Oktyabrın 29-u Dünya İnsultla Mübarizə Günüdür

  • 2019.10.29 11:13
  • 1802 Baxış
Oktyabrın 29-u Dünya İnsultla Mübarizə Günüdür

Dünya
Səhiyyə Təşkilatı 2004-cü ildən başlayaraq hər il oktyabrın 29-nu Dünya
İnsultla Mübarizə Günü kimi qeyd edir. Həmin il insult qlobal epidemiya
elan olunub və 2006-cı ildə İnsultla Mübarizə üzrə Dünya Təşkilatı
yaradılıb.


 


Medicina.az AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda həmin quruma dünyanın 85 ölkəsindən 60 təşkilat
və 3,5 min fərdi üzv daxildir və onlar insultla mübarizə aparan
təşkilat və cəmiyyətlərdə çalışan alimlərdir.


 


 


İnsult beynin qan dövranının kəskin pozulması, yəni, beyni
qidalandıran damarlardan bir və ya bir neçəsinin daralması və ya
tutulmasıdır. Ağır gedişli insultlardan sonra baş-beyin funksiyasının
yalnız qismən bərpa olunması müşahidə edilir. Statistikaya görə, hər il
Yer kürəsində təxminən 16 milyon nəfərdə insult baş verir və onların 6,7
milyonu ölümlə nəticələnir. Adətən bu xəstəliyə tutulanların üçdəbiri
həyatını itirir, qalanları isə əlil olur. Lakin bununla belə insultun
qarşısını almaq və xəstələrə yardım etmək mümkündür. Əsas məsələ xəstəyə
ilk 3-4 saat ərzində müdaxilə etməkdir.


 


İnsult əlamətləri çox sadədir: danışıq anlaqsız olur, güləndə ağız
küncləri aşağı düşür, koordinasiyası pozulur, ətraflarından biri
zəifləyir. Bu, təcili yardım çağırmaq üçün yetərlidir.


 


 


İnsult riskinin olub-olmadığını öyrənmək üçün mürəkkəb tədqiqatlara
ehtiyac yoxdur. Bunun üçün sadəcə yuxu arteriyalarının ultrasəs
müayinəsini aparmaq lazımdır. Xəstəliyin yaranma riskini artıran üç əsas
amil-hipertoniya, yüksək xolesterin və artıq çəkidir.


 


 


Həkimlərin qənaətinə görə, insult xəstəliyinə qadınlarla müqayisədə
kişilərdə daha çox rast gəlinir. İnsult keçirmə riski 55 yaşdan böyük
olanlarda iki dəfə artır.


 


 


Lakin səhhətinə biganə qalmayan hər kəs sadə profilaktik tədbirlərlə
80 faiz hallarda xəstəlikdən qoruna bilər. Problemin qarşısını almaq
üçün əsas profilaktik tədbir təzyiqi nəzarətdə saxlamaq, normal
qidalanmaq, aktiv həyat tərzi sürmək və zərərli vərdişlərdən uzaq
olmaqdır. Vaxtlı-vaxtında həkim müayinəsindən keçmək də vacib
şərtlərdəndir. Mütəmadi olaraq açıq havada gəzmək, orta sürətlə gündə
heç olmasa yarım saat yerimək insanın fiziki qabiliyyətini artırmaqla
yanaşı insult riskini də azaldır.