Tanınmış teleaparıcının sağlamlıq formulu – Az yemək, idman, rəsm çəkmək... - VİDEO

  • 11 İyun, 2019
  • 16134 Baxış
Tanınmış teleaparıcının sağlamlıq formulu – Az yemək, idman, rəsm çəkmək... - VİDEO
 
Azərbaycan Televiziyasının tanınmış simalarından, əməkdar artist Dilarə Səlim də illərə meydan oxuyan qadınlardandır. İllərdir gözəl siması, mükəmməl fiziki forması ilə seçilir. Bir-birindən maraqlı layihələrlə evrlərmizin qonağı olan tanınmış aparıcı bu dəfə tamaşaçılara və oxucularımıza özünün
 
"Sağlamlıq formulu”ndan danışır.
 
 
Dilarə Səlim
 
 
Yaş – 50
Boy 1.70
Çəki – 58-59
Təzyiq – 120-80
 
 
 
- Dilarə xanım sağlamlıq anlayışı nədir sizin üçün?  
 
- Düşünürəm ki, hər şey sağlam düşüncədən başlayır. Əgər insanın özünə, ətrafdakılara, yanındakılara, doğmalarına, dostlarına, cəmiyyətə bir sağlam münasibəti varsa, o insan mənən sağlamdır. Əgər mənəviyyatı sağlamdırsa, istər-istəməz bu onun fiziki sağlamlığına da öz təsirini göstərəcək. Mən belə düşünürəm. Yəni beyində, şüurda sağlamlıq olmalıdır ki, öz canına da, öz bədəninə də sağlam yanaşasın.
 
- İllərdir eyni formada, eyni gözəllikdə görürük sizi. Heç dəyişmirsiz. Əksinə illər gözəlliyinizə gözəllik qatır. Bunu nəyə borclusunuz?
 
- Təşəkkür edirəm bu komplimentə görə. Mən düşünürəm ki, bu bir komplimentdir, çünki, istər-istəməz insan hər il dəyişir. İnsan uzun müddət bir yerdə çalışırsa, ekran qarşısında tamaşaçılarla bir yerdə yaşın üstünə yaş gəlirsə, mən öz peşəmi nəzərdə tuturam, o dəyişiklik bəlkə də hiss edilmir tamaşaçı tərəfindən. Amma insan özü hiss edir ki, illər istər-istəməz öz təsirini göstərir. Ən azı mən öz övladlarıma baxanda – birinin 20, birinin 19 yaşı var, başa düşürəm ki, ömrünböyük bir hissəsi artıq arxada qalıb. Sadəcə olaraq insanın içində pozitivlik varsa, illərin o pis təsiri insanda öz əksini tapmır. Hətta çətin bir vəziyyətdə. Həyatda hər kəsin çətin, ağır günləri olur. Həmin o vəziyyətdə də insan yaxşını axtarıb o müsbəti tapmalıdır. Ən azı çalışmalıdır. Bunu demək asandır, amma eləmək çətindir həmin məqamda. Amma ən azından qarşımızda onu bir mayak kimi qoysaq ki, biz yaxşıya doğru gedək, yaxşını axtaraq, müsbətə özümüzü kökləməyə çalışaq, bu zaman o illərin pis təsiri insanda özünü göstərməyəcək.
 
 
- Müasir həyat ritmi, iş, sizin çalışdığınız sahəni götürsək Televiziya insanın zamanından alır. Bütün bunlarn fonunda hansısa bir xüsusi sağlamlıq reseptiniz var, ya da özünüz üçün müəyyənləşdirdiyiniz bir qayda. Nəyə çox diqqət edirsiniz? Sağlam qidanın həyatınızda yeri nə dərəcədədir?
 
