Dünyada getdikcə artan ağciyər xəstəlikləri: nədən yaranır, necə mübarizə aparmalı - Direktor müavini hökumətin gördüyü işlərdən danışır

  • 2018.12.20 09:04
  • 35117 Baxış
Dünyada getdikcə artan ağciyər xəstəlikləri: nədən yaranır, necə mübarizə aparmalı -  Direktor müavini hökumətin gördüyü işlərdən danışır
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi işlər üzrə direktor müavini İradə Axundovanın Medicina.az-a müsahibəsi:


- İradə xanım, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun fəaliyyəti necə təşkil edilib? 


- 1944-cü ildə Bakı şəhərində Elmi- Tədqiqat Vərəm İnstitutu yaradılıb. İnstitut 1996-cı ildə Elmi Tədqiqat Pulmonologiya və Ftiziatriya İnstitutu və 1999-cu ildən isə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu adlandırılıb. İnstitutun özəlliyi odur ki, biz həm klinik tibb müəssisəsi, həm də elmi tədqiqat institutu kimi fəaliyyət göstəririk.  İnstitut tənəffüs orqanları ilə əlaqəli olan elmi-tədqiqat işlərinin aparıldığı çox profilli institut kimi fəaliyyət göstərir, vərəm və ağciyərlərin qeyri-spesifik xəstəliklərinə qarşı müalicə-profilaktika tədbirləri aparır.  İnstitut 12 kliniki şöbələri əhatə edən 6 Elmi Bölmədən ibarətdir. 2009-cu ildən İnstitutun nəzdində vərəmin diaqnostikası üçün ən müasir avadanlıqlarla təchiz olunmuş  Referens Laboratoriyası və 8 palatadan ibarət Xüsusi Təhlükəli Respirator İnfeksiyalar şöbəsi fəaliyyət göstərir. 


Biz həmişə qürurla deyirik ki, dünyada vərəmin elə bir aşkarlanma forması yoxdur ki, İnstitutumuzda tətbiq olunmasın. Vərəmin başlanğıc mərhələsində mikrobu aşkarlayıb, dərmana həssaslıq testini aparırıq və lazımi istiqamətdə uğurla başa çatdırırıq. Niyə öncə vərəmdən başladıq? Çox təəssüf ki, vərəm insanlar arasında çox həssas bir mövzudur. Ancaq nəzərə alınmalıdır ki, vərəm infeksion xəstəliklərin siyahısında olan xəstəliklərdən biridir. Müasir dövrdə müayinə metodları ilə aşkarlanır və sona qədər müasir müalicə üsullarına tabe olur. Vərəm vaxtında aşkarlandığı halda tam müalicəsi mümkün olan bir xəstəlikdir. 


- Son illər, vərəm də daxil olmaqla, ağciyər xəstəlikəri artıb, yoxsa azalıb? 


- Dövlət tərəfindən qəbul olunmuş Vərəmlə Mübarizə Proqramı çərçivəsində vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının gücləndirilməsini, vərəmin müayinə, diaqnostika, müalicə və profilaktikası üzrə yeni müasir üsulların tətbiqini təmin edir. Vərəmlə Mübarizə Proqramının dəstəyi ilə son illər ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Bakıda və regionlarda vərəm, o cümlədən dərmanlara davamlı xəstələr üçün müasir tipli tibb müəssisələri tikilib və ya əsaslı təmir olunub, müasir avadanlıqlarla təchiz edilib. Aparılan tədbirlərin nəticəsində ölkəmizdə son illər ərzində xəstələnmənin dinamikasında müsbət dəyişikliklər müşahidə olunur. Yeni xəstələnlərin sayı azalıb. Son 5 ilin statistikasına baxsaq, 5 il əvvəl hər il 100 min əhaliyə xəstələnmə göstəricisi 50 nəfərdən çox idisə, indi bu göstərici 38-ə düşüb. 


