1 milyonluq dərman yüklənmiş təyyarəni qaçıran məşhur psixiatr: “Mənə dəli kimi baxırdılar”/ MÜSAHİBƏ

  • 2017.11.29 16:51
  • 4803 Baxış
1 milyonluq dərman yüklənmiş təyyarəni qaçıran məşhur psixiatr:  “Mənə dəli kimi baxırdılar”/ MÜSAHİBƏ
Bu ilin oktyabrında işdən çıxan Sumqayıt Psixiatiriya Xəstəxanasının baş həkimi, tanınmış psixiatr Mayıl Tağıyev Medicina.az-a geniş müsahibə verib.

 

Maqnit müalicəsini kəşf edən alim bu müsahibəsində hər kəsi təəccübləndirəcək açqlamalar verib:



- Mayıl həkim, respublikanın ən qocaman psixiatrısınız. Sumqayıt səhiyyəsi dedikdə, öncə Mayıl Tağıyev yada düşür. Uzun illər çalışdığınız xəstəxanadan istefa verdiniz. İndi illər öncə qurduğunuz özəl klinikaya sığınmısınız. Necə oldu ki, ən yüksək vəzifələrdə ola-ola özəl tibb müəssisəsi də yaratdınız və bu gün də burda fəaliyyət göstərirsiniz?


Mən hələ Sovet illərində  Səhiyyə Şöbəsinin müdiri Qəhrəmanova deyirdim ki, gəlin, səhiyyədə koorporativə başlayaq, səhiyyəyə bir az pul cəlb edək. Çünki dövlət tərəfindən səhiyyə demək olar ki, inkişaf etdirilmirdi. O illər Qorbaçov yenidənqurmanı ortaya atmışdı. Onlar mənə güldülər ki, bu nə danışır, səhiyyə hara, özəl hara, pul qazanmaq hara? Sonra etiraf etdilər ki, sən çıxandan sonra arxanca dedik ki, bunun başı yəqin, işləmir. 


Bu yerin açılmasının maraqlı tarixi var. Ümumiyyətlə, o hadisə həyatımın dönüş nöqtəsidir, deyə bilərəm. 


Deməli, 1990-cı ildə Sumqayıtda Sovet hökumətinin son ayları idi. Burdan Moskvaya dərman alışı üçün o vaxtın pulu ilə 1 milyon dollar pul keçirilmişdi.

 

Sonra sovet dağıldı, aləm qarışdı və Moskva o dərmanı bizə vermədi. Burdan nazirlik səviyyəsində də adamlar getdi, o dərmanı gətirə bilmədilər. 1992-ci ildə, Sumqayıtın icra başçısı Yusif Sevdimalıyev məni çağırdı ki, sən bu dərmanı gətirə bilərsən? Mən də razılaşdım, özümlə bir miqdar pul da götürüb, getdim Moskvaya. O vaxt dövlətlərarası gömrük belə yox idi. Poçt qatarı ilə gətirə bilməzdik, çünki yolda çeçenlər qatara hücum edə bilər. 20 gün danışıqlardan sonra Moskvadan icazə ala bildik.  Prezident Aparatına məlumat verildi, təyyarə göndərdilər. Domodedovodan təyyarəyə dərmanları yüklədik.

 

