“Toydan qayıdır, mədəsi ağrıyır, elə bilir ki, zəhərlənib... Halbuki infarkt olub” - Professor qəfil ölümlərdən danışır/ Müsahibə

  • 2018.12.10 16:42
  • 28969 Baxış
“Toydan qayıdır, mədəsi ağrıyır, elə bilir ki, zəhərlənib... Halbuki infarkt olub” -  Professor qəfil ölümlərdən danışır/ Müsahibə
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, professor,  Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş elmi işçisi Tofiq Cahangirovun Medicina.az-a müsahibəsi. 


- Ürək, qan-damar xəstəliklərinin ölüm hallarında xüsusi çəkisi necədir? 


- Ürək, qan-damar xəstəlikləri dünyada ümumi ölümün 33,1 faizini təşkil edir. Hər il 17,9 milyon insan ürək, qan-damar xəstəliklərindən dünyasını dəyişir. Başqa sözlə, hər 3 nəfərdən 1-i ürək, qan-damar xəstəliklərindən vəfat edir. Azərbaycanda da ürək, qan-damar xəstəlikləri geniş  yayılıb. Azərbaycanda da ölümlərin 30-31 faizi ürək, qan-damar xəstəlikləri ilə əlaqədardır. Son 10 ilə nəzər salsaq, ürək, qan-damar xəstəliklərindən ölənlərlə bağlı göstəricinin azaldığını müşahidə edərik. Təbii ki, bu məsələdə maddi-texniki bazanın gücləndiriməsi, klinikaların təminatı, kadrların təkmilləşməsi, mütəxəssislərin sayının artması mühüm rol oynayır. Azərbaycanda kardiologiya sahəsində yalnız ürək köçürməsi həyata keçirilmir. İstər kardiocərrahiyə, istər medikomentoz, yəni dərmanlarla müalicə, istər aritmiya sahəsində hər hansı problem yoxdur. 


- Son illər ürək, qan-damar xəstəliklərinin cavanlaşması müşahidə olunurmu? 


- Çox təəssüf ki, ürək, qan-damar xəstəlikləri cavanlaşır. Əgər biz öncəki tibbi ədəbiyyatlara nəzər salsaq, həmin ədəbiyyatlarda miokard infarktı ilə bağlı kriteriyalar sırasında yaş amil kimi götürülürdü. Yəni cavandırsa, miokard infarktı olma ehtimalı az sayılırdı, 50 yaşdan yuxarı insanlarda miokard infarktı ehtimalı yüksək sayılırdı. Artıq yaş amili aradan götürülüb. Bu gün miokard infarktı ilə bağlı 25 yaşlı insanlarımız da qeydə alınıb. Ürək, qan-damar xəstəliklərinin cavanlaşmasının səbəblərinə gəlincə, burada insanların həyat tərzi böyük rol oynayır. Bu xəstəliklərin əmələ gəlməsi üçün risk amilləri var. Risk amilləri siqaret çəkmək, hərəkətsizlik, köklükdür. Bunlar arterial iperteziyanın əmələ gəlməsinə, insultun baş verməsinə, qan laxtalanması, trombların əmələ gəlməsinə, ürəyin işemik xəstəliklərinin, miokard infarktın yaranmasına səbəb olur. Piylənmə otrisklerozun, kirəclənmənin əmələ gəlməsinə gətirib çıxarır. Təəssüflər olsun ki, cavanlarımız normal həyat tərzi keçirmir, qeyri-normal həyat tərzi keçirir. Söhbət siqaret çəkmə və hərəkətsizlikdən gedir. Normal halda ürək, qan-damar xəstəliklərinin profilaktikasında hər bir insanın gün ərzində 5-6 km məsafəni templə, sürətlə piyada qət etməsi vacibdir.  Siqaret çəkmə də ürək, qan-damar xəstəliklərinin yaranmasında mühüm rol oynayır. Hərəkətsizliyi də xüsusi qeyd etmək lazımdır. Təbii ki, 21-ci əsr kompüter əsridir, cavanlar daha çox kompüter arxasında otururlar.  Lakin hərəkətsizlik nəticəsində ürək, qan-damar xəstəlikləri cavanlaşır. 


- Hazırda çalışdığınız Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutuna hansı rayonlardan daha çox müraciət edilir?


- Ürək, qan-damar xəstəlikləri ilə əlaqədar  xəstələr birbaşa Respublika Klinik Xəstəxanasına müraciət edirlər. Amma Elmi-Tədqiqat Kardiologiya İnstitutu mərkəzləşdirilmiş, mütəxəssislərin olduğu bir mərkəzdir. Kardiologiya İnstitutunun klinikasına respublikanın hər bir güşəsindən xəstələr, ilk növbədə kəskin fazada olan miokard infarktı xəstələri  müraciət edirlər. Miokard infarktı ilə xəstəxanamıza ölkənin hər yerindən xəstələr daxil olur. Təbii ki, Bakı şəhərindən belə xəstələr daha çox daxil olur. Amma klinikamızda müxtəlif şöbələr var və həmin şöbələrə infarktdan sonrakı ürək çatışmazlığı, aritmiya və digər ağır xəstələr müraciət edirlər. Ona görə də bütün bölgələrindən, xüsusilə də Bakı şəhərindən Kardiologiya İnstitutunda xəstələr stasionar müalicədədirlər.   