Müalicə tədbirlərinin gücləndirilməsi və xəstələrin dərman preparatları ilə təmin olunması nəticəsində ölüm hallarının sayı da azalıb. Vərəmin gecikmiş və yayılmış formalarının sayında da nəzərə çarpan azalma əldə edilib. Dərmanlarla davamlı vərəmin yayılma səviyyəsində də müsbət nəticələr əldə edilib. Bu göstərici həm ilkin, həm də təkrar xəstələr arasında təxminən iki dəfə azalıb. Qeydiyyata düşən xəstələr müalicəyə cəlb edilir və pulsuz qaydada bütün vərəm əleyhinə dərmanlarla təmin olunur. Dərmanlara həssas xəstələr 100 faiz hallarda müalicəyə qoşulur və onların müalicə effektivliyi artır. Azərbaycanda vərəm əleyhinə preparatlara həssas olan ilkin xəstələrin uğurlu müalicə göstəriciləri 2011-2017 illər üzrə 76,6%-dən 84%-ə yüksəlib. 


Elmi tədqiqatların nəticələri əsasında və Milli Vərəm Proqramı çərçivəsində ilk dəfə olaraq unikal "E-TB-manager elektron online” vərəm xəstələrinin qeydiyyat sistemi hazırlanıb və ÜST-ün dəstəyi ilə bütün ölkədə tətbiq olunub. Bu sistem vahid məlumat bazası kimi hər bir vərəm xəstəliyi olan şəxsin fərdi nömrəsi vasitəsi ilə yaşayış və qeydiyyat yerindən asılı olmayaraq, müntəzəm müayinədən keçməyə və müalicəni fasiləsiz aparmağa imkan verir. Həmçinin proqram statistik qüsurları aradan qaldırır və xəstələrin tarixçələrinə nəzarəti gücləndirərək müalicədən yayınma hallarının qarşısını alır.

 

Bizim əsas məqsədimiz vaxtında müayinə aparılmasına nail olmaq və xəstəni vaxtında müalicəyə cəlb etməkdir. Biz ilk növbədə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi risk qruplarının müayinəsini xüsusi diqqətdə saxlayırıq. Bizim işimiz müayinə və müalicə olsa da, tibdə əsas profilaktik işdir. Biz çalışırıq ki, profilaktik iş çərçivəsində risk qruplarında olan əhalini vaxtında müayinə edək və xəstəliyi başlanğıc mərhələdə aşkarlayaraq müalicə edək.  


- Söhbət hansı risk qruplarından gedir? 


- ÜST-nin tövsiyəsinə əsasən 4 əsas risk qrupu müəyyənləşdirilib. Birinci qrupa immuniteti zəiflədən xəstəliyi olanlar daxildir. Bu qrupa İİV/QİÇS, onkoloji və ağciyərin qeyri-spesifik xəstəlikləri olanlar, hormonal müalicə alan insanlar daxildir. Bu xəstəliklər orqanizmdə immun çatışmazlığına gətirib çıxarır. İkinci risk qrupuna işi ilə əlaqədar vərəm xəstələri ilə daha çox təmasda olanlar daxildir. Burada ilk yerdə tibb işçiləri, biz gəlirik. Tibb işçiləri üçün çox güclü dispanserizasiya təşkil edilib. Ümumiyyətlə, tibb işçiləri ildə bir dəfə, vərəmli xəstələrlə işləyən tibb işçiləri olaraq biz isə ildə iki dəfə müayinədən keçirik. İnstitutumuz Səhiyyə Nazirliyinin tövsiyəsi ilə ÜST ilə işləyir, bizim bütün kliniki protokollar, müayinə və müalicə işləri ÜST-nin tövsiyəsi əsasında təşkil olunur. ÜST-nin ekspertləri tez-tez bizim işimizi yoxlayırlar. İnfeksion nəzarətlə əlaqədar ÜST-nin ekspertlərinin ilk sualı bu olur ki, tibb işçiləri arasında vərəmə yoluxan olub, yoxsa yox. Bizim müəssisədə işləyən tibb işçiləri arasında vərəmə yoluxan olmayıb. Bu, çox gözəl bir göstəricidir və infeksion nəzarətin düzgün qurulmasının nəticəsidir. 


