"İki uşağımı həkimlər əlil etdi" -- MÜƏMMA İynə vurulduqdan sonra biri kar, digəri iflic olan körpələr

  • 2019.08.08 20:24
  • 9246 Baxış
"İki uşağımı həkimlər əlil etdi" -- MÜƏMMA  İynə vurulduqdan sonra biri kar, digəri iflic olan körpələr
İyulun 21-də ikinci dəfə ata olan Tural Əsgərov həkim səhlənkarlığından şikayətlənir. O övladının başına gətirilənlərdə doğum evinin həkimlərindən şikayətçidir. 


Medicina.az xəbər verir ki, T. Əsgərov Baku.t-ə bildirib ki,  Bayılda yerləşən 5 nömrəli Doğum evində uşağı dünyaya gəldikdən iki gün sonra həkimlər onda heç bir problemin olmadığını deyiblər.


Daha sonra isə körpəni ümumi yoxlanış üçün OMD kimi tanınan Kübra Fərəcova adına Elmi Tədqiqat İnstitutuna göndəriblər. Xəstəxanada müayinə zamanı məlum olub ki, uşağa hepatit uçün vurulan iynədən sonra həmin yer çirk edib. Burada da iki günlük müalicədən sonra körpənin vəziyyətinin yaxşı olduğunu deyən həkimlər onu evə buraxıblar:


"OMED-də baxdılar ki, uşağın ayaq hissəsində yara var. Bizdən yaranın nə olduğunu soruşdular. Dedik ki, biz bilmirik, məlumat verilməyib. Təcili yardım işçiləri isə bildirdilər ki, yara olan yerə hepatitə görə iynə vurulub, yeri çirk edib. Burada iki gün yatmalıdır”.


Uşağın valideynləri bununla razılaşıb: 


"İki gün burada körpəmin qolunu kompres etdilər. Daha sonra dedilər ki, ümumi vəziyyəti normaldır”.


Evə getdikdən sonra temperaturu yüksələn uşağın bir qolu iflic olub.


Yenidən OMD-yə gətirilən körpəyə bətndaxili infeksiya diaqnozu qoyulub. Uşağın atası T.Əsgərov isə əlindəki analiz cavabları ilə israrla bildirir ki, həyat yoldaşı Rübabə Əsgərova hamilə olarkən dəfələrlə müayinələrdən keçib və mənfi heç bir şey aşkarlanmayıb:


"Həm 5 nömrəli qadın məsləhətxanasında, həm də Bayıl doğum evində dörd dəfə yatıb”.


Eyni hadisəni ikinci dəfə yaşayan ata deyir ki, birinci övladını da burada vurulan səhv antibiotik nəticəsində kar ediblər:


"İki uşağımı da beləcə əlil etdilər”.


Məsələ ilə bağlı 5 saylı Doğum evinin baş həkimi Xədicə Əhmədova ilə əlaqə saxladıq.


Adıçəkilən xəstəxanada doğuşdan qabaq R.Əsgərovaya heç bir problemi olmadığı deyilsə də, baş həkim bunu təkzib edir:


"Qadının bətndaxili infeksiyası olduğu uçun birinci övladı da kar doğulub”.