- Hansı ürək, qan-damar xəstəlikləri daha geniş yayılıb?


- Bu xəstəliklər içərisində ürəyin işemik xəstəliyi, yəni stenekardiya, miokard infarktı birinci yeri tutur. İkinci yerdə arterial hipertenziya, yəni təzyiqin yüksəlməsi ilə əlaqədar xəstəliklər gəlir. Üçüncü yerdə ürək ritminin pozulması, aritmiyalı xəstələr, yəni ürək çatışmazlığı olan xəstələr qərarlaşıb. Bununla yanaşı, ürək qüsurları və digər ürək, qan-damar xəstəlikləri də var. 


- İdmançılar ürək, qan-damar xəstəliklərindən nə dərəcədə əziyyət çəkirlər? 


- İdmançılar vaxtında müayinə olunmalıdır. İdmançıların bəzilərində ürək əzələsinin qalınlaşması – hippertrafiya, ürək ritminin pozulması halları olur. Ona görə də belə xəstəliklər vaxtında aşkarlanmalıdır. Bizə müayinəyə gələn bu qrup xəstələrin əksəriyyətində ürək əzələsinin qalınlaşması və ürək ritminin pozulması halları aşkarlanır. Peşəkar idmançılarda bu hallar qəfləti ölüm hallarının baş verməsində mühüm rol oynayır. Ancaq ümumilikdə, gənclər idmanla, bədən tərbiyəsi ilə məşğul olmalı, yüngül hərəkətlər etməli və vaxtaşırı həkim nəzarətindən keçməlidirlər. Çünki elə gənc var ki, ritm pozulması var və ona uyğun fərdi məsləhətlər verilməlidir. Piyada gəzmək bu tövsiyələrdən ən önəmlisidir. Hər bir insan gün ərzində buna mütləq əməl etməlidir.    


- Ağırlıq qaldıran idmançıların bu xəstəliklərdən daha çox əziyyət çəkdiyi doğrudurmu?


- Həkim kimi praktikamızda görürük ki, zaman keçdikcə ağırlıqqaldırma idman növü ilə məşğul olan insanların ürəyində problemlər özünü büruzə verir. Bu, xüsusən həmin insanların idmandan uzaqlaşdığı zaman ortaya çıxır. Ağırlıqqaldırma idman növündə ürək əzələsinə düşən yük daha çox olur, ürək əzələsi daha çox qalınlaşır. Lakin sonradan həmin insanlar idmandan uzaqlaşan zaman ürəyin əzələsində boşalmalar, ürək boşluğunda genişlənmələr yaranır. Bu qrup xəstələr artıq çəki alır və onları ürək çatışmazlığı daha çox narahat edir. 


- Reklam edilən proteinlərin qəbulu insan sağlamlığına necə təsir edir?  


- Mən bir kardioloq kimi belə proteinlərin qəbulunu məsləhət görmürəm. Ən gözəl protein, ən gözəl sağlamlıq müəyyən bir çərçivədə, peşəkar, həkim məsləhəti çərçivəsində idmanla məşğul olmaqdır. Yaddan çıxarmaq olmaz ki, müxtəlif tərkibli proteinlər var. Proteinlər nəinki ürək, qan-damar sisteminə, böyrəklərə, digər orqanlara mənfi təsir edir. Hətta proteinlərin cavanlarda sonsuzluğa yol açmasına dair faktlar var. Bəzən protein qəbulu ilə bağlı düzgün olmayan təbliğat aparılır, guya sağlamlığa təsirinin olmadığı bildirilir. Lakin həyat göstərir ki, insanlar müəyyən dozada proteinə aludə olduqdan sonra onun dozasını artırırlar və bu da ürək, qan-damar sisteminə, digər orqanlara mənfi təsir göstərir. 


Belə reklamların əvəzinə insanların idmana cəlb edilməsi, sağlamlığa dair roliklərin nümayişi daha yaxşı olar.  


- Kardiologiya İnstitutunda xəstələrin qəbulu prosesi necə təşkil olunur? 


