“Bəzi xərçəng növləri yaxın müddətdə yox ediləcək” – VİDEO

  • 18 Mart, 2019
  • 12982 Baxış
“Bəzi xərçəng növləri yaxın müddətdə yox ediləcək” – VİDEO

Prezident İlham Əliyevin sərəncamı ilə elm sahəsi üzrə Gənclər üçün Prezident Mükafatına layiq görülən Genetik Ehtiyatlar İnstitutunun laboratoriya müdiri, tibb üzrə fəlsəfə doktoru Allahverdi Şahverənovun Medicina.az-a müsahibəsi:

A.Şahverənov doktorantura səviyyəsi üzrə Hökumətlərarası Təqaüd Proqramının (HTP) məzunudur. Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirən A.Şahverənov 2013-2016-cı illərdə Çinin Huazhong Universitetində onkologiya ixtisası üzrə doktorantura təhsili alıb. 2016-cı ildən AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda İnsan genetikası laboratoriyasına rəhbərlik edir. Həmin il dissertasiya müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 

2017-2018-ci illərdə Çinin Şencen Cənubi Elm və Texnologiya Universitetində postdoktorantura təhsili alan gənc tədqiqatçı Azərbaycan, alman, ingilis, rus, Çin və türk dillərini bilir.

- Prezident İlham Əliyevin Sərəncamı ilə elm sahəsi üzrə Gənclər üçün Prezident Mükafatına layiq görüldünüz. Bunu gözləyirdiniz?
- Gözləyirdim... Amma 100 faiz seçiləcəyimi düşünmürdüm. Anamla nənəmgildən qayıdanda qəfil zəng olundu. Anamla ikimiz bildik və çox sevindik. Sonra elm sahəsində fəaliyyət göstərən gənc alim dostlarımızla da bu sevinci paylaşdıq. Çox fərqli hisslər idi, qürur hissi idi, sevinc hissi idi. Bu fürsətdən istifadə edib, prezidentimizə təşəkkür edirəm ki, elmi fəaliyyətimə bu cür qiymət verərək, məni prezident mükafatına layiq gördü.

- Bu sahədə ən böyük hədəfiniz nədir?
- Ən böyük hədəflərimdən biri Nobel mükafatı almaqdır. Bu mükafatı əldə etmək çox çətindi, ancaq "niyədə yox” sualını özümə veridiyim üçün inanıram ki, bir gün o mükafatı alacağam. Yalnız mükafat üzərinə də fokuslanmaq istəməzdim. Hər il dünyada xərçəng xəstəliyindən milyonlarla insan ölür. Ən böyük hədəfim xərçəng xəstəliyini bitirməkdir. Xərçəngin o qədər növü var, hər növün o qədər yarımnövü var ki… hamısı da fərqli bir dünyadır. Təbii, ümid edirəm, bunları birləşdirəcək bir ortaq nöqtəni tapıb, xəstəliyin tamam müalicəsi üçün nəsə edə bilərəm. Ən böyük hədəfim də budur.

- Sizcə, dünyada xərçəngin sonunu neçə ilə gətirmək mümkün olacaq?
- Bu qısa müddətdə mümkün deyil. Vaxt söyləmək də çox çətindir. Hazırda vaksinasiyası həyata keçirilir. Bu, çox önəmlidir. Ümid olunur ki, hər bir insanın şəxsi genomu üzərindən xüsusi maddələrdən ibarət bir kompozisiya hazırlanacaq və onlara tətbiq olunacaq və biz artıq xərçəng xəstəliyinin sonunu gətirə biləcəyik. 

Genom, gen mühəndisliyi ilə genləri dəyişməklə bəlkə də bunları qısa müddətdə bitirmək olar. Dediyim kimi, xərçəng xəstəliyi çox böyük bir sahədir. Hər növün öz yarımnövləri, o yarımnövlərin də öz yarımnövləri var. Hərəsinin də öz böyümə mexanizmi var. Gərək, bütün bunların tam ortaq bir nöqtəsi tapıla. O ortaq nöqtə tapıldıqdan sonra onun üzərinə hədəflənib xərçəngi bitirmək olacaq. Bu baxımdan, təəssüf ki, bu xəstəliyin tam müalicəsinin yaxın illərdə tapılacağına inanmıram. 

Amma bəzi xərçəng növləri yaxın müddətdə 100 faiz bitəcək. Buna inanırıq. Çünki artıq proses başlayıb. Məsələn, sizə nümunə deyim, bəzi xərçəng növlərinin artıq səbəbləri bəllidir. Qadınlarda uşaqlıq boyunu xərçəngi var ki, onun səbəbi popilloma virusudur. Bu popilloma virusunu kəşf edən hazırda yaşayır. Almandır. Hazırda da Almaniyada araşdırma lobaratoriyasında bunun üzərində işləyir. Həmin şəxs bu virusun vaksinasiyasını da yaradıb. Xanımlar gərək, müəyyən yaş periodunda bu virusa qarşı vaksinasiya olsunlar. Xanımlarımız vaksinasiya olunsunlar ki, ən azı bilinən bir xərçəng növünə yoluxmaqdan özlərini sığortalasınlar.

