Yaddaş hansı travmalardan sonra silinə bilər? - Mütəxəssis rəyi

  • 2018.03.14 14:15
  • 22761 Baxış
Yaddaş hansı travmalardan sonra silinə bilər? -  Mütəxəssis rəyi

"2 yaşa kimi uşaqlarda daha çox olur" 


 

Keçmişin unudulması bəzən travmatik, bəzən isə psixoloji xəstəliklərdən sonra baş verir. Kinolarda daha çox gördüyümüz travma nəticəsində hadisələrin xatırlanmaması tibb dilində  amneziya adlanır. 


Mövzu ilə bağlı Medicina.az-a açıqlama verən neyro-cərrah Rövşən Bağırov amneziyanın tam və hissəvi olaraq iki yerə ayrıldığını bildirib. Onun sözlərinə görə, hissəvi amneziya zamanı yaddaş tam itirilmir və bulanıq obrazlar, hadisələrin kiçik hissələri saxlanılır:


"Lakin baş verənlərin fəza-zaman ölçüsü unudulur. Yaddaşın hansı mərhələsinin itirilməsindən asılı olaraq retroqrad, retroanteqrad, anteqrad və retard formaları ayırd edilir.


Retroqrad amneziya – xəstəlikdən və ya travmadan əvvəlki xatirələrin unudulması ilə xarakterizə olunur. Anteqrad amneziyada huşsuz vəziyyətdən ayılandan sonra hadisələrin unudulması baş verir. Retroanteqrad forma isə bunların kombinasiyası şəklində təzahür edir. Retard amneziyada xatirələr, huşun itirilməsindən dərhal sonra deyil, müəyyən zaman keçəndən sonra itirilir”.


Mütəxəssis ən çox amneziyanın Retroqrad forması ilə qarşılaşdıqlarını qeyd edib.


"Əsasən baş beyin silkələnməsi travması almış xəstələrdə müşahidə olunur.


Baş beyin silkələnməsi zamanı huşun qısa müddətli itməsi , ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxa bilər. Baş beyin silkələnməsi travması almış xəstələrin təxminən 5% -də retroqrad amneziya halları baş verir. Belə xəstələr yaxın keçmişi xatırlamır”, - deyə Bağırov vurğulayıb. 


Bəs ev şəraitində baş verən hansısa qəzalar amneziyaya səbəb ola bilərmi?


Rövşən doktor yaddaş pozğunluğu yaradan qapalı kəllə beyin  travmalarının adətən adətən ev şəraitində alınmış travmalar olduğunu vurğulayıb:

"Yüngül beyin silkələnməsinə səbəb olacaq zədələrdir. Çox zaman uşaqlar bu travmaları alırlar. Təzə yeriyən uşaqlar hündürlükdən və ya çarpayıdan yıxılan zaman baş verə bilər. Bu səbəbdən bəzən yaranan yaddaş pozğunluğunun səbəbini tapa bilmirik. Böyük uşaqlar rahatlıqla deyə bilir ki, mən xatırlamıram, amma 2 yaşına qədər olan uşaqlardan biz bunu soruşa bilmirik. Belə bir problemlə xəstəxanaya müraciət etmiş pasiyentlərin əksəriyyətini bu yaşa qədər olan körpələr təşkil edir. Unudulan yaddaş zamanı biz neyro-cərrah olaraq heç bir tədbir görmürük. Amma nevroloqlar beyin qan dövranını qidalandırıcı preparatlar yazmaqla, hadisə haqqında yaxınları danışaraq həmin şəxsin nələrisə xatırlamağına yardımçı olur. Əksər pasiyentlərdə yaddaş geri qayıdır. Bir qisimdə geri qayıtmır”.

 

Şəhanə Quliyeva