- Ondan başlayım ki, bəlkə də mən sağlam qida və sağlam qidalanma nöqteyi-nəzərindən çox pis nümunəyəm. Çünki, televiziyada çalışan insanlar üçün vaxt məhdudiyyəti istər istəməz qidalanmaya da çox böyük təsirini göstərir. Ola bilsin ki, bizim o çox gərgin qrafikimiz, o sürətlə, qaçaqaçla işimizi görməyin də təsiri var ki, bəlkə də çəki baxımından dəyişmirəm. Amma o da yalnışdı. Onu söyləyim ki, mən vaxtilə 42-48 kiloqram idim, indi isə 58. Yəni çəki dəyişilib. İstər-istəməz dəyişilir. Sadəcə olaraq biz onun dəhşətli dərəcədə dəyişməyinə imkan verməməliyik. Çünki, tamaşaçılar qarşısında olan insanlar, eyni zamanda səhnədə olan insanlar öz xarici görünüşlərinə mütləq nəzarət etməlidirlər. Bu, birbaşa bizi izləyən tamaşaçıya hörmətdir. Bu bir göstəricidir ki, mən tamaşaçıya hörmət etdiyim üçün özümə, xarici görünüşümə mütləq nəzarət etməliyəm. Danışıq və davranış o öz yerində. O birinci yerdə dayanır. Eyni zamanda görünüşümüzə diqqət etmək də mütləqdir.
 
Çörəkdən uzağam. Bir az mənim bəlkə də ona görə bəxtim gətirib ki, hələ gəncliyimdən çörəyi ümumiyyətlə az yeyənəm. Ola bilsin ki, bunun da təsiri var. Bizim Azərbaycan mətbəxinə xas olan yağlı xörəklərdən də uzağam. Çünki, onları da heç vaxt sevməmişəm. O da damaq zövqü ilə bağlıdır. Bəlkə də o da mənim bəxtimdən, çəkiyə də təsiri olmur. Ümumiyyətlə, sağlam qidalanmaq çox gözəl bir şeydi, vacibdir. İnsan nə qədər özün daxilən rahat hiss edirsə bir o qədər də onun düşüncələrinə, ətrafa münasibətinə təsiri var. Digər tərəfdən insan beynində qarşısına bir məqsəd qoyursa ki, mən buna nail olmalıyam, çəkim varsa belə mən onu mütləq azaltmalıyam, üstəlik iradəsi də varsa buna nail ola biləcək. Mümkün olmayan heç nə yoxdur. Hər şey insanın öz əlindədir. Yetər ki, insan bunu istəsin və qarşısına məqsəd qoysun.
İki gənc övladım var deyə onların da qidalarına nəzarət etməyə çalışıram. Koladır, çipsdir, fast foodlardır onlardan uzaq saxlamağa çalışıram. Bəzən alınmır, çünki, gənclərdə bu qidalara çox böyük meyl var. Amma çalışıram onlara başa salım ki, bu ziyanlıdır, gələcəkdə pis fəsadları ola bilər.
 
- Qida rasionunuzda tamamən uzaq durduğunuz bir yemək və ya ərzaq var?
 
- Yemək var. Amma hansısa bir ərzaq yoxdur. Əslində hamısından faydalanmağa çalışıram. Bir də çox yaxşı bir ifadə var, deyirlər nə yeyirsən ye, amma ovuc qədər ye. Bax ona da əməl etməyə çalışıram. Xoşlamadığım yemək var dediyim kimi. Onun mən heç dadını da bilmirəm. İndiyə qədər yeməmişəm. Düşünürəm bundan sonra da yəqin ki, yemərəm. Mən xaş sevmirəm, dadını da heç bilmirəm. Düzdür o qədər sevən qadınlar var ki. Amma nəsə mənim düşüncəmdə o kişilərə xas olan bir yeməkdir. Yalnız buna görə yox. Ümumiyyətlə dadını bilmirəm, amma iyini də sevmədiyim üçün uşaqlıqdan heç dadmamışam.
 