-Sizin yenilik etmək niyyətiniz xərçəngin hansı istiqaməti üzrədir?
- Gen dəyişmə sistemi ilə bəlli bir xərçəng hüceyrə xəttində nəticə əldə etmək istəyirik. Burada bir kiçik nəticə əldə etsək, bu, bütün dünyada vacib bir addım olacaq. Çin və ABŞ-da  da bu sahədə xüsusi araşadırmalar edilir. Amma burada kiçikdə olsa, bizimdə payımızın olması mənim üçün elmi yenilikdir.

- Onkoloji xəstəliklərin son zamanlarda sürətlə yayılmasının səbəb nədir?
- Burada çox səbəb var. Dəqiq səbəbi bilmək mümkün deyil. Ancaq xərçəngin yüksək risk faktorları bəllidir. İnsanlıq hələ tarixin heç bir anında müasir dövrdəki qədər kimyəvi maddələrə, radiasiyaya məruz qalmayıb. Və bu zərərli kimyəvi maddələr və radiasiya hər yerdə bizimlədir – qidalarımızdan tutmuş, iş mühitinə qədər. Bu risk faktorları ilə hər gün rastlaşdığımız üçün bədən çatdırmır. Bunlara görə bədənimizdə hər gün yeni şiş ocaqları yaranır. Ancaq vaxtında "check-up” olunmaqla bu risklərdən müəyyən qədər qorunmaq olar. Xəstəliyin vaxtında müəyyən edilməsi böyük üstünlükdür. Bədənimizin müxtəlif yerlərində hər gün kiçik şiş hüceyrələri yaranır. O, yerindəcə məhv olur. Bunu biz bilmirik. Çünki çox kiçik, molekulyar səviyyədə baş verir. Amma milyonlarla molekulların birində deffekt olsa, bu nə deməkdir? Artıq o başlayacaq inkişaf etməyə və son nəticədə xərçəngə səbəb olacaq. 

- Həkim, Çində təhsil sizə nə qazandırdı?
- Avropa !Avropa! Avropa!...  Deməklə doğru etmədiyimi və Avropanın hələ Asiyadan öyrənəcəyi çox şeyin olduğunu öyrəndim. Dünyanın fərqli mədəniyyətini, tamamilə fərqli elmi sistemə sahib bir dövlətini görmək imkanım oldu. Bəlkə də kolleqalarımızın çoxu təsdiqləyər ki, Qərbi Avropada bizə bir az fərqli yanaşma var. Siz orada ikincisiniz. Amma Çində mən bunu hiss etmədim. Hər bir xarici vətəndaş orada özünü qəhrəman hiss edə bilir. Çində ən üstün tərəf xəstə sayının çox olmasıdır. 1,3 milyard insan var. Təsəvvür edin, siz nadir sayılan xəstəliklər qrupunu orada hər həftə görürsünüz. Xüsusilə də baş-beyin şişləri xəstəliklərini. Bunun praktiki tərəfdən üstünlüyü var. 
Çində yaşamağın təəssüf ki, mənim üçün çətin tərəfləri də var idi. Çin yeməklərinə heç cür öyrəşə bilmədim. Həmişə narazı idim, çünki Azərbaycan mətbəxi çox zəngindir. İkinci, Çinin havası bəzən doğrudan da çox çirkli olur. Məsələn, xüsusilə sənaye zavodlarının çox olduğu şəhərlərdə, bəzən hətta pəncərə belə açmaq olmur. 

- Xərçəng xəstəliyinə tutulmağın qarşısını sadə yollarla necə ala bilərik?
- Ən sadə üsul budur: kiçik bir narahatlıq hiss edən kimi mütləq həkimə müraciət edin! Bu, çox önəmlidir. Çünki ilkin mərhələdə xərçəng xəstəliyini müalicə etmək çətin deyil. Bizim üçün ən çətin dönəm xəstənin artıq çox gec mərhələdə müraciət etməsidir. Artıq xərçəng metastaz verir və ya çox geniş sahəni əhatə edir və s. Ölkəmizdə icbari tibbi sığorta tətbiq olunacaq. Bu tətbiq olunandan sonra xəstəxanalarda  bizim müayinədən keçməyimiz daha rahat olacaq. Tibbi sığortanın olduğu heç də bütün dövlətlərdə xərçəng xəstəliyi azalmır. Ancaq yenə də inanıram ki, Azərbaycanda xərçəng xəstəliyinin bəzi növlərində azalma müşahidə olunacaq. 
İkincisi, ağciyər xərçənginin yaranması səbəblərindən ən böyüyü siqaret çəkməkdir. Siqaret çəkməyin! Siqaret çəkənlə çəkməyən arasındakı ağciyər xərçənginə tutulma nisbətinə baxdıqda insan heyran olur. Son zamanlar yuxusuluq, piylənmə bu kimi anormal həyat ərzinin də xərçəng xəstəlinə səbəb olduğuna dair müəyyən tədqiqatlar ortaya çıxır. Bir sözlə, sağlam həyat tərzi və vaxtında müayinə-müalicə xərçəngə tutulmama ehtimalını artırır.
 
