“Hər yerindən qalxan müalicə aparır və xəstənin zehnini zəhərləyir” - Türkiyəli psixiatrla MÜSAHİBƏ

  • 2017.12.22 16:56
  • 30012 Baxış
“Hər yerindən qalxan müalicə aparır və xəstənin zehnini zəhərləyir” -  Türkiyəli psixiatrla MÜSAHİBƏ
Psixoterapiya psixologiyanın əməliyyatıdır. Burda yanlış nəsə etmək sonradan daha ciddi problemlərə səbəb ola bilər. 



Türkiyənin tanınmış psixiatrı İbrahim Bilgen "Avrasiya” klinikasının dəvəti ilə Bakıda  Kliniki psixoterapevt olmaq istəyən gənclərə, həkim və psixoloqlara seminarlar keçib. Eyni zamanda hospitalda pasiyentləri qəbul edib. 


Medicina.az-ın əməkdaşı da 50 yaşlı həkimlə görüşərək psixoterapevtik problemlər barədə fikirlərini alıb, son zamanlar yayılan depressiyalar, nevroz və panik ataklardan xilas olmaq yollarını öyrənib: 



-Doktor, siz Azərbaycanda eyni zamanda 2 mühüm işlə məşğulsunuz. Birincisi tədris, ikincisi pasiyentlərin qəbulu. Əsasən nə kimi problemləri olan xəstələri qəbul edib, müalicə edirsiniz? 


-Əsas təşviş, qayğı pozuntusu olan, panik atak, çoxsaylı takıntılar, davamlı qorxu içində olanlar, beynində davamlı olaraq həyəcan və qorxulu düşüncə daşıyanları müalicəyə alıram. Həmçinin müxtəlif ağırlıqlı depressiyalar, uşaqlarda psixoloji problemlər, diqqət əskikliyi... Uşaq və yeniyetmələrlə iş üzrə 2 il Avropada təhsil almışam. Avrasiya klinikasının rəhbəri Asiman bəylə çıxdığımız bu yolun uğurlu olacağına, Azərbaycan xalqına faydamızın dəyəcəyinə ümid edirəm. Qismət olarsa, hər ay seminarla bağlı Bakıya gəlməliyəm, eyni zamanda xəstələri də qəbul edərəm.



-Etiraf edim ki, biz azərbaycanlılarda psixoterapevtə qarşı həm qorxu, həm inamsızlıq var. Bizə görə psixoterapevtə getmək boşuna zaman və pul itkisidir. Çünki psixoterapevt uzun-uzadı söhbət edəcək, nəticəsi isə... 


-Qətiyyən, psixoterapiya söhbət demək deyil. Sakitləşdirici və ümidverici söhbəti qonşu və dost ilə də edə bilərsiniz. Bu söhbət üçün təbii ki, pul xərcləmək də mənasızdır. Əgər belə bir inamsızlıq varsa, bu, sizin, pasiyentin yox, psixoterapevtlərin günahıdır. Demək nələrsə əskikdir, nələrsə düzgün çatdırılmayıb. Psixiatriyanın cərrahi əməliyyatı yoxdur. Biz görünən bir orqanla, xəstəliklə əlləşmirik. Bizim işimiz beyin, şüur, düşüncə, ruhdur. Mən 11 illik tibbi təhsilimdən əlavə, 15 ildir, Amerikada, Avropada psixoterapiya üzrə təhsil almışam, hələ də alıram. Çünki bəzən elə pasiyent olur ki, müalicədə bir yol tapa bilmirəm. Bunun üçün hocam - Londonda çalışan məşhur psixoterapevt Coy Oliverlə skayp vasitəsilə əlaqə yaradıram, mən pasiyentimin obrazına girib, rol oynayaraq problemi, onun durumunu göstərirəm, o, mənim üzərimdən terapiyanı aparır, dolayısı ilə o, həkim rolunda olur. Beləcə harda səhv etdiyimi görürəm və bu terapiyanı sonrakı seansda pasiyentimə tətbiq edirəm. Biz özümüzü belə inkişaf etdiririk. Psixiatr ölənə kimi oxumalı, öyrənməli və bu dünyadan gedəndə yenə də bir şey bilmədən getməlidir.