- Amma yeri gəlmişkən, türklərin tanınmış bir həkimi var – "Karatay dieti” ilə məşhur olan Canan Karatay deyir ki, xaş orqanizmə xeyirli qidalardandır. Xanımlara da tövsiyə edir.
 
- Onun xeyrini də bilirəm. Ziyanından xeyri daha çoxdur. Hətta deyirlər insanlarda sümük qırılanda, nəsə problemlər olanda məhz sümüklərlə bağlı həftə ərzində 2-3 dəf yemək məsləhətdir. Amma həkimlər deyir ki, normal insana həftədə bir dəfədən çox yeməməlidir. Çox olmaz. Amma mənim damaq zövqümə uyğun deyil.
 
- Mətbəxlə aranız necədir? Yəqin ki, iki övlad anası olaraq həm işdə işləyirsiz həm evdə.
 
- Həm evdə işləyirəm, həm işdə. Amma mətbəxlə aram o qədər də yaxşı deyil. Çünki sevmirəm mətbəxdə vaxtımı sərf etməyi. Fikirləşirəm ki, mətbəxdə xərclədiyimiz o zaman həyatımızdan, ömrümüzdən gedir. Amma mən məcburam, çünki, ailəm var, uşaqlarım var. Ana üçün çox çətindir o baxımdan ki, hər övladın öz zövqü, öz istəyi var. Onları da qane etmək üçün vaxtım daha çox sərf olunur mətbəxdə. Onun üçün mətbəxi heç sevmirəm. Amma sevərək hazırladığm şirniyyatlar var. Onları özüm də sevdiyim üçün həvəslə, zövqlə hazırlayıram. Bəlkə də ona görədir ki, şirniyyatlar məndə daha ləzzətli alınır, nəinki yeməklər.  Çünki, onu bir sevgi ilə, həvəslə edirəm. Deyirlər ki, xörəyə həvəs və sevgi qatırsansa o dadlı olur. Ola bilsin ki. şirniyyatlarım ona görə dadlı olur. Amma yeməklərim yox. Anamın "əlinin dadı” çox gözəldir. O qədər gözəl yeməkləri olur ki. Mən ona hələ tam çata bilməmişəm və inanmıram çatım da. Çünki, o da bir istedaddır.
 
- Hazır, qablaşdırılmış qidalara münasibətiniz necədir?...
 
- Hazır qidaları ümumiyyətlə sevmirəm. Dondurulmuş qidaları da həmçinin. Həyat yoldaşım ümumiyyətlə qəbul etmir ki, evdə hansısa bir hazır yemək olsun. Xoşlamır. Özü də ara-sıra, ildə bir iki-üç dəfə həvəsə gəlir, mətbəxə girir ki, çıxın hamınız. Onun əlinin dadı mənimkindən də yaxşıdır. Bunu hamı deyir. Fikirləşirəm ki, ola bilsin o ildə iki-üç dəfə mətbəxə girdiyi üçün çox böyük həvəslə hazırlayır. Ona görə də o yemək mənim hazırladığımdan daha dadlı olur.
 
- İdmana zaman ayıra bilirsinizmi? Sevdiyiniz, məşğul olduğunuz bir idman növü var?
 
