“Öd kisəsi çıxarılan qadın bir neçə ay hamilə qalmamalıdır: güclü ağrılar verir” - Cərrahla müsahibə

  • 2018.04.20 11:30
  • 65999 Baxış
“Öd kisəsi çıxarılan qadın bir neçə ay hamilə qalmamalıdır: güclü ağrılar verir”  - Cərrahla müsahibə


"ÖD KİSƏSİ ÇIXARILDIQDAN SONRA DA ÖD YOLLARINDA YENİ DAŞLAR ƏMƏLƏ GƏLƏ BİLƏR" 


Ümumi cərrah Ramil Nadirovun öd daşı patologiyası və əməliyyatı ilə bağlı Medicina.az-a geniş müsahibəsi:


-Ramil həkim öd daşı patologiyasının yaranma səbəbi nədir?


-Mövzuya keçməzdən öncə bəzi anatomo-fizioloji məlumatları qeyd etmək istəyirəm. Öd yolları qaraciyər parenximasından başlayır və proksimala doğru irəliləyərək, Oddi sfinktoru ilə tamamlanır. Beləliklə öd yolları intrahepatik (qaraciyər daxili) və ekstrahepatik (qaraciyər xarici) hissələrdən ibarət olur. Ekstrahepatik hissələr; - sağ və sol qaraciyər axarları birləşərək ümumi qaraciyər axarını, öd kisə axarı ümumi qaraciyər axarı ilə birləşərək ümumi öd axarını (xoledoxu) əmələ gətirirlər. Xoledox 5-10 sm dir, diametri 1sm-ə qədər norma qəbul edilir. Xoledox pankreas axarı ilə birləşib Oddi sfinkterindən 12 bb açılır. Oddi sfinktoru ödü və pankreas şirəsini lazım olduqda boşaldaraq 12 bb axmasını təmin edir. Həmçinin bağırsaq florasının öd yollarına qalxmasının qarşısını alır. Aclıq durumunda Oddi sfinkteri bağlı olur. Öd kisəsi qaraciyərdə hasil olmuş ödü depolamaq və ehtiyac olduqda həmin ödü 12 bb qovmaq funksiyası daşıyır. Həcmi 50-60 ml-dir. Öd kisəsinin daxili selikli qişa hüceyrələri ifraz etdikləri selik öd kisəsinin divarını öd turşularının aşlayıcı təsirindən qoruyur və xolesterinin həll olunmasını təmin edir. Bu isə daşların əmələ gəlməsinin qarşısını alır. Həmin hüceyrələr suyu və suda həll olunan bəzi mikroelementləri reabsorbsiya (sormaq) qabiliyyətinə malikdir. Bu baxımdan öd kisəsində olan öd qaraciyərdə yeni yaranmış öddən 10 dəfə qatıdır. 

Bildiyiniz kimi orqanizm neyro-humoral yolla idarə olunur. Oddi sfinktorunun da işləməsi bu yolla ahəng şəkildə idarə olunur. Belə ki, mədə və 12 bb düşmüş qida parietal hüceyrələri qıcıqlandırmaqla, xüsusi mediatorların (xolesistokinin və mobilin hormonları) ifrazına səbəb olur. Həmin mediatorlar öd kisəsini yığaraq mənfəzindəki ödü xoledoxa və Oddi sfinktoru boşalaraq həmin ödün 12 bb tökülməsini təmin edir. Beləliklə qəbul olunmuş qidanın həzmi üçün münbit şərait yaranmış olur. Bu təməl prinsipləri bildikdən sonra bəzi patologiyaların yaranma səbəni bilmiş oluruq və profilaktik prinsiplərə əməl etməklə bu patologiyalardan qorunmuş oluruq. 


-Öd yolunda çöküntülər nə zaman və hansı halda yaranır?


-Gün ərzində qaraciyərimizdə 500-1000 ml öd əmələ gəlir. Öd yağlı qidaları və yağda həll olan vitaminləri həzm etmək üçün orqanizmdə mühüm rola sahibdir. Öd bilrubin, öd turşuları, fosfolipidlər və xolesterindən ibarətdir. Həmçinin bir çox mikroelementlər ödün tərkibində mövcuddur. Bunlar arasında qarşılıqlı nisbət mövcuddur, həmin nisbət pozulduqda öd qatılaşmasına, çöküntü və daşların əmələ gəlməsinə səbəb olur. 

