Körpələrdə bu patologiyalar gələcəkdə sonsuzluq, cinsi zəiflik və xərçəng riski yaradır… – Uşaq cərrahından ilginc açıqlamalar

  • 2018.06.01 15:20
  • 32384 Baxış
 Körpələrdə bu patologiyalar  gələcəkdə sonsuzluq, cinsi zəiflik və xərçəng riski yaradır… –  Uşaq cərrahından ilginc açıqlamalar
Peyğəmbər sünnəti, kriptorxizm, yırtıqlar uşaq yaşlarında əməliyyat olmalıdır

İynə-dərman, krem və masajla xayalar yerinə enmir 

 


 

 

Uşaq cərrahı Toğrul Ömərov Medicina.az-a uşaqlarda cərrahi patologiyalar, müasir uşaq xəstəlikləri və həyata keçirdiyi maraqlı əməliyyatlar barədə danışaraq, valideynlərə tövsiyyələrini verib. 



-Toğrul həkim, bildiyimiz qədəri ilə siz ölkə xaricində də çalışmısız. Digər ölkələrlə müqayisə etsək, Azərbaycanda ən geniş yayılmış uşaq cərrahi patologiyaları hansılardır?

 

-Bəli, əvvəl Kazanda çalışmışam, daha sonra İsraildə olmuşam. Azərbaycan üçün spesifik xəstəliklər – hipospadiya – sidik kanalının orqanın altına açılması və kriptorxizm – xayaların yerinə enməməsi patologiyalarıdır. Xarici ölkələrdə bu qədər çox rast gəlməmişəm. Məncə bu Azərbaycanda qədimdən var: el arasında buna Peyğəmbər sünnəti deyilir. 


-Axı o vaxt kimin uşağı belə doğulurdu, əksinə sevinirdilər ki, uşaq peyğəmbər nəslindəndir və əməliyyat da etmirdilər.


-Əslində, bu ciddi anomaliyalıdır. Belə uşaqlar ayaqüstə sidiyə çıxa bilmir, oturur. Orqanda ciddi deformasiya olur. Sidik kanalı yerinə açılmadığına görə gələcəkdə sonsuzluq, cinsi münasibətdə problem və psixoloji pozğunluq baş verir. Bu hallar təəssüf ki, insanın həyatını sarsıdır. Bu patologiyalar ən geci  1 yaşda əməliyyat olmalıdır. Yaş artdıqca uşaq üçün əməliyyat şərtləri çətinləşir, çünki patologiya dərinləşir, hətta düzəlməyəcək dəyişikliklər baş verir. Əvvəllər peyğəmbər sünnətinə sevinirdilər, bəli. Bunun nəticəsidir ki, həmin nəsil böyüyərək bu gün sonsuzluqla üz-üzədir. Niyə bu gün ailələrdə sonsuzluq faktları artıb?  Hamısı vaxtında patologiyanın aradan qaldırılmaması səbəbindən. Və yaxud xayaların yerinə enməməsi patologiyası. Belə uşaqları 3-6 aya kimi izləyib, əgər yerinə enməzsə, 1 yaşa kimi əməliyyat vacibdir. Əməliyyat olmazsa, yuxarıda qalan xayalar temperatur fərqinə görə inkişafdan qalır, hətta əriyib yoxa çıxa bilər. Gecikmiş hallarda 8-10 yaşlarından sonra yuxarıda qalmış xaya bədxassəli şişə çevrilə də bilər. Ona görə valideynlər diqqətli olmalıdır, gözləmə mövqeyi seçməsinlər. İynə-dərman, masaj, kremlə xaya yerinə enmir.  


-Tutaq ki, nə peyğəmbər sünnətində, nə ya xaya ennəsində əməliyyat olunmadı və böyüyüb 25 yaşa çatdı. Bu kişilərin övladı olurmu? 

-Peyğəmbər sünnətində xayalar normaldırsa, süni mayalanma ilə övlad sahibi ola bilir. Lakin hər iki xaya yuxarıda qalıbsa, o zaman ata olmaq şansı yoxdur. 

 

 


 


Günlərlə qarnını tutub ağrıyan uşağa qurd dərmanı veriblər,

son anda appendisit və peritonitdən əməliyyat etmişik 



-Bizim valideynləri əməliyyata razı salmaq da çətindir.


-Bəli, çox çətindir. Başa salırıq, yenə də "bəlkə əməliyyatsız düzələr” sualını verir. Hipaspadiya, Kriptorxizm, yırtıqdırsa, qız uşaqlarında genitalus – cinsiyyət dodaqlarının birləşməsidirsə, bunun əməliyyatdan başqa yolu yoxdur. 