Üçüncü risk qrupuna zərərli vərdişləri olan insanlar, narkotik istifadəçiləri, alkoqolizmə düçar olan insanlar daxildir.  Dördüncü, sosial risk qrupudur ki, bura evsizlər, çətin şəraitdə yaşayanlar, miqrantlar daxildir. 


Bizim işimiz bu risk qrupları arasında vərəmə yoluxma və xəstələnməni vaxtında aşkar edərək, vərəm əleyhinə müalicəyə cəlb etməkdir. 


- Məhbuslar hansı risk qrupuna daxildir? 


- Məhbuslar sosial risk qrupuna daxildir. Bir məsələni də xüsusi olaraq qürurla qeyd etmək istəyirəm. Azərbaycanda xüsusiləşdirilmiş vərəm xəstəxanası var. Binədə yerləşən həbsxanada vərəm xəstələri üçün müasir bir xəstəxana tikilib. Pentensiar Xidmətin vərəm xəstəliyi əleyhinə işi ÜST tərəfindən nümunəvi bir iş kimi qeydə alınıb. Pentensiar Xidmətdə vərəmin müayinə və müalicəsi təşkil edilib. 


Bir məqamı da nəzərə çatdırmaq istəyirəm. Vərəm xəstələrinin müalicəsi ən azı 6 aydır. Vərəmin dərmanlara davamlı formasının müalicəsi 24 aydır. Əgər məhbus vərəmdən müalicəsini bitirməmiş azadlığa çıxırsa, o halda həmin xəstə bizə təhvil verilir və onların müalicəsi bizim tərəfimizdən aparılır. Penitensiar Xidmət də həmin xəstələrin müalicəsini izləyir. Bu insanlar azadlığa çıxarkən heç bir halda müalicələri dayana bilməz. Penitensiar Xidmət o insanları bizə təhvil verir.     


- Son illər həbsxanalarda vərəmə yoluxan xəstələrin sayında hansı tendensiya müşahidə olunur?


- Son 10 ildə həbsxanalarda bu sahədə iş elə qurulub ki, həm xəstələrin sayı, həm də ölüm göstəricisi çox aşağıdır.  


- Ümumiyyətlə, hansı risk qrupları üzərində daha çox iş aparılmalıdır? 


- Bu halda ilk növbədə tibb işçilərindən söhbət gedir. Hər bir insan yaşadığı ərazidəki poliklinikada ildə bir dəfə dispanserzasiyadan keçməlidir. Bu, səhiyyə nazirinin əmridir. Tibb risk qrupu isə ikili yoxlamadan keçir. Dispanserzasiya tibb işçilərində xəstəlik varsa, vaxtında aşkar etməyə kömək edir. 


- Ağciyərin qeyri-spesifik xəstəliklərinin ölkəmizdə müayinə və müalicəsi necə təşkil edilib? 


- Bu xəstəliklərə ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxial astma, ağciyər xərçəngi, pnevmokoniozlar, allergik xəstəliklər və digərləri daxildir.  Onların gecikmiş diaqnostikası və qeyri-adekvat müalicəsi həyat keyfiyyətinin pisləşməsinə, əmək qabiliyyətinin itirilməsinə və ölüm hallarının tezləşməsinə gətirib çıxarır. Ağciyərdə yaranan nadir xəstəliklər də var.


Biz bu xəstəliklərin diaqnostikası və müalicəsini təşkil edə bilirik. İnstitutumuzun tərkibində belə xəstələr üçün cərrahiyə şöbəsi var və o xəstələr lazım olduğu halda əməliyyat edilir. 


ÜST-nin məlumatına əsasən, 2016-cı ildə dünya üzrə ağciyərlərin xroniki obstruktiv xəstəliyindən 251 nəfər əziyyət çəkib. Hər il bu xəstəlikdən 3 milyondan  artıq insan həyatını itirir. Başqa xəstəliklərdən fərqli olaraq ağciyərlərin xroniki obstruktiv xəstəliyindən ölüm nəinki  azalmır, hətta əksinə, ilbəil artır. ÜST-nin 10 əsas ölüm səbəbləri siyahısında 2000-ci ildən ACXOX-dan ölüm 4-cü yerdə idisə, hazırda 2016-cı ilin məlumatlarına görə, ürəyin işemik xəstəliyi və insultlardan sonra ağciyərlərin xroniki obstruktiv xəstəliyindən ölüm artıq 3-cü yerdədir. ÜST-nin proqnozuna əsasən risk faktorlarının təsirinin azaldılması istiqamətində təcili tədbirlər aparılmasa, ağciyərlərin xroniki obstruktiv xəstəliyindən ümumi ölüm göstəricisi növbəti 10-illiklərdə 30% artacaq. 