- Uşaqlıqda məşğul olmuşam. Ciddi məşğul olduğum iki idman növü var idi. Atam mühəndis, inşaatçı, memar olduğu üçün onu o vaxtlar, sovetin dövründə göndərirdilər xarici ölkələrə işləməyə. Biz 5-6 il Monqolustanda - Darxan və Ulan Batır şəhərlərində yaşamışıq. Bağçaya orda getmişəm, məktəbə orada başlamışam. Orada qış çox sərt olur. 40 dərəcə şaxta olur. İdman dərslərində biz buz üzərində konki sürmə ilə məşğul olurduq. Mənim həvəsim yarandı bir-iki il bu idman növü ilə məşğul oldum. Azərbaycana qayıdandan sonra yarımçıq qoydum. Burada isə gimnastika ilə məşğul olmağa başladım. Orta siniflərə qədər davam etdi. Dərslər çətinləşdiyinə görə idman ikinci plana keçdi. Amma son illərə qədər fitneslə, pilateslə, böyük tennislə  məşğul olurdum. Ara-sıra imkan olanda korta getməyə çalışıram yenə. Amma ki, o da olmur. Yürüşlə vaxtilə məşğul olurdum, hər səhər Bulvarda. Biz Bulvara yaxın oluruq. Səhər dururdum, Bulvarın bu biri başından o biri başına qədər yeriməyə çalışırdım. Təəssüf ki, bəlkə yarım ildən də çoxdur bunu edə bilmirəm vaxt məhdudiyyətindən. Yüküm, işim bir az çoxaldığı üçün sadəcə olaraq çatdırmıram. Amma onun çox böyük faydası var. Birincisi biz açıq havada çox az oluruq. Qapalı məkanlarda,  bütün günü işdə kompüterin arxasında otururuq. O nöqteyi- nəzərdən faydası çoxdur. Fiziki aktivlik baxımından faydalıdır. Ona görə bərpa etmək niyyətindəyəm.
 
- Sağlamlığınızın keşiyində necə dayanırsınız? Özünüzə bu mənada münasibətiniz necədir? Ən son məqamda həkimə müraciət edənlərdənsiniz, yoxsa vaxtında çek-up müayinələrdən keçirsiniz?
 
- Əslində mən öz verilişlərimdə o qədər təbliğ etmişəm, insan ildə heç olmasa ən azı bir dəfə həkimə müraciət etməlidir ki, sonra onun fəsadları pis və dərin olmasın.  Vaxtilə nəzarət etməyə çalışırdım. Təəssüflər olsun ki, son illər çek-up müayinələrə can atmıram. Amma bilirəm ki, bu çox pis cəhətdir. Mən canım ağrıyanda həkimə üz tutanlardanam. Xüsusilə son illərdə. Tamaşaçılara tövsiyə edirəm ki, məni bir nümunə olaraq götürməsinlər. İldə bir dəfə mütləq həkimə müraciət etsinlər. Çünki, çox vacibdir. Vaxtında, xəstəliyin ilkin mərhələsində müdaxilə daha faydalıdır, nəinki dərinləşmiş hansısa bir problemi aradan qaldırmaq.
 
- Gözəllik sirriniz nədir?
 
- Mən özümü gözəl hesab etmirəm ki. Televiziyada çalışmaq üçün bütün cizgilərin, parametrlərin dəqiq olduğu gözəllik vacib deyil. İnsanın içində işıq olmalıdır. Xarizma, "izyuminka” deyilən bir özəllik. Hər qadında, hər kişidə, media insanında, tamaşaçı ilə, auditoriya ilə çalışan insanın içində mütləq işıq olmalıdır. Əsas məsələ odur. Gözəllik nisbi anlayışdı. Gözəllik insanın içində olan daxili işıqdır. Hasını ki, ətrafa ötürə bilir və həmin o işığın arxasınca da insanları çəkib apara bilir.
  
- Qrim, işıq, gündəlik efir makiyajı və s. dərini korlayır. Dərinizə, saçınıza  necə qulluq edirsiniz?. Estetik müdaxilələrə münasibətiniz necədir?
 