Gecə idi, şaxta, qar… Bir də gördük qara "Mercedes”lər gəldi, maşından qara maskalı adamlar düşdü, əllərində silahlar, ayağımızın altına da bir iki güllə atdılar ki, qorxaq. Mən, düzü, sakit qarşıladım, soruşdum hə, dərdiniz nədir? Dedilər, bu dərman burdan çıxmayacaq, aparmaq istəyirsənsə 70.000 dollar verməlisən. Mənim də o qədər pulum yoxdur, mal da dövlətin malıdır. Onda bir siyahı çıxardılar, bahalı dərmanlar idi, dedilər, pulunuz yoxdursa, bu dərmanları bizə verin, sonra koridor açılacaq. Heç soruşa da bilmədik ki, bunlar  kimdir, nəçidir. Nəysə, dedim fikirləşim, vaxt aldım. Getdim səfirliyə, dedilər, bizlik deyil, nə bacarırsan elə. Gördüm yox, məsələ qəlizdir. Gəldim aeroportda ümumi dispetçerin yanına. Bir rus generalı idi. Özümlə apardığım 50.000 rublu qoydum qarşısına. Dedim, mənə koridor ver, çıxım gedim. General bir pula baxdı, bir mənə. Dedi, bu dərman dövlətindirsə, bəs sən niyə pul verirsən, marağın nədir? Bəlkə, satmağa aparırsan? Dedim, mən 15 ildir, baş həkim işləyirəm. Hələ o vaxt Semaşko deyib ki, yaxşı həkimi xalq yedizdirir. Məni də neçə ildir, xalq saxlayıb, evim, maşınım, bağım var. Bir dəfə də xalqın pulundan xalqa xərcləyəndə nolar? Kişi güldü, puldan 20.000 rublu qaytardı ki, qalanı bəsdir. Göstəriş verdi ki, koridor açın. O vaxt da azərbaycanlı tələbələr var idi. Elan verdim ki, kim Azərbaycana gedir gəlsin, bura. Onları da biletsiz həmin təyyarəyə mindirdik, gəldik Azərbaycana. Bakıya enəndə, Səhiyyə Şöbəsinin müdiri filan qarşıladı bizi. Təyyarədən düşüb, avtomat telefona yaxınlaşdım. O qara maskalı bandanın başçısı var idi, Sergey, mənə nömrəsini vermişdi. Zəng etdim buna ki, Sergey, mənəm, sən deyənə razıyam, siyahıdakı dərmanları verəcəyəm, tez aeroporta gəl. Bunu niyə etdim? O qarda, buzda əziyyət çəkib ora gəlsinlər, mənim çıxıb getdiyimi görsünlər. Bilsinlər ki, mən bunu bacardım. Dərmanları təhvil verdim, amma sonradan bu işə görə başım çox ağrıdı. Yaxşı ki, o vaxt təhvil-təslim qaiməsinin surətini özümdə saxlamışdım. 1993-cü ildə hakimiyyət dəyişikliyi olanda Səhiyyə şöbəsinin müdiri də dəyişdi, arada dərmanlardan xeylisi itdi. Məni də prokurorluğa çağırdılar ki, bəs sən gətirmisən, amma dərmanların çoxu indi yoxdur. Onda mən o sənədi təqdim etdim ki, mən hamısını təhvil vermişəm, bu da imzalı sənəd. Bu dərman məsələsinə görə o vaxt ölkə başçısı mənə mükafat verdi. Sonra Sumqayıtın icra başçısı məni çağırdı ki, bəs prezident tapşırıb, Mayılın  nə arzusu var həyata keçirin. Mən də dedim ki, aptek idarəsi var, binanın altında, oranı özəl laboratoriya yaratmaq üçün mənə verin.  Beləcə, ilk özəl tibbi klinikamın əsası qoyuldu. Hazırda yerləşdiyimiz yeri isə dəniz kənarında mənə ümumilli liderimiz Heydər Əliyev ayırdı, İlham Əliyev də bir neçə il əvvəl təmiri və inkişafı üçün dəstək verdi. 



- Keçək sırf peşə faəliyyətinizə...


1976-cı ildə dünyada ilk dəfə olaraq maqnit sahəsinin katotonik forma şizofreniyada tətbiq eləmişəm. Bunu namizədlik dissertiyamla müdafiə, sonra Yaponiyada çıxış etmişəm. 3 il bundan öncə İspaniyadan alimlər gəlib məni axtarıb tapdılar. İndi dünyada maqnit dalğaları ilə müayinə, müalicə, maqnit tomoqrafiya inkişaf edib. 1981-ci ildə səhiyyə nazirinin I müavini erməni Babayana bu haqda məlumat vermişdim. O, bunu qəbul etmirdi, çünki bizə mənfi münasibəti var idi.  Sonra Ümumdünya Psixiatrların Konqresində Moskvada bu haqda məlumat verdim. Bu ispanlar gəlib məni tapanda heyrətləndilər ki, siz hələ 30 il əvvəl maqnit barədə araşdırmalar etmisiniz, necə oldu ki, bu sahəni tədqiq etdiniz. O vaxt psixiatrlardan professor Nadir Əliyev də bu söhbətin içində idi.  Özü etiraf etdi ki, Mayıl tələbə ikən maqniti araşdıranda, ona gülürdük, öz aramızda deyirdik ki, yəqin bu uşaq xəstələnib. Amma indi bütün dünya bu işlə məşğul olur. Deməli, dəli  özümüz idik ki, bu cür yeniliyi qəbul edə bilmirdik. 