Bu xəstəliklər arasında ən geniş yayılanı ağciyərlərin xroniki obstruktiv xəstəliyidir. Bu xəstəlik ilk növbədə siqaret çəkmək kimi zərərli vərdişlər, atmosferin çirklənməsi, iş yerində toz, kimyəvi maddə olması nəticəsində yaranır. Müasir dövrdə dünyada siqaret çəkənlərin, avtomobillərin sayı artır, tikinti genişlənir. Ona görə də biz Azərbaycanda da belə xəstələrin sayının az da olsa, artmasını müşahidə edirik.  Ona görə də hökumətimiz bu məsələlərə xüsusi diqqət yetirir. Bu səbəbdən Azərbaycanda bir müddət əvvəl tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında yeni qanun qəbul edilib. Bu da təsadüfi deyil. Çünki siqaretə aludəçilik uşaqdan tutmuş yaşlıyadək, sosial və maddi vəziyyətindən asılı olmayaraq və ən əsası, siqaret çəkib-çəkməməsinə fərq qoymayaraq, ölkə əhalisinin bütün təbəqələrinə təhlükəli təsir göstərir. İctimai yerlərdə siqaret çəkilməsi qadağan edilib. Tibb müəssisələri siqaret çəkilməsi qadağan edilən yerlər sırasında ikinci pillədə qərarlaşıb. Nəinki palatada, kabinetlərdə, ümumiyyətlə, tibb müəssisəsində siqaret çəkilməsi qadağan olunub. Yəni tibb müəssisəsinin girişində də, həyətində də siqaret çəkmək qadağandır. Səhiyyə Nazirliyi tövsiyyə edir ki, əhali, xəstələr, tibb işçiləri arasında maarifləndirmə işi aparaq. Bizim şöbələrdə, qəbul otaqlarında xüsusi plakatlar vurulub və bununla tibb müəssisəsinə gələn insanları maarifləndiririk. Çox təəssüf ki, həkimlərimizin arasında da siqaret çəkənlər var. Həmin plakatlar onlar üçün də çox gözəl maarifləndirə vasitəsidir.      


Onu da nəzərə çatdırım ki, 23 dekabr 2015-ci il tarixində Azərbaycanı Prezidentinin sərəncamı ilə "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya” təstiq olunmuşdur. Strategiyanın  əsas məqsədi Azərbaycanda əhalinin sağlamlığının yaxşılaşdırılmasına, o cümlədən qeyri-infeksion xəstəlikləri (QİX) ilə bağlı vaxtından əvvəl ölüm hallarının əhəmiyyətli azaldılmasına nail olmaqdır. Bu işlərin içrasında İnstitutun  əməkdaşları yaxından iştirak edirlər. Bu Strategiya ilə əlaqədar elmi mövzular da işlənir, tədqiqatlar aparırıq. 


Bakıda sağlam insanlar arasında ağciyərin qeyri-spesifik xəstəlikləri ilə əlaqədar tədqiqat apardıq ki, real mənzərəni aydınlaşdıraq. Bu tədqiqat nə üçün vacib idi? İnsanlarımız həkimə nə vaxt müraciət edir? İnsanlar əsasən səhhətləri ağırlaşan zaman həkimə üz tutur. Bu tədqiqat bizə Bakıda xəstəliyin başlanğıc fazasında olan insanları aşkarlamağa imkan verdi. İndi biz Sumqayıt, Gəncə kimi atmosfer havasının çirklənməsinin daha çox olduğu ehtimal edilən yaşayış məntəqələrində də bu tədqiqatları aparmaq niyyətindəyik. 


"Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”sı çərçivəsində dəyirmi masalar, tədbirlər təşkil edirik. Bu il iyunun əvvəlində ağciyərin obstruktiv xəstəlikləri ilə əlaqədar çox gözəl bir konfrans təşkil etdik. Yaxın günlərdə bronxial asma,  ağciyərin xroniki obstruktiv xəstəlikləri, pnevmaniya ilə bağlı bir tədbir keçirəcəyik. Əsas məqsəd nədir? Bu konfransda ilkin səhiyyədə işləyən həkimlər iştirak edir. Biz müasir müayinə və müalicə metodlarını ilkin səhiyyədə çalışan həkimlərimizə çatdırırıq.  


- Bakıda bu sahədə aparılan tədqiqat hansı reallığı ortaya qoydu? 


-  Tədqiqatın məqsədi Bakıda 18 yaşdan yuxarı əhali arasında  ağciyərlərin xroniki obstruktiv xəstəliyinin, bronxial astma və allergik rinitin yayıldığı ərazini müəyyən etməklə xəstəliklərin yayılmasını tədqiq etmək, risk faktorları ilə əlaqəni dəyərləndirmək idi. Tədqiqat nəticəsində məlum olub ki,  Bakı şəhərində  bronxial astma böyüklər arasında təxmin edilən yayılması hər 1000 nəfərə  26.8 nəfər olub.


Spirometriya əsasında diaqnozu təsdiq edilmiş ağciyərlərin xroniki obstruktiv xəstəliyinin böyüklər arasında hər 1000 nəfərə təxmin edilən yayılması Bakı şəhərində  4.3 təşkil edib. Bronxial astma olan respondentlərdə statistik əhəmiyyətli əlaqə siqaretçəkmə, vərəm, artıq çəki/piylənmə, tozlu işlə və allergik rinitlə təyin edilib. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi olan respondentlərdə isə statistik əhəmiyyətli əlaqə yalnız siqaretçəkmə ilə müşahidə edilib. Bronxial astma olan respondentlərlə müqayisədə bronxial astma olmayan respondentlər daha az yanaşı xroniki xəstəliklərdən əziyyət çəkir. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi olan respondentlərdə əsas yanaşı patologiyalar kimi pnevmoniya və kardiovaskulyar xəstəliklər müşahidə edilib. 


- Biz vərəmli xəstələrdən xəstəliyin hansı mərhələsində qorxmalı, hansı mərhələsində artıq qorxmamalıyıq?


- Vərəm əsasən hava-damcı yolu ilə ötürülən infeksion xəstəlikdir. Vərəm sağalan xəstəlikdir. Ancaq vərəmin vaxtında və düzgün müalicə olunmaması əlillik və ölümlə nəticələnə bilər.


Bizim heç birimiz vərəmdən sığortalanmamışıq. Hər bir insan vərəmə yoluxa bilər. Lakin hər bir insan özünü vərəmdən qorumalıdır.  Vərəm xəstəliyinin erkən aşkarlanması üçün vərəmin ilkin əlamətlərini bilmək vacibdir. Əgər 2-3 həftədən uzun sürən öskürək, axşamlar 37,5-38 dərəcə qızdırma, gecə tərləmə, zəiflik və iştahasızlıq, arıqlama müşahidə olunarsa,  bu halda mütləq həkimə müraciət edib, vərəmə görə müayinədən keçmək lazımdır. Çünki bu, hər hansı iltihab xəstəliyinin, o cümlədən vərəmin əlamətləri ola bilər. Vərəmə yoluxan insan heç bir halda qorxmamalıdır.  Vərəmin erkən aşkarlanması, xəstənin vaxtında müalicəyə cəlb olunması, müalicə kursunu sona qədər aparılması şəraitində xəstənin dayanaqlı sağalmasına nail olmaq mümkündür. 