- Hər gün müxtəlif sahələrdə məruz qaldığımız radiasiya şüalarının xərçəng yaranmasına təsiri nə qədərdir? 
- Radiasiya xərçəng yaranmasında əsas rol oynamır, ancaq əlavə rol oynayır. Beyin xərçənginin yaranma səbəbi bəlli deyil. Təbii ki, radiasiya deyiləndə nüvə reaktorlarını nəzərdə tutmuruq. Daha zəif şüalanmadan bəhs edirik. Bildiyim qədəri ilə ekologiya nazirliyi insanın məruz qala biləcəyi şüalanmaya dair standart müəyyən edib. O standartlara baxsanız, görərsiniz ki, telefonlar o dərəcəyə uyğundur. Ona görə, biz deyə bilmərik ki, telefon və kompüter beyin xərçənginə səbəb olan əsas amildir.

- Kiçik uşaqların xərçəngə yoluxma səbəbləri nələrdir?
- Burada genetik və epigenetic səbəblər rol oynayır. Valideynlərin genetik xəritəsindən tutmuş, hamiləlik zamanı ana bətnində baş vermiş dəyişikliklər də xərçəngə səbəb ola bilər. Bu deffekti tapmaq 21-ci əsrin tibbi üçün çox çətindir. Ona görə çox dəqiq bilə bilmərik.

- Sağlam insanın genetik taranması ilə öncədən şişin aşkarlanması mümkündürmü?
- Genetik və epigenetik skrininq  aparmaqla insanlara xərçəngi təyin etmək mümkündür. Məsələn, Anjelina Coli süd vəzilərini kəsdirdi, çünki onda süd vəzisi xərçənginə səbəb olan genlər var idi.

- Kimyaterapiyanın hansı zərərli tərəfləri var?
- Kimya terapiya zərərlidir. Amma xərçəngin özündən zərərli deyil. Xərçəngin özü insanı ən qısa müddətdə məhv edə bilər. Amma bu gün kimyaterapiyanın özü də bütün dünyada təkmilləşdirilməmiş presedurdur. Ona görə digər yeni metodlar çıxıb. Bu gün kimyaterapiya standart olaraq protokol çərçivəsində bütün xəstələrə verilir. Amma bu, doğru deyil. Hər bir insanın öz individual genetikası var. Hər bir insana eyni maddəni tətbiq etmək onu göstərir ki, müasir tibb hələ yüksək səviyyədə inkişaf etməyib. Çox təəssüf ki, hamıya eyni maddə verilir. Ona görə də yüksək nəticələr olmur.

- Tibdənkənar müalicə üsulları xərçəngin qarşısını ala bilərmi?
- Tibdənkənar müalicə üsullarının hər hansı ciddi effektə sahib olduğunu düşünmürəm. Məsələn, Çin özü bütün dünyada xalq təbabəti ilə ən məşhur dövlətdir. Ancaq Çində xalq təbabətinin xərçəng xəstəliyi üzərində ciddi effektə sahib olduğunu görmədim. 

- Siz özünüz xərçəngdən qorunmaq üçün nə edirsiniz?
- Siqaret çəkmirəm. Ən azı, bunu edə bilirəm. Üstəlik, dua edirəm ki, genetikamda deffekt olmasın. Əgər genetik deffekt varsa, təbii bunun bir taraması mütləq edilməlidir. Maksimum çalışıram ki,sağlam həyat tərzinə uyğunlaşım.

Hər kəsə də tövsiyəm budur ki, bacardıqca sağlam həyat tərzi keçirsinlər. İdmanla məşğul olsunlar, yeməyi vaxtında yesinlər, daha çox meyvə-tərəvəz istifadə etsinlər, axşam 8-dən sonra mətbəxtdən uzaq dursunlar, toylarda 20-30 növ yeməklərlə mədələrini yormasınlar, sipirtli içkilərdən və yağlı yeməklərdən qaçsınlar. Stressdən maksimum uzaq durmağa çalışsınlar. Stress bir çox xəstəliklərin yaranmasına yol açır.
İnanırıq ki, bütün dünya alimləri xərçəngi ya vaksinasiya ilə, ya gen dəyişməklə, ya da hər bir insanın genetik xəritəsi üzərində fərdi yanaşma ilə sonladıra biləcək. 

Ayna Məmmədova
Azər Kazımov
Medicina.az