Qızlarda böyrəküstü vəzlərin hiperplaziyasına rast gəlinir –cinsi orqan penis formasına oxşayır. Bu patologiyada dünyanı gəzsən də bir yolu var: əməliyyat.

 

Oğlan uşaqlarında hipospadiya – sidik kanalı hər iki xayanın ortasına açıldıqda, üstəlik orqan çox kiçik olduğundan klitora oxşadılır. Xayalar da çox kənarda olduğundan bu uşaqlara qız cinsi təxmin edirlər. Bu yaxında bizə 30 yaşında bir pasiyent müraciət etdi. Ona yanlışlıqla körpəlikdə qız uşağı cinsiyyəti təyin olunub. O böyüdükdən sonra anlayıb ki,  qadın yox kişidir. Sonra özünü sübut edib, məhkəməyə verib, cinsini dəyişib və əməliyyat olunub. Təbii ki, belə hallar körpə ikən aşkar olsaydı bu qədər sarsıntı yaşanmazdı.  


Bölgələrdə olan valideynlər uşaq doğulduqdan sonra evə gətirib saxlayır, aylarla uşaq cərrahına göstərmir. Əgər cinsiyyət üzvlərində ən kiçik anomaliya, nəsə fərqlilik hiss edirlərsə, dərhal uşaq cərrahına gəlməlidirlər. Çox patologiyalar var ki, hətta həkimi belə çaşdıra bilər.


Valideynləri yanlış yerə sürükləyən həkimlər də olur. Valideynin istəyi ilə bu işi gecikdirmək də olmaz. Sabah o uşaq böyüyüb, psixoloji problem yaşadıqda, həyatı məhv olduqda valideynini günahlandıracaq. Axı övladını sevən valideyn onun qüsurunu, problemini şans var ikən, körpəlikdə aradan qaldırmalıdır. Uşaq heç danışmır  axı dərdini desin, ya əməliyyata razılıq versin. Valideynlər daha ayıq-sayıq olmalıdır 


- Azərbaycanda Toğrul Ömərov adı ilə bağlı hansı əməliyyatlar daha çox səslənir. Ən səs-küylü, yaddaqalan əməliyyatınız hansılardır?


-Bunu mənim deməyim çətin olar. Biz daha çox kəsik olmadan laporoskopik cərrahiyyəyə üstünlük veririk ki, uşaqda dərin izlər qalmasın. Son zamanlar döş boşluğunun törəmələrinin çıxarılması kimi çətin əməliyyatları icra etdik. Ağciyər toxumasının sinqvester dediyimiz törəməsini əməliyyat etdik. Son 5 ayda 8 belə əməliyyat etmişik. Uşaq böyrəyində sidik kanalının darlığı, uşaqlarda əl-ayaqda 6 barmaqlılıq, barmaqların birləşməsi, çox böyük teratomaların çıxarılması əməliyyatları... Biz bu gün çalışırıq ki, dünya ilə ayaqlaşaq. Tezliklə Amerikadakı master-klaslara qatılıb, uşaqlarda anal atreziya- Hişpurn patologiyasının yeni metodla əməliyyatını öyrənəcəyik. Hər il əməliyyatlarda yeniliklər, dəyişikliklər baş verir. Bunları öyrənib tətbiq etmək lazımdır. 


-Bəs öyrənmək istədiyiniz əməliyyat hansıdır ki, hələ tətbiq etməmisiz?


Hamilələrdə, ana bətnində ikən körpədə fetal əməliyyatları etmək istərdim. Əslində Kazanda bu yöndə çalışmalarımız olub. Amma hələ ki, Azərbaycanda tətbiq edə bilmirik. Halbuki bu da bizim sahədir və çox ehtiyac var. Körpəni ana bətnində ikən əməliyyat edib xilas etmək olar. Bunun üçün həm kliniki imkanlar, həm də böyük komanda lazımdır. Olduqca çətin əməliyyatdır. Bu əməliyyat üçün xüsusi şərait olmalıdır. Amma tezliklə bunu reallaşdıracağıq. Bu baş versə, ana bətnində bir çox səbəblərdən körpənin tələf olmasının və ya qüsurlu doğulmasının qarşısını almaq olar.


- Həkim, bu qədər qüsurlu, teratomalı, belə deyək, zahirən dəhşətli qüsurlarla körpələrin doğulmasının səbəbi nədir?


