“Təbib” İstirahət Mərkəzinin yeni korpusu istifadəyə verilib

  • 2019.06.29 09:25
  • 7150 Baxış
“Təbib” İstirahət Mərkəzinin yeni korpusu istifadəyə verilib
Bu tədris ili üçün Azərbaycan Tibb Universitetinin (ATU) Böyük Elmi Şurasının yekun iclası Xaçmazın Nabran qəsəbəsində yerləşən "Təbib” İstirahət Mərkəzində keçirilib. İclasda tədris ilinin yekunları ilə bağlı məsələlər müzakirə olunub, bəzi qərarlar təsdiqlənib. Universitetin mətbuat xidmətindən medicina.az-a bildiriblər ki, şura iclası ilə yanaşı, burada həm də istirahət mərkəzinin yeni korpusunun açılışı keçirilib. ATU-nun rektoru, professor Gəray Gəraybəyli istirahət mərkəzində hər il yeni korpusların açılmasını sevindirici hal kimi qiymətləndirib. Rektor mərkəzdə mütəmadi olaraq abadlıq işlərinin aparıldığını, iki il öncə müasir yeməkxananın qurulduğunu, ötən il isə təmir olunmuş ilk korpusun açılışının keçirildiyini xatırladıb. G.Gəraybəyli bu istiqamətdə işlərin davam etdiriləcəyini, ATU əməkdaşlarının istirahətinin təşkili üçün davamlı olaraq tədbirlərin görüləcəyini bildirdi. ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımovun sözlərinə görə, abadlaşma işləri komitə tərəfindən maliyyələşdirilir. Aparılan işlərə rektor şəxsən nəzarət edir. Hətta ilk açılışdan öncə Səhiyyə naziri Oqtay Şirəliyev də istirahət mərkəzində aparılan işlərlə şəxsən tanış olub. Bu il istifadəyə verilən korpusda 4 nəfərlik 7 otaq, 2 nəfərlik 3 otaq fəaliyyət göstərir. Otaqlar istirahət edənlərin rahatlığı üçün lazımi avadanlıq və şəraitlə təmin olunub. Bu il, həmçinin düşərgədə qazanxana da quraşdırılıb. Bu, gələcəkdə "Təbib” İstirahət Mərkəzinin qış mövsümündə də fəaliyyətinə imkan yaradacaq. Hər il ATU-nun 800 nəfərə yaxın professor-müəllim heyəti, texniki işçilər və onların ailələri, o cümlədən tələbələr bu mərkəzdə istirahət edə bilir. "Təbib” İstirahət Mərkəzi ATU-nun əməkdaşlarının hərtərəfli istirahətini təmin etmək məqsədilə yaradılıb. Hər ilin may-iyun aylarında düşərgədə təmir və abadlıq işləri aparılır. 2013-cü ildən etibarən "Təbib” istirahət ocağının maliyyələşdirilməsi tam olaraq Həmkarlar İttifaqı Komitəsinin ixtiyarına verilib. Qeyd edək ki, artıq ikinci ildir Böyük Elmi Şuranın iclası "Təbib” İstirahət Mərkəzində keçirilir. “Təbib” İstirahət Mərkəzinin yeni korpusu istifadəyə verilib
“Təbib” İstirahət Mərkəzinin yeni korpusu istifadəyə verilib