“Oqtay Güləliyev komadadır, həyati təhlükə davam edir” - Həkimi danışdı

  • 2019.11.01 16:26
  • 9982 Baxış
“Oqtay Güləliyev komadadır, həyati təhlükə davam edir” -  Həkimi danışdı

"Oqtay Güləliyevin vəziyyəti ağır olaraq qalır. O, bu gün Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürüldü, hazırda koma vəziyyətindədir”.

 

Bunu hüquq müdafiəçisini əməliyyat etmiş, hazırda isə müalicəsini öz üzərinə götürən Neyrocərrahiyyə Xəstəxanasının cərrahı Bahman Yadigarov  Medicina.Az-a açıqlamasında deyib.

 

Həkimin sözlərinə görə xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir:

 

"Xəstədə beyindaxili epidural hematoma aşkarlanıb və əməliyyat olunub. Beyindaxili hematomalar belədir ki, ilkin saatlarda xəstənin huşu özündə olur. Sonradan beyin qanaması davam etdiyindən hematomanın həcmi böyüyür və xəstəni dislokasiya vəziyyətinə salır. Xəstə əməliyyat masasına artıq beynin kəskin sıxılmış vəziyyətində alınıb.
Əməliyyat cənab nazirin tapşırığı ilə "City hospital”da mənim tərəfimdən icra olunub. Daha sonra xəstə bu xəstəxanaya köçürüldü. Hazırda xəstə komadadır və müalicəsini reanimasiyada davam etdiririk. Doğrudur, əməliyyatdan sonra cüzi müsbət dinamika müşahidə olunub, ancaq vəziyyəti hələ də ağır dəyərləndirilir. Belə deyək, hazırda xəstə komanın ikinci dərəcəsindən birinci dərəcəsinə enib”.

 


 

Həkimin sözlərinə görə, xəstədə ayıldıqdan sonra hansı fəsadların özünü göstərəcəyini demək hələ ki, tezdir:

 

"Proqnoz vermək çətindir. Birinci növbədə onun sağalması məsələsidir. İkinci hal ayıldıqdan sonra beyin reaksiyasının necə olması məsələsidir. Yəni, sol yarım kürəsinin fəaliyyəti, adam tanımaq, danışmaq və s. məsələlər yoxlanılmalıdır. Beyinin sol yarımkürəsi bildiyiniz kimi dominant mərkəzdir. Beyində olan əsas vacib strukturlar: danışıq, nitq, qavrama mərkəzi və s. burada yerləşir. Ona görə də, ayılarsa ilkin olaraq bunlar yoxlanılmalıdır”.

 

Həkim onu da bildirib ki, xəstənin həyatı təhlükəsi hələ də davam edir.

 

Afaq Rza
“Oqtay Güləliyev komadadır, həyati təhlükə davam edir” -  Həkimi danışdı