Piylənməylə bağlı elmi-praktik konfrans keçirildi – FOTO + VİDEO

  • 19 Aprel, 2019
  • 3176 Baxış
Piylənməylə bağlı elmi-praktik konfrans keçirildi – FOTO + VİDEO
 
19 aprel 2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası Akademiyasının birgə təşkil etdiyi "Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirildi.

Medicina.az xəbr verir ki, konfrans EASO (European Association for the Study of Obesity – Piylənmənin Tədqiqi üzrə Avropa Assosiasiyası) üzvlərinin, o cümlədən dünyada piylənmənin idarə olunması sahəsində son elmi araşdırmalar aparmış professor və aparıcı mütəxəssislərin iştirakı ilə təşkil edildi. EASO üzv ölkələrin həkimlərini piylənmənin profilaktikası və müalicəsində ən yeni istiqamətlər ilə tanış etmək, bu sahədə əldə edilən təcrübələrin bölüşdürülməsi konfransın əsas məqsədi idi.
 
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İdarə Heyətinin üzvü Aris Rüstəmov giriş sözü ilə çıxış edərək bildirdi ki, ölkəmizdə qeyri-infeksion xəstəliklərə qarşı mübarizə səhiyyə sisteminin və ümumiyyətlə, dövlətin prioritet vəzifələrindən birinə çevrilib: "Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2015-ci il tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”nın əsas məqsədi həyata keçirilən birgə və inteqrasiya olunmuş tədbirlər vasitəsilə əhalinin sağlamlığının yaxşılaşdırılmasına nail olmaqdır”.
 
 

Həkimlərin müasir tibb elminin son nailiyyətlərindən xəbərdar olmalarını təmin etmək üçün ölkəmizdə davamlı tibbi təhsil növünün tətbiqinin əhəmiyyətinə toxunan Aris Rüstəmov konfransın Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditə olunduğunu və 7 kredit balı təşkil etdiyini vurğuladı. İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə çıxış edərək, müasir cəmiyyətin ciddi tibbi-sosial və iqtisadi problemi olan piylənməyə qarşı İSİM-in həyata keçirdiyi layihələr, təhsil müəssisələrində təşkil edilən maarifləndirici tədbirlər, o cümlədən yerli və beynəlxalq təşkilatlarla aparılan əməkdaşlıq barədə məlumat verdi. O, Avropanın aparıcı səhiyyə ekspertləri ilə təcrübə mübadiləsinin əldə edilməsi və bu sahədə yerli həkimlərin, əhalinin maarifləndirilməsinin vacibliyini bildirdi.
 
Nutrisiologiya, Dietologiya və Piylənmənin Profilaktikası Akademiyasının rəhbəri Sevinc Zaman piylənmədən əziyyət çəkən xəstələrin sağlamlıq göstəricilərinin yaxşılaşdırılması, piylənmənin idarə olunması sisteminin həyata keçirilməsi, izlənilməsi və nəzarət edilməsi kimi məsələlərlə bağlı EASO, OMTF (Obesity Management Task Force – Piylənmə ilə Mübarizədə İşçi qrup) və Avropa Ümumdünya Səhiyyə Təşkilatının regional nümayəndəliyi ilə əməkdaşlığın həyata keçirilməsi istiqamətində konfransın rolundan bəhs etdi. Avropa Piylənmə Araşdırmaları Assosiasiyasının vitse-prezidenti Volkan Yumuk "Yetkinlərdə piylənmənin müalicəsində yeni metodlara baxış” movzusunda təqdimatla çıxış etdi və piylənmənin ictimai səhiyyənin əsas problemlərindən biri olduğunu vurğuladı.
 

 
Konfransda piylənmənin profilaktikası, bariatrik və metabolik cərrahiyəyə göstərişlər və əməliyyat növləri, uşaq piylənməsi, piylənmənin farmakoterapiyası, piylənmə ilə mübarizədə ixtisaslaşmış mərkəzlərin yaradılması, sübutlara əsaslanan fiziki aktivlik tövsiyələri və digər mövzularda beynəlxalq və yerli ekspertlərin mühazirələri dinlənildi.
 
Səmərəli fikir mübadiləsi şəraitində keçən konfransda piylənməyə qarşı müxtəlif ölkələrdə tətbiq olunan mübarizə metodları təhlil olundu və panel müzakirələri aparıldı.
 

 
Konfransın fəal iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olundu.