-Deyirlər ki, 2025-ci ildən sonra insanların ən böyük xəstəlikləri psixoloji olacaq. İnsanlar depressiyadan intihar edəcək. Bu qədər sürətlə inkişaf edən psixoterapevtik problemlər qarşısında dayanacaq psixoteravt ordusu varmı ki, insanları bu durumdan xilas etsin?


-İnsan oğlunun zehni sürətlə dəyişir. 15 il öncə əlində telefon, başı aşağı, qulağında qulaqcıqla gəzən bir insana rast gəlməzdiniz. Bu qədər gərgin, düşüncəsi yüklənmiş insanın psixologiyası asan olarmı? Psixiatrik xəstəliklər də, pasiyentlər də dəyişir. Əgər psixiatrlar dövrə uyğun üzərlərində işləməzlərsə, biliklərini artırmazlarsa, təbii ki, bu axına tab gətirə bilməzlər. Bu gün Avropa və Amerikada sponsorların böyük pulları sayəsində çoxsaylı araşdırmalar aparılır, elmi işlər, dəyişən zehin problemlərini necə aşa biləcəyimizi öyrənirlər. Biz bunları öyrənməsək, o zaman sizin dediyiniz kimi insanlar "psixoterapevt boş-boşuna danışır, getdim faydası olmadı” deyərək, nə özü gələr, nə də tanıdıqlarına psixoterapevti məsləhət görər. Pasiyentlər az qala hər gün dəyişir, qorxular dəyişir, hisslər, təşvişlər çoxalır. Biz psixoterepavtlər də bu sürətə uyğunlaşmalıyıq. Psixoterapiya psixologiyanın əməliyyatıdır. Burda yanlış nəsə etmək sonradan daha dərin problemlərə səbəb ola bilər. 



-Hoca, seminarda qeyd etdiniz ki, insanın heyvandan fərqi düşüncəsi və beyindən  keçən çoxlu fikirləridir. Bu fikirlər o qədər ağır və qorxuludur ki, biz onların əsarəti altına düşüb, qorxulu bir şey yaşanmasa da bu düşüncələr psixikamızı yükləyir, bizdə təşviş pozuntusu yaradır. Bəs necə edək ki, bu düşüncələrə "Stop” deyək və ya belə hisslərin əsirinə çevrilməyək?


-Sizin, mənim beynimdən hər gün onminlərlə fikir keçir, təsəvvür edin, on minlər... Biz isə yalnız 1000 fikrin üzərində qalırıq, bəlkə də az. Deməli, beyin, düşüncə öz işindədir, biz ona müdaxilə edə bilmərik. Onun vəzifəsi də budur: bütün günü bir saniyə durmadan düşünmək. Onun digər vəzifəsi də insanı qorumaqdır, qorxu instinkti ilə onu özünümüdafiə halına gətirməkdir. Getmə yıxılarsan, əlini yu mikrob var, qaç təhlükə var, bax bu xəstəlik var, birdən xəstələnərsən, qəzalar var, ailə üzvlərin qəzaya düşə bilər. Bu onun borcudur, bizi daim müdafiə halında saxlamaq. Amma bu fikirlərdən hansınısa seçmək və ona uyğun hərəkət etmək insandan asılıdır. Beyninin səninlə nə danışmasından asılı olmayaraq, sənin ürəyin, hisslərin, seçim hüququn var.

 