Öd kisəsi epiteli suyu və suda həll olan mineralları reabsorbsiya edir (geri sorur). Aclıq dönəmində Oddi sfinktoru bağlıdır, yəni öd 12 bb axa bilmir. Nəticədə uzunmüddətli aclıq öd kisəsində daha uzunmüddətli durğunluğa, bu isə ödün daha da qatılaşmasına və nəhayət daşların əmələ gəlməsinə səbəb olur. Normalda öd yolları və öd sterildir. Bəzən infeksion xəstəliklər, travmalar və neyro-humoral tənzimlənmənin pozulması zamanı bu sterillik pozulur. Bu isə xolesistitə, xolangitə səbəb olur. Zədələnmiş selikli qişa hüceyrələrinin fəaliyyəti pozulur, bu isə öd qradientlərinin qarşılıqlı nisbətinin pozulmasına, öd durğunluğuna və daşların əmələ gəlməsinə səbəb olur. 

 


-Öd yolunda daşın olub-olmaması necə aşkar edilir?


-Günümüzdə öd daşının olub-olmamasını sadə müayinə metodu olan USM ilə dəyərləndiririk. Bəzən ehtiyac olduqda MRT müayinəsindən istifadə edilir. Öd daşı bir cərrahi patologiyadır. Öd daşları əsasən öd kisəsində rast gəlinir. Bəzən öd kisəsi ilə yanaşı öd yollarında da daşlar müşahidə edilir. 


-Öd kisəsi əməliyyatı keçirmiş xəstədə yenidən daşlar yarana bilərmi?


-Bəzən öd kisəsi çıxarıldıqdan sonra düzgün qidalanma rejiminə əməl etmədikdə öd yollarında da yeni daşlar əmələ gəlir. Bəzən doğru edilməyən öd kisəsi əməliyyatları zamanı (güdülün uzun saxlanılması) güdüldə yeni daşlar əmələ gəlir. Əgər daş öd kisəsindədirsə "qızıl" standart laparoskopik xolesistektomiyadır. Öd kisəsi ilə yanaşı öd yolunda daş varsa ilkin olaraq endoskopik yolla ERCP edib xoledoxdan daşı çıxarmalısan, sonra laparoskopik kisəni çıxarmalısan. Bəzən cəmiyyətimizdə bu qaydalar obyektiv və subyektiv səbəblərdən pozulur. Obyektiv səbəblərdən ən başlıcası tibbi sığortanın olmamasından dolayı yaranan maddi sıxıntılardır. 


-Bu xəstəlik qadınlarda ya kişilərdə daha çox rastlanır?


-Öd daşı xəstəliyi qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Yaş artdıqca rast gəlmə ehtimalı da artmış olur. 


-Doktor, öd kisəsi götürülən qadın nə zaman hamilə qala bilər? Buna məhdudiyyət varmı?


-Gənc qadınlarda öd daşı aşkarlanmışsa, öd kisəsi çıxarıldıqdan bir-neçə ay sonra hamiləlik planlaması tövsiyyə olunur. Çünki hamiləlik zamanı öd daşı dözülməz sancılara səbəb ola bilər. Laparoskopik əməliyyat "qızıl" standartdır dedik. Hər bir əməliyyatın özünün riskləri var. Həmçinin hər bir xəstənin özünəməxsus əməliyyat riskləri var. Əməliyyat risklərinə yaşlılığı, keçirilmiş olan ürək-ağ ciyər xəstəliklərini, şəkərli diabeti, artıq çəkini, qaraciyər, böyrək çatmazlığını, varikoz genişlənmələrini və s. göstərə bilərik. Bəzən xəstə risk faktorları ilə yanaşı "həkimin" risk faktorları arzuolunmaz hallara, xoledox zədələnmələrinə, magistral damar zədələnməsinə bağlı qanaxmalara, mədə, 12 bb, kolon zədələnmələrinə və s. gətirib çıxarır.


-Bəs əməliyyatı keçirmiş şəxslər qidalanmalarında nələrə diqqət etməlidirlər?


-Əməliyyat olunmuş insanlar qida rasionlarında az yağlı qidalara, suda və buxarda bişmiş qidalara üstünlük verməlidirlər. Həmçinin gün ərzində qidalanma həcmini azaltmaqla qidalanma sayını artırmalar tövsiyə edilir.


-Bəs ümumiyyətlə belə hallarla qarşılaşmamaq üçün hansı profilaktik tədbirlər görülə bilər?


-Bunun üçün aktiv həyat tərzi, rejimli qidalanma, uzunmüddətli ac qalmamağa çalışmaq, kifayət qədər su içmək tövsiyə edilir.

 



Şəhanə Quliyeva

Medicina.az
“Öd kisəsi çıxarılan qadın bir neçə ay hamilə qalmamalıdır: güclü ağrılar verir”  - Cərrahla müsahibə