Miqrasiya Xidməti dövlət xəstəxanalarına etibar etmir? – Tibbi arayış qalmaqalı + RƏSMİ CAVAB

  • 22 Oktyabr, 2018
  • 10606 Baxış
Miqrasiya Xidməti dövlət xəstəxanalarına etibar etmir? – Tibbi arayış qalmaqalı + RƏSMİ CAVAB
Məlum olduğu kimi əcnəbi vətəndaşların Azərbaycan ərazisində 15 gündən artıq müddətdə qaldıqda Dövlət Miqrasiya xidmətində qeydiyyatdan keçməlidir. Bunun üçün isə şərtlərdən biri miqrantın təhlükəli virus daşıyıcısı olmadığı barədə müəyyən analizlərin təqdim olunmasıdır. 

Medicina.az xəbər verir ki, tibbi arayış almaq üçün tələb olunan analizlərin yalnız özəl xəstəxanada, İnternational Medical Center adlı klinikada verilməsi tələb olunur.  Bunun  üçünsə miqrant 84-85 AZN pul ödəməli olur. 

Məsələ ilə bağlı şikayət edən Rusiya vətəndaşı Valeh Məmmədov deyir: "Mən dövlət klinikasında eyni analizlərdən daha münasib qiymətə keçmək istədiyimi bildirsəm də, Miqrasiya Xidmətində yalnız İnternationalın analiz rəyini qəbul edəcəklərini dedilər. Bildiyim qədəri ilə ölkədə QİÇS analizi pulsuzdur. O zaman mən niyə özəl klinikada bahalı analizlərdən keçməliyəm? Heç bir ucuz variant təklif  etmədilər. Klinikaya gedəndə isə 84 manat pul istədilər. Mənim isə o qədər pulum yox idi”. 

Maraqlıdır, niyə mühüm dövlət qurumlarından biri olan Miqrasiya Xidməti tibbi analizlər üçün özəl klinikalarla əməkdaşlıq edir? Axı ölkədə kifayət qədər dövlət xəstəxanası, klinikası və laboratoriyası var. Miqrasiya üçün müraciət edən insanlara çox simvolik qiymətə də bu analizləri təşkil etmək olardı.

Məsələylə bağlı Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə Əlaqələr İdarəsindən Medicina.az-ın sorğusuna belə cavab verilib: 

"Mövcud qanunvericliyin tələblərinə əsasən ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq istəyən əcnəbilər müvafiq sənədlərlə birgə, həmçinin tibbi arayış  (insanın immunçatışmazlığı virusu infeksiyası QİÇS, B və C hepatitləri)  təqdim etməlidirlər.

Bu tələbin məqsədi vətəndaşlarımızın xaricdən gələ biləcək təhlükəli yoluxucu xəstəliklərdən qorunması və əhalinin sağlamlığının mühafizəsinin təmin edilməsidir. Bununla bağlı mümkün sui-istifadə hallarının, risklərin qarşısının alınması, laborator diaqnozların müasir avadanlıq və üsullarla müəyyən edilməsi, əhalinin sağlamlığına məsuliyyətli yanaşmanın təmin olunması üçün belə arayışların məhdud sayda tibb müəssiləri tərəfindən təmin edilməsi təcrübəsi tətbiq edilir.

Hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Respublika Müalicəvi Diaqnostika Mərkəzi, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi (regional laboratoriyalarıda daxil olmaqla), Xüsusi Müalicə Sağlamlıq Kompleksi, İnternational Medical Center2, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasından bu arayışları təqdim edirlər.  Bu klinikalar Səhiyyə Nazirliyi ilə dəqiqləşdirilərək birgə təyin olunub. 

Dövlət Miqrasiya Xidmətinin qəbul şöbələrində əcnəbilərə bütün bu klinikalar barədə ümumi məlumat təqdim edilir və xüsusi yönləndirmə mövcud deyil. Həmçinin əcnəbilərdən qanunvericilikdə nəzərdə tutulmayan hər hansı əlavə müayinə sənədinin tələb olunmaması məsələsi də diqqətdədir.

Araşdırmamıza görə, İİV, Hepatitlərin analizi hətta özəl klinikada belə 84 manat təşkil etmir. Ona görə bu informasiya dəqiq deyil. Ola bilər həmin şəxs hepatit analizi verdikdən sonra  nəsə aşkarlanıb və onları dəqiqləşdirmək üçün əlavə analizlərə ehtiyac olub. Çünki hepatit analizində qanda antitel aşkarlanması, diaqnozu təsdiq etmir. 

Həmçinin müraciət edənlər Respublika QİÇS-lə mübarizə Mərkəzindən pulsuz analizlərdən keçə bilərlər. Bu analizlər də qəbul olunur. 
Bu sahədə məmnunluğun təmin edilməsi üzrə fəaliyyət davam etdirilir”.

Medicina.az İnternational 2 klinikasına pasiyent kimi zəng edərək, məhz Miqrasiya Xidmətinin arayış analizlərinin məbləğini dəqiqləşdirib. Operator Miqrasiya üçün analizlərin ümumi 76 manat olduğunu bildirib. " Bəs 84 manat deyirlər” sualına isə " Bir müddət əvvəl 84 manat idi, indi 76 manatdır” cavabı verilib.

Amma İnternationala analizlər üçün göndəriş məcburi ola bilməz, siz yuxarıda adları çəkilən digər klinikalara müraciət edə, İİV analizini isə QİÇS-lə mübarizə mərkəzində pulsuz verə bilərsiz. Bu mərkəzin analiz cavabı birmənalı olaraq qəbul olunur.

Qeyd edək ki, Hepatit analizlərinin digər klinikalarda orta qiyməti 15-18 manatdır.