“Hər ailənin həkimi olacaq” - Vüqar Qurbanov

  • 2019.03.06 15:29
  • 19840 Baxış
“Hər ailənin həkimi olacaq” -  Vüqar Qurbanov

 

"Səhiyyə sisteminə daxil olan tibb müəssisələri arasında sağlam rəqabətlilik yaranacaq. Vətəndaşlar da hansı tibb müəssisəsi daha keyfiyyətli tibbi xidmət göstərirsə, əminliklə həmin tibb müəssisəsinə müraciət edəcəklər"



İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi sığorta departamentinin rəhbəri Vüqar Qurbanov "Qafqazinfo”ya müsahibə verib.

 

Medicina.az həmin müsahibəni təqdim edir:


- Artıq icbari tibbi sığorta ölkə ərazisində 2020-ci ildən tətbiq edilməyə başlanılacaq. Bu məsələnin tətbiqini ölkə vətəndaşları uzun illərdir gözləyir.  Layihənin bu qədər gecikməsinin səbəbləri nə idi?


- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) cənab Prezidentin 2016-cı il 15 fevral tarixli 765 nömrəli Fərmanına əsasən fəaliyyətə başlayıb. Agentlik fəaliyyətə başladığı dövrdən bu günə kimi bir çox işlər görüb. İlk olaraq, cənab Prezidentin 29 noyabr 2016-cı il tarixli 1127 nömrəli Fərmanına əsasən Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati əraziləri pilot ərazilər olaraq təsdiq edilib və 1 yanvar 2017-ci il tarixindən etibarən həmin ərazilərdə icbari tibbi sığorta (İTS) pilot layihə şəklində tətbiq olunmağa başlanıb. Ölkə başçısının 16 fevral 2018-ci il tarixli 1830 nömrəli Fərmanı ilə İTS-nin tətbiqinin pilot layihə olaraq Ağdaş rayonunun inzibati ərazisində həyata keçirilməsi, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində davam etdirilməsi müəyyən edilib.


İTS-nin tətbiqi dövlətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir. Ölkə başçısının tapşırığına əsasən respublikamızda kifayət sayda yeni tibb müəssisələri inşa olunub. Bəzi tibb müsəssisələri infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə yenidən qurularaq, tibbi avadanlıqlarla təchiz ediliblər. 

Növbəti mərhələdə İTS-nin tətbiqi labüd bir məsələ idi. Çünki həmin tibb müəssisələrinin maliyyələşməsində artıq əlavə vəsaitlərə ehtiyac yaranırdı. İTS-nin də tətbiqi səhiyyə sahəsinə ayrılan vəsaitlərin daha səmərəli istifadə edilməsi istiqamətində həyata keçirilən layihədir. Bildiyiniz kimi, bu günə kimi tibb müəssisələri dövlət büdcəsindən maliyyələşirdi. Ancaq İTS-nin tətbiqindən sonra həmin tibb müəssisələri artıq göstərdikləri xidmətlərə görə vəsaitlər əldə edəcəklər. Həmin vəsaitlərin əsas hissəsi Agentlik tərəfindən ödəniləcək.


Agentlik pilot ərazilərdə Agentliyin tabeliyinə verilən tibb müəssisələrini elektronlaşdırdı. Həmin tibb müəssisələrindən Agentliyə məlumatlar elektron qaydada daxil olurlar. Tibb müəssisələrinin tibbi avadanlıqlarla təchizatı yüksək səviyyəyə çatdırılıb. 


Qeyd edim ki, 2019-cu il İTS-nin ölkə üzrə tətbiqinə hazırlıq ilidir. Cənab Prezidentin "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən 2020-ci ildən etibarən İTS-nin ölkə üzrə tətbiqinə imkan verəcək hazırlıq işlərinin görülməsi Agentliyə həvalə olunur. 


Bu il ərzində Agentlik Səhiyyə Nazirliyi ilə birgə tibb müəssisələrində kifayət qədər işlər görəcək. Bunlar əsasən həmin tibb müəssisələrinin elektronlaşdırılması, infrastruktur təminatının yaxşılaşdırılması, tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görüləcək tədbirlər, əhali və tibb işçilərini maarifləndirmək məqsədilə təşkil ediləcək təlimlərdir.


- Pilot region sakinlərinin icbari tibbi sığortanın tətbiqinə münasibətləri necədir?