Hələ də insanlar məni "dəlixananın müdiri” kimi tanıyır. İstər burdakı evim, istər bağımda camaat ünvanı başa salanda "dəlixananın müdirinin bağından o tərəfə”deyir. Bu məni qıcıqlandırmır, əksinə sevindirirdi. Bu da bizim xalqın mentalitetində kök salmış izlərdir.

 




- Hər dəfə "dəlixana müdiri” sözünü eşidəndə psixiatriya kimi çətin sahəni seçdiyinizə peşman olmursunuz ki?


Əslində, kiçik yaşlarımdan həkim olmaq arzusu ilə yaşamışam. Mən 8 dəfə əməliyyat keçirmişəm. Amma əməliyyatlarım uğurlu alınmırdı, sağalmırdım. Məni əsgərliyə aparmırdılar. Ona görə də xəstəliyimi gizlətdim, getdim. Elə hərbi hissəyə çatdığım gecə "pristuplar” tutdu, hospitala yerləşdirildim. Yenə də əməliyyat oldum. 15 gün sonra yenə tutdu. Yenidən xəstəxanaya apardılar, axırda Kalinin şəhərində hospitalda yaşlı həkim məni müalicə etdi. O, əməliyyat nahiyəsini maqnitlə müalicə etməyə başladı. Yaraların üzərinə maqnit qoyurdu. Mən bu metoda məəttəl qaldım. Amma onun bu müalicəsinin yaxşı təsiri oldu. Ali məktəbə də asanlıqla qəbul olmadım. Anamı 3 yaşımda itirmişəm. Böyük bacımın təkidi ilə 22 yaşımda  Tibb İnstitututuna daxil oldum. Orda tələbələrin elmi dərnəyində maqnit sahəsi barədə geniş məlumatlar toplamağa başladım. Çünki bilirdim ki, məni sağaldan o maqnit oldu. Məlum oldu ki, maqnitlə müalicə İbn Sina dövründə də, Misir dövlətində də olub, hətta maqnit həbləri var imiş, daxilə qəbul edirdilər. 


Onu da deyim ki, əslində, mən əməliyyatlardan çox əziyyət çəkdiyim üçün cərrah olmaq  istəyirdim. Məni psixiatr olmağa vadar edən başqa səbəb oldu. İnstitut vaxtında yaxın tələbə yoldaşım xəstələndi, ruhi xəstəxanaya yerləşdirdilər. Mən ümumiyyətlə, psixi xəstə görəndə qorxurdum. Həmin yoldaşımın yanına gedəndə onu o vəziyyətdə görəndən sonra içimdə yeni bir arzu əmələ gəldi: Mən dostumu sağaltmalıyam. Ona görə cərrah yox, psixiatr olmağa qərar verdim. O xəstəxanada gördüm ki, belə xəstələrin daha çox yaxşı həkimə, müalicəyə ehtiyacı var. Elə də oldu, dostumu sağaltdım, özüm də psixiatr oldum. Buna da heç vaxt peşman olmadım. 



- "Həyatda hər şey maqnit qanunları üzərindədir” deyirsiniz. Siz də maqnitin müalicə effektini çoxdan bilib tətbiq edirsiniz. Nədir bu maqnit? Niyə ondan bu qədər uzaq düşmüşük?


Maqnit yeganə bir şeydir ki, onun təbiəti alimlərə məlum deyil. Maqnit nədir, necə yaranır, bunu bilmirik. İslam dinində deyilir ki, Allahın forması yoxdur, təsviri yoxdur.  İlahi qüvvə elə bəlkə də maqnit qüvvəsidir? 