Səhiyyə Nazirliyi tərəfindən vərəmin müalicəsi ilə bağlı dərmanlar alınır və bütün tibb müəssisələrinə çatdırılır. Həm həssas, həm də dərmana davamlı vərəmin müayinə və müalicəsi pulsuzdur.  Xəstə müalicə müddətini tam keçirdiyi halda tam sağalır. O insanlar illər keçdikcə nə zamansa vərəm olduğunu da yaddan çıxarır. 


Müalicə olunmayan bir yoluxucu vərəm xəstəsi 1 ildə 10-15 yeni xəstə yaradır. Vərəm xəstəsi yalnız vərəm mikrobakteriyası ifraz edən halda qorxuludur. İlk növbədə vərəmin müalicəsi vaxtında və düzgün təyin olunmalıdır. Ona görə də hamıya ilk növbədə tövsiyyə edirik ki, vərəmin müalicəsini ftiziator yazmalıdır. Yalnız vərəm sahəsində ixtisaslaşmış həkim vərəmin müalicəsinin düzgün sxemlərini və müddətini bilir. Əgər vərəm müalicəsi düzgün yazılıbsa və xəstə o müalicəyə riayət edir, ən azı 3-4 həftəyə, bir aya xəstədə vərəm mikrobakteriyasının ifrazı tam kəsilir. Xəstə müalicəsini davam etdirdiyi halda cəmiyyətdə heç kim üçün qorxulu deyil və heç kimi yoluxdura bilməz. 

   

- Bəs vərəm mikrobakteriyasının ifraz olunduğu təxmini bir aylıq müddətdə həmin xəstə necə müalicə olunmalıdır? 


- İndiki halda bütün xəstələrin müalicəsini stasionar formada aparmaq heç lazım da deyil. Vərəmin vaxtında aşkarlandığı xəstə heç də yataq xəstəsi deyil. Stasionar formada müalicə üçün bizim xüsusi meyarlarımız var. Əgər xəstədə qanaxma, tənəffüs çatışmazlığı varsa, dərman qəbul edən xəstədə ciddi yan təsir yaranıbsa, vərəmlə paralel şəkərli diabet, təzyiq xəstəliyi varsa, o halda biz xəstəyə stasionar müalicə təklif edirik. Hazırda ÜST-nin tövsiyəsi ilə vərəm xəstəsi müalicəsinə ambulator şəraitdə də başlaya bilər. Bizim işimizdə isə infeksion nəzarətlə bağlı tövsiyə var. Biz mütləq xəstəyə başa salmalıyıq ki, evdə necə rəftar etməlidir. Yəni yatağı ayrı olmalı, tibbi maskadan istifadə etməlidir, ən əsası da müalicəsini düzgün aparmalıdır. Müalicənin monitorinqi deyilən bir anlayış da var. Biz müalicə monitorinqi əsasında bəlğəmin yoxlanmasını aparırıq. Biz sadə mikroskopiya üsulu ilə bəlğəmdə mikrobakteriya tapmırıqsa, o xəstə heç kim üçün qorxulu deyil. 


Yeri gəlmişkən, vərəm tək ağciyəri yox, hər bir orqanı zədələyə bilər. Digər orqanlarda hava-damcı yolu ilə vərəm mikrobakteriyalarının ifrazı olmadığı üçün ətrafdakı heç bir insan üçün qorxulu deyil. 


 

- Uşaqlar ağciyər xəstəliklərindən necə qorunmalıdır? 


- Biz hər hansı vərəm xəstəsini aşkar edən zaman ilk növbədə ailə, iş və məktəbdə ünsiyyətdə olduqları insanları vərəmlə əlaqədar yoxlayırıq. Biz xəmstəni müayinə və müalicə etməklə bərabər, xəstənin kontaktlarını da yoxlayırıq. Biz xəstənin kontaktda olduğu uşaqları mütləq vərəmlə bağlı yoxlayırıq. Kontaktlarn da müayinə alqoritmi var. O insanlar vərəmə yoluxan halda profilaktika təklif edirik ki, yoluxma xəstəliyə keçməsin. Vərəmə yoluxma və xəstəlik tam fərqli bir şeydir. Əgər xəstə insanlar aşkar ediriksə, onları da vaxtında müalicəyə cəlb edirik. 