- Qeyd edim ki, ölkə başçısının tapşırığına əsasən Agentlik pilot ərazilərdə ümumi əhali arasında, eləcə də öz təşəbbüsü ilə xəstə və tibb işçiləri arasında İTS-nin tətbiqinə dair məmnunluq sorğuları keçirib. Sorğuların nəticəsi onu göstərir ki, pilot ərazi sakinlərinin əldə edilən tibbi xidmətlərdən məmnunluqları artıb. Həmçinin nəticələrə görə İTS-nin tətbiqindən məmnunluq səviyyəsi 80 faizdən yuxarıdır.


- İcazə verin, sizin bu fikirlərinizə oponentlik edim. Azərbaycanda insanların əksəriyyətinin bizim səhiyyə sisteminə inamının olmaması ilə bağlı zaman-zaman müxtəlif səviyyələrdə iradlar səsləndirilib. Elə buna görədir ki, onlar müayinə və müalicə olunmaq üçün xaricə üz tutublar. İndi siz əminliklə deyə bilərsinizmi ki, artıq yeni bir sistemlə baxışlar dəyişəcək? 


- Bildiyiniz kimi, ölkədə səhiyyə sektoru inkişaf etməkdədir. Bu, cənab prezidentin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir. Kifayət qədər sayda tibb işçisi xaricdə təhsil alaraq ölkəyə qayıdıb. Türkiyə, Almaniya, Rusiya, Ukrayna və s. ölkələrdə təhsil almış həkimlərimiz var. Bu həkimlər əldə etdikləri təcrübə, qazandıqları yeni bilik və bacarıqlar çərçivəsində ölkə əhalisinə xidmət göstərirlər. Kadr potensialının artırılması istiqamətində Agentlik pilot ərazilərdə bir sıra tədbirlər görür. Qeyd edim ki, Azərbaycanda ailə həkimi institununun yaradılmasına İTS-nin pilot layihə çərçivəsində tətbiq olunduğu regionlarda başlanılıb. Ölkə üzrə bu institutun yaradılması üçün işlər görüləcək. Agentlik pilot ərazilərdə sözügedən sahə üzrə təlimlər təşkil edib. Türkiyədən ailə həkimi institutunun nümayəndələri Bakıya dəvət olunublar. Onlar pilot ərazilərdə Ailə Sağlamlıq Mərkəzlərində çalışan tibb işçilərinə təlimlər keçiblər. Pilot tibb müəssisələrində çalışan bir sıra həkimlər Türkiyə və Rusiyaya təlimlərə göndəriliblər. Bunun da nəticəsidir ki, pilot tibb müəssisələrində ilk dəfə olaraq laparoskopik, endoskopik cərrahiyyə əməliyyatları həyata keçirilib. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında artıq laparoskopik, yəni, qapalı üsulla ümumi, uroloji cərrahiyyə əməliyyatları həyata keçirilir. Buna görə də artıq pilot ərazilərdə yaşayan sakinlərin Bakıya, Gəncəyə və digər mərkəzləşmiş tibb müəssisələrinə müraciət etmələrinə ehtiyac qalmayıb.


İTS-nin tətbiqi ilə tibb müəssisələrinə daxil olan vəsaitin məbləği artacağı üçün onlar keyfiyyətli tibbi xidmətlər göstərməyə və daha da effektiv fəaliyyət göstərməyə çalışacaqlar. Səhiyyə sisteminə daxil olan tibb müəssisələri arasında sağlam rəqabətlilik yaranacaq. Vətəndaşlar da hansı tibb müəssisəsi daha keyfiyyətli tibbi xidmət göstərirsə, əminliklə həmin tibb müəssisəsinə müraciət edəcəklər. Bu da nəticə olaraq ölkədən xaricə müayinə və müalicə üçün gedən vətəndaşlarımızın sayının azalmasına gətirib çıxaracaq.


- Pilot layihələrin tətbiq olunduğu regionların insanları ilə canlı ünsiyyətdə olan biri kimi deyə bilərəm ki, icbari tibbi sığorta sisteminə hələ də inamı az olanlar var. Onlar düşünürlər ki, pulsuz necə keyfiyyətli tibbi xidmətlər əldə etmək olar? Halbuki bu, dünyada tətbiq olunan sistemdir. 