Beyində hüceyrələr arasında maqnit dialoqu gedir. Sizin öz maqnit sahəniz var, mənim öz maqnit sahəm. Biz maqnit sahələri vasitəsilə ünsiyyət qururuq, danışırıq, anlaşırıq. Yer kürəsinin meridianları planetin maqnit sahələridir. Planetin bütün təhlükəsizliyini bu maqnit sahələri qoruyur. Maqnit tufanı nədir? Günəşdə olan partlayışların nəticəsində yaranan elektronlar saniyədə 1000 km sürətlə Yer kürəsinə gəlir, bu hücumun qarşısını alan maqnit sahələridir. O energetik hücum gəlib meridiana çırpılıb qayıdır, yoxsa Yer kürəsində həyat məhv olar. Bu toqquşmanın nəticəsində də maqnit tufanları baş verir, insanların səhhətində fəsadlar yaranır. Yer kürəsi, həyat, kainat maqnit qanunları ilə var olub.



- Və siz də maqnitdən müalicədə istifadə edirsiniz...


İndi müasir tibbi maqnitsiz təsəvvür etmək olmaz. Artıq maqnit biosahələri kəşf ediblər. 80-ci ildə professor Ramazanzadə, Nizami müəllimlə maqnitoensefloqraf aparatı yaratmaq istədik. Amma o cihaz çox böyük idi, demək olar ki, otaq boyda. Bizdə texniki imkanlar yox idi. Amma mən maqnit araşdırmalarımdan geri çəkilmədim. O vaxt Rostovda elmi-tədqiqat institutunda maqnit müalicəsi üçün aparat düzəltdirdim və o cihaz bu günə kimi klinikamdadır. Osteoxondrozlar, oynaq ağrıları, ginekoloji xəstəliklərdə, depressiyaların müalicəsində istifadə edirəm. Beyin qan dövranını düzəldir. İndi dünyada tədqiqatlar gedir ki, maqniti lokal olaraq bir nöqtəyə yönəltmək olsun. Bu mümkün olsa, çox beyin xəstəliklərini müalicə etmək olacaq. Süni intellektin yaradılması da maqnitlə bağlıdır. 



- Bəlkə, Yerin maqnit sahələrində dəyişiklik gedir ki, son illər maqnit tufanlarının sayı artıb, insanlar özünü pis hiss edir, baş ağrıları artıb... 


Hər 100 ildən bir güclü maqnit periodu olur. 100 il öncə baş verən hadisələr, dəyişikliklər təkrarlanır. İndi də növbəti 100 illikdir. Dünyanın maqnit sahəsinin intensivliyi dəyişir, bu da təbiətdə, insanlarda, cəmiyyətdə böyük dəyişikliklərə səbəb olur. Bu qədər subasmalar, zəlzələlər, fəlakətlər nəyə görədir? Yerin bizdən yuxarı olan hissəsi kosmos daha çox öyrənilir, nəinki yerin dərinliyi. Dünyada ən dərin quyu 70-ci illərdə Saatlıda qazılıb - 12.700 metr. El arasında Suqovuşan deyirlər ora. Şah İsmayıl Xətai o ərazidən keçəndə məhz həmin yerdə dayanıb. Nadir şah özünü orada şah elan edib. Yəqin ki, orda güclü biosahə var. Amma o quyudan nə öyrəndilər, nə öyrənmədilər, bilmirəm.



- Mayıl həkim, bir qədər də "dəlilik” məsələlərindən danışaq. Doğrudanmı insanların psixikası pisləşməyə doğru gedir? Bu qədər stress, depressiyalar, intiharların səbəbi nədir?


(Ardı olacaq)

Aygün Musayeva

Medicina.az

1 milyonluq dərman yüklənmiş təyyarəni qaçıran məşhur psixiatr:  “Mənə dəli kimi baxırdılar”/ MÜSAHİBƏ
1 milyonluq dərman yüklənmiş təyyarəni qaçıran məşhur psixiatr:  “Mənə dəli kimi baxırdılar”/ MÜSAHİBƏ