1 fincan qəhvə 1 qutu enerji içkisinə bərabərdir - Məşhur həkim

  • 2017.06.21 16:48
  • 17467 Baxış
1 fincan qəhvə 1 qutu enerji içkisinə bərabərdir -  Məşhur həkim
Tanınmış uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl kafein və enerji içkiləri haqda maraqlı məqalə yazıb.

 

"Bakutibb" həmin məqaləni təqdim edir:

 


Bir banka enerji içkisi yaxşı dəmlənmiş bir fincan qəhvə qədər kafein ehtiva edir. Qəhvə heç olmasa, qəhvə qədri bilənlər tərəfindən şəkərsiz içilir. Enerji içkiləri isə çox vaxt şəkərli.


Enerji içkiləri plovu ovuclayaraq yeməyə oxşayır. Qəhvə də qaşıqla yemək kimi kübar bir şey olmasa da, 3 barmaqla "əfəndi-əfəndi" yemək kimidir.

 

İnsan övladı qədimdən bu yana müəyyən içkilərlə ruh halını dəyişməyi sevir. Məsələn, şəkər dadı insana xoşbəxtlik verir. Çay və qəhvə isə gümrahlıq. Əvvəllər şəkərli içkiləri uzun müddət saxlamaq olmurdu. Şəkər də az idi, doğrusu. Çay və qəhvə dəmləmək isə müəyyən vaxt alırdı. Əlini atdığın anda indiki kimi hazır qəhvə harada idi?!

 


 

Zəmanə dəyişdi. Hər şey sənayeləşdi və... kütləviləşdi.

 

Meydana kola və daha sonra enerji içkiləri çıxdı. Hazırlamaq üçün vaxt lazım deyil - əlini atdığın anda içə bilərsən.

 

Çox adam enerji içkilərinin zərərlərindən danışır. Qorxulu olan nədir görəsən?

 

Enerji içkilərinin tərkibində çox şey var, lakin əsas təsiredici maddələr şəkər və kafeindir. Şəkər hamının bildiyi maddədir. Əsas enerji mənbəyimizdir, tez qocalmağa, şəkər xəstəliyinə və xərçəngə səbəb olur. Bütün bunların mürəkkəb mexanizmləri vardır və hər şey dediyim kimi, birmənalı deyildir, lakin bütün bu mürəkkəb prosesləri sadə vətəndaşın anlayacağı həcmə yuvarlaqlaşdıranda ortaya elə mən deyənlər qalır.

 

Kafein daha maraqlıdır. Ənənəvi olaraq insanlar kafeini çay və qəhvə ilə qəbul edirdilər.

 

Necə təsir edir?

 


 

İnsan orqanizmi superkompüter və robot olmadığı üçün müntəzəm olaraq dincəlməlidir. Əslində superkompüterlər və hətta robotlar da dincəlirlər, amma yenə də insana nisbətən iş qabiliyyətini daha uzun müddət saxlaya bilirlər. İnsan isə gündəlik fəaliyyəti sırasında iş qabiliyyətini tədricən itirir və mütləq istirahət etmək ehtiyacı doğulur.


İnsan orqanizmi yuxuda istirahət edir. İnsanı yuxudan edən bir neçə mexanizmdən biri adenozin maddəsidir. O, hüceyrələrimizin əksəriyyətini sanki qamçılayaraq işləməyə məcbur edir. Xüsusilə də sinir sistemi hüceyrələrimizi.

 

 


Adenozin müntəzəm olaraq müəyyən fermentlər tərəfindən ortadan qaldırılır. Onun səviyyəsi ilə insanın iş qabiliyyəti arasında əlaqə olduğu üçün orqanizm dincəlmək istəyəndə adenozini yığışdırmalıdır. Yoxsa yatmaq istəyən orqanizmə "Haydı, qalx, əsgər" desən, necə yuxuya gedə bilərsən?

Kafein adenozini ortadan qaldıran sistemi pozur. Əlbəttə, müvəqqəti olaraq. Sözün qısası, kafein stimulyatordur. Sırf stimullaşdırdığı üçün də insanın

 

- qan təzyiqini qaldırır

 

- ürək döyüntülərini artırır

 

- damarları sıxır.

 

Yəni maşının qazına basaraq sürəti artırır. Maşına həmişə qaz verərək, yüksək sürətlə sürsəniz, tez xarab olacaq. Doğrudur, bəzən qaza basmaq lazımdır. Amma dozasını da bilməlisən axı.

 


 

Aşağıda verdiyim cədvəldə müxtəlif içkilərdə kafein miqdarı göstərilmişdir. Yaxşı dəmlənmiş qəhvənin 225 qramında 100 milliqram kafein var. Çayda bu rəqəm onun yarısı qədərdir. "RedBull”da 80 milliqram. Bəzi enerji içkilərində kafein miqdarı artıq qramlarla ölçülür.

 

Qəhvə aşiqi olan biri günə ən çox 2 fincan qəhvə dəmləyə bilər. RedBull-da isə bunun yarısı qədər kafein vardır. Amma kim bir banka RedBull içir ki?!

Məsələn, mən həftəyə 8 fincana qədər qəhvə içirəm. Enerji içkiləri və kola isə ilə 1 banka. Xoşbəxtəm.

 

Bakutibb