- Öncə onu qeyd edim ki, "tibbi xidmətlər pulsuzdur” fikri səhv yanaşmadır. Pilot ərazilərdəki tibb müəssisələrində sakinlərə göstərilən tibbi xidmətlərin ödənişi Agentlik tərəfindən qarşılanır. Yəni, bu o deməkdir ki, pilot ərazi sakinləri tibbi xidmətləri alan zaman xəstəxanaya heç bir ödəniş etmirlər. Tibb müəssisələrinə göstərdikləri tibbi xidmətlərin müqabilində Agentlik tərəfindən vəsait ödənilir.


Yuxarıda qeyd etdiyim kimi, əhali arasında keçirilən məmnunluq sorğularının nəticələrinə görə pilot region sakinlərinin İTS-nin tətbiqinə münasibətləri müsbətdir (84.1%). Qısa müddətdə məmnunluq səviyyəsinin artması yaxşı göstəricidir.


- Tibb işçilərinin icbari tibbi sığortanın tətbiqinə münasibətləri necədir?


- İTS-nin tətbiqindən sonra pilot tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqları artırıldı. Tibb işçilərinin arasında aparılan sorğunun nəticəsindən də belə məlum olur ki, onlar aldıqları əmək haqlarından məmnundurlar və deyə bilərəm ki, sakinlərə yüksək səviyyədə tibbi xidmətlər göstərirlər. Agentlik olaraq bizim üçün də əsas vacib məsələ odur ki, əhali göstərilən tibbi xidmətlərdən məmnun qalsın. İkincisi isə tibb heyətinin işdən məmnunluq səviyyəsinin artırılmasıdır. Bu məmnunluğun əsas tərəfi də maddi rifahın yaxşılaşdırılmasıdır. Qeyd edə bilərik ki, pilot ərazilərdə çalışan tibb işçiləri İTS-nin tətbiqindən məmnundurlar. 


Gələcək dövrlər üçün Agentliyin əsas hədəflərindən biri odur ki, tibb müəssisələri tibbi xidmətləri keyfiyyətli şəkildə əhaliyə təqdim edə bilsin. Bunun üçün də xüsusi indikatorlar var. Bunların da tətbiqini Agentlik həyata keçirəcək.


- Rəqəmlərlə deyə bilərsinizmi ki, pilot regionlarda həkimlərin maaşı nə qədər artıb? Çünki elə həkimlər var idi ki, bu sistemdən sonra aldıqları məvacib onları qane etmirdi və onlar özəl klinikalarda işləməyə üstünlük verirdilər...


- "Pilot layihə çərçivəsində həkimlərin, orta və kiçik tibb işçilərinin (heyətinin) əmək haqlarına əlavələrin hesablanması və ödənilməsi” Qaydaları müəyyən edilib. Hazırda həkimlər, orta və kiçik tibb işçiləri vahid tarif cədvəlinə uyğun olaraq əmək haqlarını almaqda davam edirlər. Bununla yanaşı pilot layihə müddətində həkimlərin göstərdikləri tibbi xidmətlər müqabilində onların əmək haqlarına stimullaşdırıcı əlavələr və həkimlərin fəaliyyətinin kəmiyyət göstəricilərinin dəyərləndirilməsi məqsədilə normativlərlə bağlı əlavələr, orta və kiçik tibbi işçilərinin əmək haqlarına isə sabit əlavələr tətbiq edilir.


Bu əlavələrin nəticəsində də yeni fəaliyyət göstərən həkimlərin əməkhaqları 360-850 manat arası təşkil edir. Qaydalara əsasən ixtisaslar üzrə əmək haqlarının məbləği dəyişir. 


Motivasiya məqsədilə yeni iqtisadi mexanizmlər tətbiq olunması tibb işçiləri arasında məmnunluq səviyyəsinin yüksəlməsinə səbəb olub. Bu da tibbi xidmətlərin keyfiyyətinə təsir edən amillərdəndir. Məlumat üçün deyim ki, pilot tibb müəssisələrində 5-6 min manatadək gəlir əldə edən həkimlərimiz var. 


- Əgər pilot layihələrin tətbiq olunduğu regionlarda həkim əməliyyat üçün xəstədən pul tələb edirsə, hara müraciət etmək lazımdır?