- Akademik C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda son bir ay ərzində aparılan islahatlar bir faktdır. Bu islahatları klinika, elm, sanitariya sahəsində islahatlara bölmək olar. İlk öncə sanitariya sahəsinə diqqət yönəltmək istəyirəm. Son bir ayda Kardiologiya İnstitutunda sanitariya sahəsində vəziyyətdə yaxşılığa doğru bir dəyişiklik var. Klinikanın sanitariya vəziyyəti ilə yanaşı, klinikada aparılan yenidənqurma işləri də göz önündədir. Bu gün birinci mərtəbədən tutmuş üçüncü mərtəbəyə qədər hissə-hissə təmir işləri aparılır. Yeniliklərdən biri odur ki, təmirdən sonra institutumuzda qəbul şöbəsi bir növ təcili yardım şöbəsinə çevrilib. Çünki bura xəstələr çox gəlir. Məsələn, adi müayinəyə gəlirlər, baxırsan ki, vəziyyəti ağırlaşdı. Təbii ki, planlı şəkildə reanimasiyaya xəstələr daxil olur, ancaq belə təcili yardım şöbəsinə də zəruri ehtiyac vardı.  Hazırda bu şöbənin təchizatı, monitorları, avadanlıqları mövcuddur, həkim və orta tibb işçiləri var. Bu şöbə 24 saat ərzində fəaliyyət göstərir. 


Hazırda intensiv terapiya, yəni reanimasiya şöbəsində təmir işləri aparılır. Lakin son bir ayda bu şöbədə dəyişikliklər göz qadağındadır, yeni defibulyatorlar, monitorlarla təchiz edilib. Palatalarda çarpayılar dəyişib, sanitariya ilə bağlı işlər aparılıb. Laboratoriyada da köklü dəyişikliklər var. İndiyə qədər aparılmayan analizlər artıq bu laboratoriyada təyin edilir. Laboratoriya  şöbəsində gecə növbəsi də təşkil edilib. Çünki miakart infarktı şöbəsi var, xəstə gəlir, trombların təyin olunması və digər laboratoriya işlərinə ehtiyac var. 


Bu islahatlar Kardiologiya İnstitutunun klinikasında aparılır. Bununla yanaşı, institutun Elmi Şurasının tərkibi yenidən seçilib, dissertantların, doktorantların elmi işləri ilə bağlı ciddi yanaşma var. Elmi Şurada kilinik halların müzakirəsi aparılır. Ağır xəstələr seçilir və bununla bağlı hər dəfə müzakirə keçirilir. Bu yaxınlarda bir dəyirmi masa da keçirdik. Bu, böyük optimaiz tədqiqatının analizidir. Həmin tədqiqat başqa ölkələrdə aparılırdı. 


Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycan Kardiologiya Cəmiyyətinin 7-ci Konqresi də keçirildi. Həmin tədbirə qatılan xarici qonaqların iştirakı ilə Kardiologiya İnstitutunda geniş bir tədqiqatın müzakirəsi aparıldı. Bu işlərin hamısı davam etdiriləcək. 


Azərbaycan Kardiologiya Cəmiyyətinin 7-ci Milli Konqresi möhtəşəm bir konqres mərkəzində keçirildi. Bu, Azərbaycanın, o cümlədən səhiyyəmizin da inkişafının bir göstəricisidir. Kardiologiya İnstitutunda  aparılan islahatlara, klinikaların fəaliyyətinə, Azərbaycan Kardiologiya Cəmiyyətinə, həkimlərə yaradılan şəraitə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, səhiyyə naziri Oqtay Şirəliyevə təşəkkürümüzü bildiririk. Milli Konqreslə əlaqədar səhiyyə nazirimizin tövsiyələri məsuliyyətlə yanaşdıq və tədbirin maksimum yüksək səviyyədə keçirilməsinə çalışdıq. 


Konqresə Parisdən bir məşhur alim gəlmişdi, əslən litvalıdır. Həmin alim dedi ki, çox yorğun olsa da, gecə aeroportdan otelə gələnə qədər  yorğunluğu çıxıb. Bosniya-Hersoqovinadan gəlmiş alim isə dedi ki, Bakını köhnə, təzə şəhər kimi xarakterizə etmək olmur, hər bir guşəsi dünyanın bir şəhərini xatırladır.


Bütün bunlarla yanaşı, sosial sahədə də yeniliklər var. Hər bir işçinin ad günü beş dəqiqə vaxt ayrılır, ad günü elan olur, ona hədiyyələr verilir. Təbii ki, tibb işçilərinin buna da ehtiyacı var. 


Gülnaz Dadaşova Kardiologiya İnstitutuna yeni direktor təyin edilib, gənc, perspektivli kadrdır, işi göz önündədir. Biz də Kardiologiya İnstitutunun əməkdaşları olaraq direktorumuza dəstək verərək institutun nüfuzunun artmasına çalışacağıq.

  

- Müsahibəyə gələrkən rastlaşdığımız bir xəstə burada el arasında "anju” deyilən aparatın belə olmadığını söylədi... 