Qorxu və seçimə aid bir sadə misal deyəcəyəm, hər şeyi anlayacaqsınız. Dünyada bütün qadınlar hamilə qalmaq, uşaq doğmağı arzulayır. Hamı da bilir ki, hamiləlik və doğum necə risklidir, dünyanın ən ağır ağrısıdır doğum. Üstəlik əməliyyat - ölümlə qalım arasındasan. Yəni hamilə qalmaq, doğuş - bunlar qadın üçün ən qorxulu və həyatı üçün riskli sayılır. Beyin bunu bilir, qadına ağrı olacaq, ölə bilərsən və s. kimi siqnallar verir. Amma qadın bütün bunlara rəğmən ana olmağı seçir. Hamilə qalınca sevinir, bilir ki, dəhşətli ağrı olacaq, doğuma hazırlaşır. Ölümü belə gözə alır: nə üçün? Uşaq üçün, ana olmaq üçün. Bu onun məqsədidir, seçimidir. Və çox qadınlar da bu dönəmi uğurla başa vurur, ana olur. Beyindəki qorxu və çəkindirmək fikirlərinə rəğmən qadınlar analıq missiyası üçün beyinə üstün gələ bilir. İstənilən panik atak, həyəcan, təşviş sindromunda bu qanun işləyir. Beyin öz işindədir, amma o heç vaxt sənin seçiminə mane ola bilməz. Əgər məqsədin varsa, sən ona fikir vermədən həyatına davam edib, çətinliklərə sinə gərib, yaxşı bir nəticə əldə edəcəksən. Əgər beynindəki fikirlərə aşırı köklənmisənsə və o artıq sənin bədənini belə idarə edirsə, qorxu sənə göz açmağa imkan vermirsə, o zaman  biz psixoterapevtlər düzgün bir sistemlə, metodlarla sənə yardım edib, o asılılıqdan qurtaracağıq. 



-Psixoterapevtlərin psixotrop preparat yazmaq hüququ da var. Mən öz təcrübəmdən deyim, seans və terapiya üçün psixoterapevt axtardım, getdim, ilk işi dərman yazmaq oldu. Siz isə bayaq Zanaks kimi preparatın hər xəstəyə yazılmasını düzgün hesab etmədiyinizi dediniz. Bu barədə nə deyə bilərsiniz?


-Şizofreniya, biopolyar pozuntular, intihara cəhd edən xəstələrdə, ağır depressiyalarda preparatlar yazıla bilər. Bu narahatlıqların müalicəsi öncə terapiya yox, dərman ilə başlanılır. Amma qayğı pozuntusu, yüngül depressiyalarda dərmanlar yazmaq doğru deyil. Dərmanla yanaşı psixoterapiya da aparılmalıdır. Əgər bu terapiya aparılmasa, dərmanla xəstəni bir müddət sakitləşdirməyin anlamı yoxdur. Çünki preparat kəsildikcə, xəstəliklər təkrarlanır.

 

Mən çox zaman heç dərman təyin etmədən terapiyaya başlayıram. 



-Davamlı olaraq antidepressant qəbul etmək insanın beyni, şüurunda sonradan bir problem yaradarmı?


-Xeyr. Bu kimi preparatlar çəki almaq, cinsi həyatda problemlərdən başqa elə də böyük problemlər yaratmaz. Amma yenə deyirəm, sadəcə dərmanla müalicə edəcəksinizsə, ən yaxşısı o xəstəni götürməyin. Psixoterapevtin vəzifəsi pasiyentə problemləri ilə necə mücadilə etməyi öyrətmək, gələcəkdə belə hal yaşanarsa, təkbaşına necə çıxmağın, həyatda sıxışıb qaldığı yerdən xilas yolunu göstərməkdir. Çünki psixoterapevt ömür boyu xəstənin yanında olmur. Bir də hər yerindən qalxan terapiya aparmasın. Əgər xəstəyə gerçək və düzgün terapiya aparmayacaqsansa, o xəstəyə toxunma. İşini bilməyən həkimin xəstəyə toxunması sonradan ciddi problemlərə səbəb olur və doğru bir həkimin çalışmasına da mənfi təsir edir. Psixoterapiyada buna "Terapistin zəhərləməsi, toksikolojisi” deyirik. Bacarmayacaqsınızsa, o zaman toxunmayın, zəhərləməyin, buraxın bu işi doğru-düzgün bilən görsün.  


Aygün Musayeva

Medicina

 


“Hər yerindən qalxan müalicə aparır və xəstənin zehnini zəhərləyir” -  Türkiyəli psixiatrla MÜSAHİBƏ
“Hər yerindən qalxan müalicə aparır və xəstənin zehnini zəhərləyir” -  Türkiyəli psixiatrla MÜSAHİBƏ
“Hər yerindən qalxan müalicə aparır və xəstənin zehnini zəhərləyir” -  Türkiyəli psixiatrla MÜSAHİBƏ