- Pilot ərazilərin sakinləri tibbi xidmətlərin ödənişinin Agentlik tərəfindən edildiyi haqda kifayət qədər çox məlumatlıdırlar. Əhali ilə görüşlərimizdə də onlara məlumat veririk ki, belə hallara rast gəlinərsə, birbaşa Agentliyə, yaxud da xəstəxana rəhbərliyinə müraciət edə bilərlər. Sakinlər [email protected] elektron poçt ünvanına yaza, eyni zamanda (012) 310 07 70 telefon nömrəsinə zəng edərək şifahi məlumat ala bilərlər.


Qeyd edə bilərəm ki, Agentliyə daxil olan vətəndaş müraciətlərinə xüsusi diqqət və tələbkarlıqla yanaşılır. Hər bir müraciət Agentliyin İdarə Heyətinin sədri tərəfindən oxunur və ciddi şəkildə araşdırılır. Ehtiyac olduğu təqdirdə cəza tədbirləri də görülür.


- Bu məsələ ilə bağlı nə qədər həkim cəzalandırılıb?


- İTS-nin yeni tətbiq olunmağa başladığı dövrlərdə müəyyən tədbirlər görülüb. Hazırda isə bununla bağlı müraciətlər az saydadır. Sizə də məlumdur ki, istisnalar zərfinə daxil tibbi xidmətlərin ödənişi pasiyent tərəfindən edilir. Həmçinin pasiyent ailə həkiminə müraciət etmədən birbaşa olaraq xəstəxanaya müraciət edirsə, 3 manat məbləğində azadolma məbləği ödəyib daha sonra tibbi xidməti əldə etməlidir. Bəzən bu, sakinlər arasında çaşqınlıq yaradır. 


- Ailə həkimi institutu bütün ölkəni əhatə edə biləcəkmi və hazırda nə qədər əhatə edir? 


- Ölkə üzrə İTS-nin tətbiqi ailə həkimi institutunun formalaşmasına öz töhfəsini verəcək. Artıq pilot ərazilərdə əhali ilkin olaraq ailə həkimləri tərəfindən müayinə olunur. Bildiyiniz kimi, bu sahə İTS-nin tətbiqindən əvvəlki dövrdən bir az fərqlidir. Həmin dövrdə sahə həkimi fəaliyyət göstərirdi. Hazırda təhkim olunma qaydasında hər bir ailə həkimi ona təhkim edilmiş əhaliyə tibbi xidmət göstərir. Ailə həkiminin məqsədi əhali qrupu arasında profilaktik tədbirləri həyata keçirmək, xəstəliklərin yаyılmаsının və аğırlаşmаsının qarşısını ilkin mərhələdə аlmаqdır. Pilot ərazilərdə ölüm faizi aşağı düşüb, ağır xəstəliklərin aşkar olunub müalicəyə cəlb olunması nəticəsində statistik göstəricilərdə dəyişikliklər baş verib. Bu sistemin ölkə üzrə tətbiqində də ailə həkimlərinin üzərinə böyük yük düşəcək. Çünki ailə həkimləri müayinə üçün vətəndaşın birinci müraciət etdiyi ünvan olacaq. Həmin ailə həkimləri ilə də həm Agentlik tərəfindən, həm də Səhiyyə Nazirliyi tərəfindən ciddi işlər aparılacaq ki, onlar prosesə hazır olsunlar. 


- Bir ailə həkimi neçə nəfərə xidmət edəcək?


- 2000-2500 vətəndaşa xidmət edəcək. Bura yaşlılar, uşaqlar da daxil olacaqlar. Bir ailənin əgər beş üzvü varsa, onların bir ailə həkimi olacaq.


- İcbari tibbi sığortanın qiymətləri artıq təsdiqlənib. Xidmətlər zərfi baza və əlavə hissələrdən ibarətdir. Bir qədər qiymətlər barədə məlumat verməyinizi istəyirik.