-Günümüzdə ən çox rast gəlinəni teratoma büzdüm sümüyündə olandır. Bu vaxta kimi 8 körpəni teratomadan əməliyyat etdik. Burda normal estetik görünüş almaq vacibdir. Ən böyük teratoma 7 kq-lıq teratomalı körpə idi. 

Belə qüsurların artmasına səbəb ətraf mühit, qidalanma, zərərli ərzaqlar, hamiləlik dönəmində lazımsız dərmanların qəbulu, stress, özbaşına tibbi müdaxilələr və müəyyən genetik səbəblərdir. Azərbaycanda qan qohumluğu, qohum evlilikləri qüsurlu doğumları artırır.

 

 

 Uşağı sünnət etdirməzdən əvvəl uşaq cərrahına göstərin,

elə patologiyalar var ki, sünnətdən sonra düzəlməsi çətindir 



Bir uşaq cərrahı kimi valideynlərdən istəyiniz, belə deyək, məsləhətiniz nədir?


Bütün valideynlərə demək istərdim ki, bizim qorxduğumuz, çəkindiyimiz heç bir əməliyyat yoxdur. Amma elə hallar olur ki, məsələn, anadangəlmə qida borusu olmayan uşaq. Əməliyyatdan öncə valideynə xəbərdarlıq edirik ki, riskli əməliyyatdır, uğursuz ola bilər . Amma başqa çıxış yolu yoxdur. O uşaq əməliyyat olmasa da həyatını itirəcək. Valideyndən həkimi anlamaq xahiş olunur. Çox valideynlər həkimdən 100% zəmanət istəyir. Amma cərrahiyyədə 100%zəmanət olmur. Allaha şükür ki, ölüm faktı olan əməliyyatımız olmayıb.

 

Biz əlimizdən gələni edirik. Valideynlər sadəcə həkimi başa düşməlidir. Əməliyyatdan sonra da pasiyentləri izləyirik, 3-5- il sonra da yanımıza gəlirlər. Valideynlərdən övladının səhhətinə qarşı məsuliyyət istəyirəm. Keçən həftə bir uşaq gətirdilər. Tullanan zaman bağırsaq bağırsağın içərisinə girib- envaginaziya baş verib. 2-4 yaş uşaqlarda bu hal baş verə bilər. Çünki hələ bağırsaqlarzəif olur. O uşağı xəstəxanaya aparıblar, heç bir şey tapmayıblar. Xoşbəxtlikdən nekroz başlamamışdı. Bizə gətirilən kimi təcili əməliyyata aldıq. 

 


Çox vaxt körpə qarnını tutub ağlayır, elə bilirlər qarnı ağrıyır, qurdu var, dərman verirlər. Tutmaşəkilli ağrılarda vaxtında reaksiya vermək lazımdır. Qazı, köpü var deyə keçirlər. Halbuki uşaqda çox ağır patologiya, ən azından appendisit ola bilər. Çox olub ki, günlərlə appendisiti ağrıyıb, qurd dərmanları yazıblar. Uşaq bizə gəlib çatanda qarın boşluğu iltihab, peritonitli idi. Uşağın ağrısına laqeyd yanaşmaq olmaz. Bu onun həyatını itirməsinə gətirib çıxarar.  İkinci məsləhətim, uşağı sünnət etməmişdən əvvəl uşaq cərrahına göstərin.

 

Çox təəssüf ki, gələn hipospadiyalı uşaqların çoxu artıq sünnət olunub və bizə əməliyyatda lazım olan o dəri kəsilib atılıb. Biz məcbur olub uşağın ayrı nahiyəsindən dəri götürürük. Batıq  penis patologiyası var ki, o uşağı sünnət etməzdən əvvəl orqan düzəldilməlidir. Sünnətdən sonra orqan daha da kiçilir, içəri girir, onu düzəltmək çətin olur. 


AYGÜN MUSAYEVA

Medicina.az 


 

 

 


 


 Körpələrdə bu patologiyalar  gələcəkdə sonsuzluq, cinsi zəiflik və xərçəng riski yaradır… –  Uşaq cərrahından ilginc açıqlamalar
 Körpələrdə bu patologiyalar  gələcəkdə sonsuzluq, cinsi zəiflik və xərçəng riski yaradır… –  Uşaq cərrahından ilginc açıqlamalar
 Körpələrdə bu patologiyalar  gələcəkdə sonsuzluq, cinsi zəiflik və xərçəng riski yaradır… –  Uşaq cərrahından ilginc açıqlamalar
 Körpələrdə bu patologiyalar  gələcəkdə sonsuzluq, cinsi zəiflik və xərçəng riski yaradır… –  Uşaq cərrahından ilginc açıqlamalar