Səhiyyə nazirinin əmri ilə 15 yaşına qədər bütün uşaqlar ildə bir dəfə bağçada, məktəbdə, poliklinikada mantu sınağından keçməlidir. Mantu sınağı bizə uşaqların erkən mərhələdə yoluxması halını üzə çıxarmağa kömək edir. O halda biz profilaktika təklif edirik ki, yoluxma xəstəliyə keçməsin.    


Səhiyyə Nazirliyi tərəfindən vərəmin profilaktika işlərinin icrasına ciddi nəzarət aparılır. Yenidoğulmuşların vərəm əleyhinə vaksinasiyasının aparılması mütləqdir. BCG vaksini doğum evlərində yenidoğulmuşların həyatının 3-5 günlərində müvəqqəti və daimi əks göstərişləri nəzərə alınmaqla aparılır. BCG vaksinini alan uşaq əksər hallarda vərəm ilə xəstələnmir, yoluxduğu halda xəstəliyin gedişi yüngül, fəsadsız  keçəcək, uşağın tam sağalmasına nail olmaq olur. Biz ilkin səhiyyədə çalışan həkimlərlə, pediatorlarla görüşəndə mütləq tövsiyə edirik ki, yenidoğulmuşlara BCG vaksini vurulsun. 


- Əgər ana hamiləlik dövründə vərəmə yoluxubsa, bu, dünyaya gələcək körpə üçün nə dərəcədə təhlükəlidir? 


- Demək olar ki, ana bətnindən uşağa vərəm keçmir. Vərəmli xəstə tam sağlam uşaq dünyaya gətirir. Bizim işimiz odur ki, sağlam dünyaya gələn uşağa anadan vərəm yoluxmasın. Əgər ana müalicənin hələ vərəm mikrobakteriyası ifraz olunan mərhələsindədirsə, uşaq anadan ayrılmalıdır. Uşağa ayrıca xəstəxanada, yaxud qohumları tərəfindən baxılır, ana isə müalicəsini davam etdirir. Anada mikrobakteriyanın ifrazı kəsiləndən sonra uşaq ana ilə birgə olur.    


- Bu dövrdə ana südü nə dərəcədə təhlükəlidir?


- Ana südündən vərəm bakteriyası keçmir. 


- Bəzən vərəmin irsi olduğu barədə də fikirlərə rast gəlinir. Bu, doğrudur? 


- Vərəm birmənalı olaraq irsi xəstəlik deyil, infeksion xəstəlikdir. Vərəm hava-damcı yolu ilə keçir. Ailədə vərəm xəstəsi varsa, zamanında müayinə və müalicə olunmursa, ailədə vərəm mikroblarını yayırsa, ailədə olan uşaq, yaxud böyük yoluxa bilər. Ailədə vərəmin yayılması bu halda baş verir.  


- Uşaqlar adətən, payız-qış aylarında viruslarla bağlı müxtəlif ağciyər xəstəlikləri ilə qarşılaşır. Belə xəstəliklərdən uşaqlar necə qorunmalıdır? 


- Bu, hər qış bütün dünyada olduğu kimi Azərbaycanda da bu problemlə üzləşirik. Hər qış qrip virusları ilə qarşılaşırıq və bu sahədə ən həssas qrup da uşaqlardır. Uşaqların payız-qış aylarında bu problemlərlə üzləşməməsi üçün onların sağlam həyat tərzi yaşamasını təmin etməliyik. Uşaqların yeməyinə xüsusi diqqət yetirilməli, uşaqlar təmiz havada olmalıdır. Məktəbdə, bağçada qrip xəstəsi varsa,  həmin uşağın evdə müalicəsi təmin edilməlidir. Çünki virus qripləri hava-damcı yolu ilə yoluxur. 


Eyni zamanda yay aylarında uşaqlar açıq havada, dənizdə çox olmalıdır ki, dəniz havası, Günəş şüası alsın, bədənin immuniteti güclənsin. Bədəndə immunitet güclü olduğu halda bədən hər hansı infeksiyaya qarşı daha da güclü olsun.  


Çingiz Əliyev

Medicina.az