- "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə əsasən İTS haqqının məbləği və İTS-nin maliyyə mənbələri müəyyən olundu. İTS-nin maliyyə təminatının bir hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşəcək. Qeyd edim ki, xidmətlər zərfinin baza hissəsindən istifadə pulsuzdur. Əlavə hissəsindən istifadə etmək üçün isə İTS haqqı ödənilməlidir:

Azərbaycan vətəndaşı olan 18 yaşınadək şəxslər, peşə təhsili, orta iхtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsilalma forması üzrə təhsil alan 23 yaşınadək olan Azərbaycan vətəndaşları, "Əmək pensiyaları haqqında” qanuna əsasən növündən asılı olmayaraq əmək pensiyası alan şəxslər, "Sosial müavinətlər haqqında” qanuna əsasən sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər, "Ünvanlı sosial yardım haqqında” qanuna uyğun olaraq ünvanlı dövlət sosial yardımı alan şəxslər, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə Əmək Məcəlləsinə əsasən doğuşdan sonrakı dövr üçün məzuniyyətdə olan qadınlar, Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar üzrə illik 120 manat müəyyən edilir. Sığorta haqları yuxarıda qeyd olunan imtiyazlı təbəqələr üçün dövlət büdcəsi hesabına ödəniləcək. İkinci qrup isə işləyən əhalidir. Milli Məclis və Prezident tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə və əmək müqaviləsinə əsasən işləyən şəxslər üzrə hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizi işəgötürən tərəfindən, işçinin əmək haqqının aylıq 2 faizi işçi tərəfindən ödəniləcək.


Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər və özüməşğul əhali qrupu üzrə də illik 120 manat müəyyən edilir. Sığorta haqları həmin şəxslərin öz vəsaiti hesabına ödəniləcək. 


Bundan başqa, tütün məmulatlarına, energetik içkilərə, neft məhsullarına xüsusi aksiz markalarının alınmasına görə dövlət rüsumu tətbiq olunacaq ki, həmin vergilərin nəticəsində də İTS-nin maliyyə mənbələri üzrə daxil olan vəsaitlər artacaq. Həmin vəsait də əhalinin tibbi xidmətləri əldə etməsi üçün tibb müəssisələrinə ödəniləcək. Bu da nəticədə tibbi xidmətlərin keyfiyyətinin artmasına, maaşların vaxtlı-vaxtında ödənilməsinə gətirib çıxaracaq. 


- Sığorta haqları nə vaxtdan ödənilməyə başlanılmalıdır?


- 2020-ci ildən artıq İTS haqlarının toplanılmasına başlanılacaq. Onu da qeyd edim ki, xidmətlər zərfinin baza hissəsi üzrə hər il adambaşına 29 manat dövlət büdcəsi hesabına ödəniləcək. Baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə İTS haqqının ödənilməsi məcburidir. Əhali kateqoriyaları üzrə də İTS haqqının məbləği və İTS haqqını ödəyən tərəflər barədə yuxarıda geniş şəkildə məlumat verdim.


- 120 manat bir nəfər ailə üzvü üçün, yoxsa ailə üzvlərinin hamısı üçün keçərlidir?


- Hər bir şəxsin ödədiyi sığorta haqqı onun özünə aiddir.


- Xidmətlər zərfinin əlavə hissəsinə hansı tibbi xidmətlər aid olunacaq?


- Xidmətlər zərfinə ambulator, stasionar şəraitdə aparılan müayinə və müalicələr, fizioterapiya, stasionarda dərman təminatı daxildir. Qeyd edim ki, xidmətlər zərfinə həmcinin həyati vacib olan əməliyyatlar də aiddir: aorta-koronar şuntlama, anevrizmanın ləğvi (yaxud cərrahi müalicəsi), aşağı ətraf damarlarında həyata keçirilə biləcək əməliyyatlar və s. Bu xidmətləri hər bir Azərbaycan vətəndaşı İTS haqqını ödəməklə tam şəkildə əldə edə biləcək. İmtiyazlı əhali qrupları bu xidmətlər zərfindən ödənişsiz istifadə edəcəklər. İlkin mərhələdə xidmətlər zərfi üzrə Agentlik tərəfindən ciddi işlər həyata keçirilir. Yaxın zamanlarda xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin adları təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq. İlk ildə hansısa tibbi xidmətlərin əskik olduğunu görəriksə, növbəti illərdə onları da xidmətlər zərfinə əlavə etməyi düşünürük. Artıq xidmətlər zərfi daha geniş tərkibdə olacaq. 


- Tutaq ki, hazırda pilot layihələrin tətbiq olunduğu regionlarda hər hansı bir əməliyyat həyata keçirilmirsə, siz əlavə hansı xəstəxanalarla həmin əməliyyatın edilməsi üçün müqavilə bağlamısınız? 


