"Azərbaycanda körpələrin 8-12 faizi vaxtından əvvəl doğulur"Baş neonatoloq:

  • 2019.10.17 10:46
  • 3493 Baxış
"Azərbaycanda körpələrin 8-12 faizi vaxtından əvvəl doğulur" Baş neonatoloq:
"Körpələrlə bağlı əsas problem vaxtından əvvəl doğulmalarıdır. Ana bətnində infeksiyalaşmış körpələr adətən vaxtından əvvəl doğulur. Həmin körpələrdə tənəffüs problemləri olur".


Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Neonotoloji Xidmətin Təkmilləşdirilməsi üzrə Xüsusi Komissiyanın sədri, baş neonatoloq Rüstəm Hüseynov jurnalistlərə açıqlamasında deyib.


Onun sözlərinə görə, vaxtından əvvəl doğulma problemi Azərbaycanda təxminən 8-12 faiz arasındadır:

 

"İnkişaf etmiş ölkələrdə bu, təxminən, 8 faiz olur, ancaq tibbi xidməti lazımi səviyyədə olmayan ölkələrdə 15-17 faizə çatır. Ümumilikdə yenidoğulmuşlar arasında xəstə uşaqların sayı 10 faizdən artıq olmur. Yeni doğulanlardan 1-2 faizi çox ağır vəziyyətdə doğulanlar olur ki, onların arasında vaxtından əvvəl doğulanlar da var. Yeni doğulan körpələr arasında da ölüm faizi əsasən vaxtından əvvəl doğulmuşlar arasında üstünlük təşkil edir. Ekstremal az çəkili olanlar, yəni 1000 qramdan aşağı olan, 600-700-800 qramla doğulan körpələr arasında ölüm faizi daha çox olur. 1000-1500 qramla doğulan körpələr də çox aşağı çəkili hesab edilir. Vaxtından əvvəl doğulan körpələrin çəkisi təxminən 1800 qrama çatanda vəziyyətləri imkan verirsə evə yazmaq olar. Ancaq evə yazılsalar belə həmin körpələr daima nəzarətdə olurlar. O körpəyə ayrı-ayrı mütəxəssislər baxırlar".