- Maskalardan ara-sıra faydalanmağa çalışıram. Üz, saç üçün, təbii, evdə nə varsa onlardan yararlanmağa çalışıram. Ara-sıra kəsmik çəkirəm üzümə məsələn. Badam yağından saçıma maskalar edirəm. Amma eyni zamanda kosmetologiyaya da müraciət edirəm. Çünki, indi çox yaxşı vitaminlər var, gialuronlar var üzə, dəriyə qullu üçün. Onlardan faydalanıram. Çox yaxşı bir şeydi əslində. Sadəcə olaraq o ifrat dərəcədə dolğular edirlər – yanağa, dodağa, onların tərəfdarı deyiləm. Əslində onu da etmək olar. Əsas odur ki, təbiilik itməsin. Müasir cəmiyyətdə biz elmdən faydalanmalıyıq. Kosmetologiya da bir elmdir. İrəliləyirsə, yaxşı nailiyyətləri varsa biz onun yaxşı cəhətlərindən ifrata varmadan istifadə etməliyik. Əslində hər şeyin ifratı pis görsənir – yeməkdə də, gözəllikdə də. Gənc qızlarımıza demək istəyirəm ki, təbiiliyinizi qoruyun. 30 yaşdan sonra hansısa bir müdaxiləni etmək olar. Bir də yaxşı ifadə var – 30 yaşına qədər tanrı verdiyi simadır, 30 yaşdan 50 yaşa qədər qadının özünün yaratdığı simadır, çünki qulluq edir, özünə baxır. 50 yaşdan sonra isə nəyə layiqdirsə odur. Bu artıq daxili dünyamızla bağlıdır. 50 yaşdan sonra da gözəl qalmaq istəyiriksə, birinci daxilimizin təmizliyindən başlamalıyıq ki, üzümüzdə də o özünü əks etdirsin.
  
- Mənəvi cəhətdən necə formada qalırsız. Bütün bu həyat ritmindən, stressdən, fiziki, mənəvi yorğunluqdan nəyə sığınırsınız, nədə rahatlıq tapırsınız?
  
- Şeir sevirəm. Hafizəm vaxtilə çox yaxşıydı. 4-5 dəfə oxuduğum şeiri əzbər söyləyə bilərdim. İndinin özündə də həmin o şeirləri əzbər bilirəm. İndii təəssüf ki, artıq o hafizəm yoxdur. Yadda qalmır. Hamletin monoloqunu əzbər bilirdim. Mirzə Şəfi Vazehi çox sevirəm. O mənim indinin özündə də masamın üzərində olan kitablardan biridir. Ara-sıra vərəqləyirəm. Bir də xoşlayıram ucadan oxumağı. Şeiri oxuyanda istəyirəm öz səsimi eşidim. Bəlkə də qıraqdakılar bəyənmirlər, amma mən o şeiri özüm də eşitmək istəyirəm. Faustu sevirəm. Mənim axı birinci təhsilim alman dili tərcüməçisidir. Ədəbiyyat tərcüməçisiyəm. Faustdan bir neçə parçanı hətta almanca da əzbər bilirəm. Onu da ara-sıra vərəqləyirəm. Hüseyn Cavidi sevirəm. Açıram "İblis”i varaqlayıram, oxuyuram. Amma təəssüf ki, romanlara vaxt qalmır. Bəzən yeni çıxan əsərlərlə tanış olmaq istəyirəm. Bilmək istəyirəm ki, yazıçılar kimlərdir. Masamın üzərində hələ də oxunmamış yarımçıq kitablar var, çünki vaxt tapa bilmirəm. Günün sonunda o qədər yorğun oluram ki, xüsusilə də beyin yorğunluğu olur. Ona görə də kitablara vaxt qalmır. Bir musiqi dinləyib o gərginliyi aradan götürməyə çalışıram. O da çox vaxt heç imkan olmur.
 
 
- Hansı janrlı musiqilər olur daha çox?
 
 
- Müxtəlif melodiyalara. Mən sizə sadalasam ki, kimləri sevirəm. Bir dəfə məndən sorushdular ki, kimləri sevirsən. Adları çəkəndə təəccübləndilər ki, siz rok da dinləyirsiz?. Mən Stiv Veyi xoşlayıram məsələn. Deyəndə "Ramştayn”ı  (Almaniyanın rok-qrupu-red) dinləmişəm baxırlar ki, necə olur. Kurt Kobeini xoşlayıram. Kilassik cazı sevirəm. Klassik operanı sevirəm. Maşında Baxın diskləri var məndə. Onu tez-tez dinləyirəm. Yəni insanın əhval ruhiyyəsindən asılıdır hansı janrda musiqi dinləmək.  Özümüzünkülər də öz yerində. Qanımızda, canımızda muğam var. Alim Qasımovu çox sevirəm, dinləyirəm onu.
 