- Söhbət karonor angoqrafiyadan gedir. Bu, ürəyin tac damarlarının yoxlanılmasıdır.  Buna klinikamızda böyük ehtiyac var və mən bunu öncə də vurğuladım. 


-  Ürəyimizdə problemlərin yaranmasından necə xəbərdar ola bilərik? 


- Təəssüflər olsun ki, insanlarımız yalnız xəstələndikdə həkimə müraciət edir. Qəfləti ölümlərin olmaması üçün insanlar yaşından asılı olmayaraq vaxtı vaxtında müayinə üçün kardioloqa müraciət etməlidir.  Elektrokardioqrafik və exokardioqrafiya müayinələr aparılmalı, qanın analizi olmalıdır. Əvvəllər hər bir insan qan qrupunu bildirdi. Günümüzdə isə hər bir insan qanında xolesterin, şəkər və qan laxtalanması barədə məlumatlı olmalıdır. Bu 3 göstərici mütləq bilinməlidir. Üstəgəl, vaxtı vaxtında müayinə edildikdə qəfləti ölümə səbəb olan hallar aşkar edilir. Bu hallar hansılardır? Qəfləti ölüm ürək ritminin pozulması, digər orqan xəstəlikləri nəticəsində tromb-embaliya fonunda yarana bilir. Ona görə də xəstəliyin ilkin mərhələsində profilatik olaraq yoxlanılmalıdır. Əgər profilaktik yoxlama zamanı xəstəliyin yaranma səbəbi aşkarlanırsa, qəfləti ölümdən qaçmaq olur. Məsələn, hipertrozik kardiomiapatiyası olan xəstələrdə ürək əzələsi qalınlaşır. İnsan idmanla məşğul olur, bunu bilmir və tutaq ki, futbol oynayan zaman sıxılma fonunda qəfil ölür. Yaxud ürəyin ritminin pozulması olur. İnsan bir dəfə müayinələrdən keçsə, ürək ritminin pozulması aşkarlana bilər. Digər xəstəliklər də vaxtı vaxtında aşkarlanmalıdır. Zamanında  həm instrumental müayinələr aparılmalı, həm də şəkərə, xolesterinə və laxtalanmaya qarşı qanuı analizi keçirilməlidir. 


- Yeri gəlmişkən, son illər gənc və orta yaşlı jurnalistlər arasında da ürəklə bağlı qəfil ölümlər baş verdi. Natiq Qədimov da bu jurnalistlər sırasındadır. Həmin jurnalistlərin əvvəllər sağlamlığı barədə ciddi şikayətləri olmamışdı.  

 

- Xəstəliyin tipik və atipik forması var. Tipik forma odur ki, xəstənin ürəyində problem var. Yəni ürək nahiyəsində problem olur. Döş sümüyü arxasında göynəmə, yanğı olduqda fikirləşir ki, ürəyi ağrıyır. Lakin miokard infarktının atipik formaları var. Atipik forma nədir? İnsan bir toy məclisinə gedir, qayıdanda mədəsində ağır olur. Fikirləşir ki, bu, mədə ilə bağlı ağrılardır. Hətta mədəsi yuyulur. Amma ola bilər ki, bu, miokard infarktının abdominal qarın forması olsun. Belə hallarda qəfil ölüm çox olur. 


Atipik formalardan asmatik aritmik forma var. Xəstədə boğulma olur, fikirləşir ki, infarkt deyil, ancaq infarktdan həyatını itirir. Yaxud tipik formada miokard infarktı ürək nahiyəsində sol kürəyə nəql oluna bilərsə, ancaq atipik formalarda sol qoluna da vura bilər. Hətta xəstənin barmaqlarının ucunda keyimə ola və bu, miokard infarktı ola bilər. 


Təcrübəmdə xəstə olub ki, sol bilək nahiyəsinin ağrıdığını bildirib. Lakin müayinə zamanı xəstədə ürəyin işemik xəstəliyi olduğu müəyyən edilib. Buna uyğun da müalicə aparılıb.   


Bəzən cavan şəxsin qəfləti ölümü olur. Yaxınlardan soruşursan, deyirlər ki, heç bir şeyi yox idi. Qısaca bir sual verirəm. Soruşuram ki, son 2-3 gündə pilləkənləri qalxan zaman mədəsində göynəmə var idi? Deyirlər ki, bəli. Ürəyin işemik xəstəliyi budur. Yəni miokard infarktı artıq 3 gün öncədən başlayıb, amma atipik forma olduğu üçün insan fikir vermir. 


Nəzərə almaq lazımdır ki, yüzə qədər xəstəlik döş qəfəsində ağrı verə bilər. Həkim kardioloq aşkar etməlidir ki, bu, ürəklə bağlı ağrılardır, yoxsa başqa ağrılardır.   


Çingiz Əliyev

Medicina.az