlaşdırılan daha bir sənəd "Reklam haqqında” Qanundur. Belə ki, burada "bioloji aktiv əlavə və qida əlavəsi” sözləri "bioloji fəallığa malik qida əlavəsi” sözləri ilə əvəz edilir və Qanuna aşağıdakı məzmunda 30.7-ci maddə əlavə olunur:

"30.7. Bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir”.


Qeyd edək ki, dövlət başçısı hər üç Qanunun tətbiqi barədə Sərəncamlar imzalayıb, həmçinin "Dərman vasitələri haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli Fərmanında dəyişikliklər edib.