Şəmkirdə kürəkənin yandırdığı qadınla bağlı – Açıqlama

  • 21 Avqust, 2019
  • 1567 Baxış
Şəmkirdə kürəkənin yandırdığı qadınla bağlı – Açıqlama


Şəmkirdə kürəkəni tərəfindən yandırılan 54 yaşlı qadının vəziyyəti kritik olaraq qalır.

Bu barədə Medicina.az-a Səhiyyə Nazirliyindən məlumat verilib:


"Həkimlərin bildirdiyinə görə, yanıq xəsarətləri 4-cü dərəcəli, yəni dərin nekrozlaşmış olduğundan müalicədə hər hansı bir irəliləyiş əldə etmək mümkün olmur. Səylər davam etdirilir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, Şəmkir rayon sakini 1986-cı il təvəllüdlü Elmar Sadıqovun avqustun 18-i gecə saat 03 radələrində qayınatası İ.Məsimovun evinə daxil olaraq ailədaxili narazılıqlarla bağlı müvəqqəti olaraq ondan ayrılaraq yaşayan 1995-ci il təvəllüdlü həyat yoldaşı Mətanət Məsimovanı öldürmək məqsədilə özü ilə gətirdiyi benzini yatmış halda olan qayınanası 1964-cü il təvəllüdlü Səltənət Məmmədova və M.Məsimovanın üzərinə, eləcə də evin içərisinə tökərək yandırıb.

Hadisə nəticəsində Elmar Sadıqovun 2 yaşlı oğlu və həyat yoldaşı Mətanət Məsimova dünyasını dəyişib.


Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində E.Sadıqov tutularaq istintaqa cəlb olunub. E.Sadıqov şübhəli şəxs qismində saxlanılaraq dindirilmiş və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib. Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.