 
- Sizin bir rəssamlıq istedadınız da var. Bildiyim qədərilə gözəl rəsmlər çəkirsiniz
 
 
- İstedad deməzdim. Sevdiyim bir məşğuliyyətdir. Hobbi kimi yanaşıram buna. Yağlı boya ilə çəkirəm. Uşaqlıqdan marağım var idi. Məktəbdə oxuyanda rəssam olmaq istəyirdim. Atam qoymadı. Sonra məktəbi bitirəndə sənədlərimi jurnalistikaya vermək istəyirdim. Onda da atam qoymadı ki, qadın sənəti deyil. Mən Xarici Dillər Universitetinə daxil oldum. Ədəbiyyat tərcüməçisi fakültəsinin ilk buraxılışıyam. Və illər sonra televiziyaya gələndə atam dedi ki, düz deyirlər "niyyətin hara mənzilin ora”, mən nahaq sənin qarşında durdum universitetə sənədləri verəndə. Kaş elə jurnalistikaya daxil olardın. Çünki. Sonda gəldin yenə o sənəti seçdin. Doğrudan da elədir. İnsanın içində hara çox istək varsa, ora da üz tutur. Rəssam ola bilmədim. Amma hobbi kimi davam etdirirəm. Türkiyədə uzun müddət yaşayanda, yoldaşımın işi ilə əlaqədar 5-6 il İstanbulda yaşadıq. İşləmirdim, uşaqlar məktəbdə oxuyurlar, yoldaşım işdə. Düşündüm ki, axı mən sevirdim. Elə yağlı boyayla ciddi məşğul olum. Kurslara yazıldım. Bəxtimdən müəllimim azərbaycanlı çıxdı. Görkəmli rəssam Hafiz Məmmədovun qızı Lətafət Məmmədova. Sırf elə yağlı boyayla məşğul olurdu. İstanbulda yaşadığım müddətdə mən Lətafət xanımın emalatxanasında rəssamlığı öyrəndim. Rəsmin əlifbasını mənə Lətafət xanım öyrətdi. İndi də davam edirəm. Evdə imkanım olanda. Amma yenə də vaxtrım olmur, yarımçıq tablolar o qədərdi ki.
 
- Sevdiyiniz kitablardan, müəlliflərdən danışdız. Həyatda ən çətin məqamlarda, hansısa ağır vəziyyətdə güc tapıb yenidən başlamaq üçün istinad etdiyiniz bir fikir və ya şüarınız varmı?
 
 
- Belə bir ifadə var, müəllifi xatırlamıram, deyir ki, "Tanrı hər kəsin üzərinə bir yük qoyur. Və o yük nə qədər ağır olursa basdığı ayaq izləri də yerdə o qədər dərin olur”. Yəni, bacarmadığın bir yükü Tanrı sənin çiyinlərinə qoymaz. Allah sənə yalnız o sınaqları verir ki, o sınaqlardan çıxmaq gücün və iradən var. Çətinliyə düşəndə, çox ağır vəziyyətlərdə istər istəməz o fikir yadıma düşür ki, elə bir sınaq yoxdur ki, insan ona sinə gərə bilməsin. Və əgər bu ağırdısa, sən bu vəziyyətə düşmüsənsə demək bu belə lazımdır. Sən bu vəziyyəti keçməlisən. Bu yükü çiynində daşımağı bacarmalısan ki, qarşıdan gələn yaxşı işığa çata biləsən. Həyatda elə bir şey yoxdur ki, insan ona tab gətirib, çözüb həll edə bilməsin. Sadəcə buna əzm, iradə, səbir lazımdır.