- Pilot ərazilərdə həyata keçirilməsi mümkün olmayan məsələn, aorto-koronar şuntlama əməliyyatının, angioplastika əməliyyatlarının, beyin damarlarında anevrizmaların ləğvi (yaxud cərrahi müalicəsi), ağır travmatoloji əməliyyatların aparılması üçün Agentlik Bakı və Gəncə şəhərlərində yerləşən bir neçə tibb müəssisəsi ilə müqavilələr bağlayıb. İTS-nin ölkə üzrə tətbiq olunduğu zaman da Agentliyin tələblərinə cavab verən, geniş spektrli tibbi xidmətlər göstərə bilən və tibbi xidmətlərin keyfiyyəti yüksək olan tibb müəssisələri ilə müqavilələrin bağlanılması nəzərdə tutulur. Dövlət səhiyyə sistemində hansısa tibbi xidmətləri əldə etmək mümkün olmadığı təqdirdə, əhali həmin xidmətlərdən özəl tibb müəssisələrində istifadə edə biləcək.


Həmçinin bildirim ki, dövlət tibb müəssisələri özəl şirkətlərə xidmətlərini təqdim edə bilərlər. Hansı xidmətlər ki, İTS-nin xidmətlər zərfinə daxil edilmir, dövlət tibb müəssisələri həmin xidmətləri ödənişli şəkildə həyata keçirəcəklər. Bunlar əsasən plastik və ya digər buna bənzər əməliyyatlardır. Bu da nəticədə səhiyyə sektorunun inkişafına gətirib çıxaracaq. 


- Bütün özəl tibb müəssisələri də icbari tibbi sığortaya qoşulacaq? 


- Agentliyin strateji satınalmalar üzrə strategiyası hazırlanır. Bu da əsasən həmin tibb müəssisələrinə aid olan bir strategiyadır. Strategiyanın şərtlərinə cavab verən tibb müəssisələri ilə müqavilələr imzalana bilər. Müqavilələr əsasında onlar da əhaliyə tibbi xidmətlər göstərə biləcəklər.


- Siz xəstəxanaları gəzərkən hazırda hansı problemlərlə qarşılaşırsınız?


- Tibb müəssisələrində rastlaşdığımız ən böyük problemlərdən biri tibb təchizatlarının elektronlaşdırılması ilə bağlıdır. Bizim də əsas hədəflərimizdən biri odur ki, 2019-cu ilin sonuna qədər bütün tibb müəssisələri elektronlaşdırılsın. Yəni məlumat mübadiləsi kağız üzərində deyil, elektron qaydada həyata keçirilsin. Bununla bağlı Agentlik öz portalını hazırlayır. Tibb müəssisələrində proqram təminatı təmin olunduqdan sonra onlar həmin portala inteqrasiya olunacaqlar. Bu məsələ bu il tam şəkildə yekunlaşmalıdır ki, 2020-ci ildə İTS ölkə üzrə maneəsiz tətbiq olunsun. Digər məsələlərin həlli ilə bağlı da Səhiyyə Nazirliyi ilə ciddi iş aparılır.  Xəstəxana daxilində struktur dəyişiklikləri həyata keçirilir.


- Agentliyin tərkibində TƏBİB publik hüquqi şəxs yaradılıb. Agentliklə TƏBİB-in fəaliyyət prinsipləri arasında hansı fərqlər olacaq?


- İTS-nin tətbiq olunduğu dünya ölkələrində də belə bir praktika var. Bizdə tibbi xidmətləri alan tərəf Agentlikdir. Tibbi xidmətlərin təşkilinə, qanunvericiliyin, normativlərin, kliniki protokolların hazırlanmasına və onların tətbiqinə, eləcə də tibbi xidmətlərin keyfiyyətinə nəzarət edən qurum Səhiyyə Nazirliyidir. Üçüncü tərəf isə tibbi xidmətləri alan tərəfə bu xidmətləri satan qurumdur. Bu qurum, yəni TƏBİB xəstəxanaların idarəolunmasına, onların iş keyfiyyətinin artırılmasına nəzarət edir. Buna görə heç bir qurumun səlahiyyətində dəyişiklik olmur. Bu da İTS-nin tətbiqi üçün vacib bir addım olduğundan, ölkə başçısı bununla bağlı Fərman imzaladı. 


- TƏBİB-in nizamnaməsi təsdiq edilib?


- Bu məsələ üzərində iş aparılır və ictimaiyyətə bu haqda məlumat veriləcək.