“Kök uşaq sağlam uşaqdır” fikri yalnışdır - Piylənmə uşaqlarda bu xəstəliklərə yol açır

  • 19 Aprel, 2019
  • 4510 Baxış
“Kök uşaq sağlam uşaqdır” fikri yalnışdır  - Piylənmə uşaqlarda bu xəstəliklərə yol açır
 
Hamiləlik dövründə anada yaranan şəkərli diabet körpənin çəkisinin artmasına və gələcəkdə piylənməyə səbəb ola bilər. Cəmiyyətdə formalaşan "kök uşaq sağlam uşaqdır” fikri də ailəni uşağı həddindən artıq qidalandırmağa təşviq edir. Tərkibində yüksək miqdarda yağ, şəkər, duz olan qidaların qəbulu balacaların piylənməsi ilə nəticələnir. Yüksək kalorili qida və içkilərin qəbul olunması və bunun vərdişə çevrilməsi çəkinin artmasına səbəb olur. 

Texnologiya dövrü olduğu üçün mobil telefon, planşet, video oyunlar geniş yayılıb. Bu isə fiziki aktivliyi minimuma endirir. Nəticə isə artıq çəki, piylənmə...
Artıq çəkili uşaqlar böyüdükcə piylənməyə və qeyri-infeksion xəstəliklərə - diabet və ürək-damar xəstəliklərinə məruz qalırlar. Bu da erkən ölüm riski və əlilliyə səbəb ola bilir. Piylənmədən əziyyət çəkən körpələr vaxt ötdükcə yeniyetmə və böyük yaşlarda da artıq çəkili olurlar.
Piylənmənin səbəb olduğu qeyri-infeksion xəstəliklər:

• Ürək-damar xəstəlikləri

• Şəkərli diabet

• Oynaq-əzələ sistemi xəstəlikləri

• Bəzi orqanlarda (süd vəzi, uşaqlıq, mədə-bağırsaq sistemi) onkoloji xəstəliklər

Uşaqlarda piylənmənin qarşısını almaq üçün ümumi tövsiyələr:

• Düzgün qidalanma vərdişi formalaşdırmaq

• Meyvə, tərəvəz, paxlalı bitkilərdən daha çox istifadə etmək

• Qida rasionunda doymuş yağları doymamış yağlarla əvəz etmək

• Şəkərin istifadəsini azaltmaq

• Gündə azı 60 dəqiqə fiziki aktivliklə məşğul olmaq

ÜST tövsiyə edir:

• Yenidoğulmuş körpəyə süd verməyə daha tez başlamaq (doğuşdan sonrakı bir saat ərzində)

• Körpəyə ilk 6 ay yalnız ana südü vermək

• 6 ayından başlayaraq, tərkibi vitaminlərlə zəngin və təhlükəsiz qidalar (qatı qidalar) vermək 

• Uşağa 2 yaşınadək ana südü verilməsini davam etdirmək

Məktəblilər və yeniyetmələr üçün   
  
• Mütamadi olaraq fiziki aktivliklə məşğul olmaq (hər gün bir saat)

• Mobil telefonların, planşetlərin, video oyunların istifadəsini azaltmaq

• Yüksək kalorili qida və içkilərin reklamlarına baxılmasını məhdudlaşdırmaq

Piylənmə nədir? 

Piylənmə sağlamlığa zərər vuran anormallıq və artıq piy qatı kimi tərif olunur. Körpələrdə və uşaqlarda piylənmə Ümumdünya Səhiyyə Təşkilatının meyarları ilə müəyyən edilir (boy, bədən çəkisi, yaş və bədən kütləsi indeksi göstəriciləri). 

Qeyd: Uşağınızda artıq çəkinin olub-olmamasını həkiminizdən öyrənə bilərsiniz!

Piylənmə bütün dünyada sürətlə yayılır!

• 2013-cü ildə 5 yaşadək uşaqlardan 42 milyonu artıq çəki və piylənmədən əziyyət çəkib.

• Əgər tədbir görülməsə, 2025-ci ilə qədər 5 yaşadək 70 milyon uşaq artıq çəki və piylənmədən əziyyət çəkə bilər

• Hazırda dünyada 18 yaşadək 170 milyon artıq çəkili insan var.

• Hər il ən azı 2,6 milyon insan artıq çəki və piylənmə səbəbindən həyatını itirir.