“38 dərəcə temperaturda uşağa dərman vermək olmaz” - Pediatrla müsahibə

  • 28 Yanvar, 2019
  • 28142 Baxış
“38 dərəcə temperaturda uşağa dərman vermək olmaz” - Pediatrla müsahibə

Son zamanlarda əhali, xüsusən də uşaqlar arasında qrip virusu çox geniş yayılıb. Uzun müddət antibiotik və digər vasitələrdən istifadə olunmasına baxmayaraq, uşaqların qızdırması düşmür və gecələr quru və ya bəlğəmli öskürəkdən boğulur, halsız və iştahasız olurlar.

Bir çox hallarda isə edilən iynə və dərman müalicəsi bir işə yaramır, qripdən sonra bir sıra fəsadlar və ağırlaşmalar meydana çıxır.

Medicina.az bütün bu faktları nəzərə alaraq pediatr Ülvi Əliyevə bəzi suallar ünvanlayıb:

- Ülvi həkim, qış gələndən əsasən də uşaqlar arasında kəskin respirator xəstəliklər geniş yayılıb. Ev şəraitində müalicə olanmalarına baxmayaraq, sonradan səhhətləri pisləşərək xəstəxanaya düşən uşaqların sayı da az deyil. Xəstəlikdən qorunmaq və onun yaradacağı fəsadlardan uzaq olmaq üçün valideynlər nələrə diqqət yetirməlidirlər? 

- Uşaqları əvvəl qapalı məkanlar - alış-veriş mərkəzləri, qapalı oyun parkları və s. kimi çox insan olan yerlərdən uzaq tutmaq lazımdır. Bu cür yerlərdə qrip kimi respirator xəstəliklər hava-damcı yolu ilə daha sürətlə yayılır. Yoluxmadan qorunmaq üçün xəstə insanların olduqları mühitdən maksimum uzaq qalmaq, uşağın əllərini tez-tez yumaq lazımdır. Yaxşı olar ki, uşaqların ağız-burnuna maska taxılsın. Onların bol miqdarda maye qəbul etməsinə diqqət yetirilməlidir. Uşağın qızdırmasının uzun müddət düşməməsi isə valideynlərin dərmanın dozasını düzgün seçməməsindən irəli gəlir. Uşağın yaşına və qızdırmanın dərəcəsinə görə dərman düzgün verilmədikdə, təəssüf ki, bir işə yaramır. Başqa bir səbəb də dərmanın keyfiyyətsiz olması və ya tərkibindəki maddələrin düzgün göstərilməməsidir.

Əgər uşaqda qızdırma düşdükdən sonra uzun müddət sinə xışıltısı qalarsa, o zaman başqa bir xəstəliyin əlaməti kimi üzə çıxa bilər. Bu zaman xışıltı astma, bronxit və ya xışıltılı uşaq simptomunun  əlamətləri ola bilər. Buna görə də uşaq yenidən müayinə olunmalı və xəstəliyinin dəqiq diaqnozu müəyyən edilməlidir. Əgər uşaqlarda bu hala tez-tez rastlanırsa, bu, onların immunitetinin zəif olmasından xəbər verir.

- Uşağın qızdırmasını hansı temperaturdan sonra salmaq vacibdir?

- Uşaq qızdırırsa, yaxşı olardı ki, 38 dərəcəyə qədər müdaxilə edilməsin. Çünki 38 dərəcəyə qədər bədəndə interferon maddəsi ifraz olunur ki, bu maddə də xəstəliktörədən mikroblarla mübarizə apararaq orqanzimin öz-özünü müdafiə etməsini təmin edir. Qızdırmanı süni sürətdə saldıqda bədən öz müqvimətindən məhrum olur. Temperatur 38.2 dərəcədən yuxarı qalxarsa, o zaman qızdırmasalan dərmanlarla müdaxilə edilməlidir. Bu zaman həm də təbii vasitələrdən də istifadə edilə bilər. Dərman olmadıqda isə uşağı duşa salaraq onun bədənini soyutmaq olar. Həmçinin də uşağa bol miqdarda  maye içirilməlidir. Onu da qeyd edim ki, 37-dən yuxarı temperaturda uşaq maksimum 5 günə qədər qala bilər. Bu müddətdə qızdırma qalxmırsa, onda qorxulu heç bir şey yoxdur.  Amma qızdırma 5 gündən çox davam edərsə, bu zaman qızdırmasalan dərmanlar tətbiq edilməli və yanaşı olaraq digər analizlər verilərək qızdırmanın səbəbi araşdırılmalıdır. Bu analizlərə qan analizi, labarator müayinələr, rentgen müayinəsi və aiddir.

- Bəs qripdən əlavə hansı xəstəliklər qızdırma ilə müşahidə edilir?

- Bəzi xəstəliklər var ki, onların inkişafı zamanı qızdırma meydana gəlir. Valideynlər bunu qrip və soyuqdəymə ilə qarışdırırlar. Bunlara bronxit, bronxopnevmaniya, bronxioliz, Epiştey Barra xəstəlikləri, skarlatina, göy öskürək kimi xəstəliklər aid edilə bilər. Buna görə də uşaq qızdıran zaman onu həkim müayinəsindən keçirmək vacibdir. Bu zaman dəqiq qoyulan diaqnoz xəstəliyin vaxtında aradan qaldırılmasına və hər hansı bir fəsadın yaranmamasına şərait yaradacaq.

Bütün bu sadalanan əlamətlərlə yanaşı uşağın burnundan normal rəngli, yəni şəffaf seliyin gəlməsi normalıdır. Lakin burundan sarı-yaşılımtıl qatı, pis iyli axıntının gəlməsi normal hal deyil. Bu iltihabı prosesə ikincili infeksiyasının qoşulmasından xəbər verir. Belə hal müşahidə edildikdə yenə də həkim müayinəsi mütləqdir. Axıntını heç bir vəchlə qurutmaq olmaz. Burunu yalnız duzlu məhlulla yumaq lazımdır ki, mikroblar məhv olsun. Bəzən elə olur ki, analar əvvəlki reseptlərdən həkimklərin təyin etdikləri antibiotik tərkibli burun və boğaz üçün nəzərdə tutulan aerozol tipli dərmanları hər dəfə uşaq xəstələnəndə tətbiq edirlər. Bu da yanlışdır. Uşağa hər dəfə antibiotik tərkibli dərmanlar tətbiq etmək olmaz. Bunun  üçün mütləq həkim  göstərişi olmalıdır.

Arzu Mirzəyeva
Medicina.az