Arıqlamaq üçün yeməkdən kəsilənlər… - Az yemək insanda piylənmə yaradır

  • 2017.11.29 16:58
  • 41516 Baxış
Arıqlamaq üçün yeməkdən kəsilənlər… -  Az yemək insanda piylənmə yaradır
Dünyada 2 milyard insan lazımi qədər qidalanmır, 815 milyon insan aclıqdan, 700 milyon insan isə piylənmədən əziyyət çəkir. Dünya Səhiyyə Təşkilatı piylənmənin ən təhlükəli xəstəliklərdən olduğunu açıqlayıb. 

Medicina.az xəbər verir ki, piylənmə və metabolik cərrahiyyə üzrə mütəxəssis Kaplan Baha yeyilən qidalardan əldə edilən enerjinin, sərf edilən enerjidən çox olduğunu qeyd edib:


"Bəzən hər köklüyə  də piylənmə deyilir. Nəzərinizə çatdırım ki, kişilərdə bel çevrəsi 102 sm, qadınlarda isə 88 sm-dən çoxdursa, bu, piylənmə hesab edilir. Yəni 160 sm boyu olan kişinin kilosu 77 kq-dan artıqdırsa, piylənmə gedir demək olar”. 


Yüksək kalorili yeməklərlə yanaşı, kifayət qədər qidalanmamağın da piylənməyə səbəb olduğunu vurğulayan cərrah bilinməyən məqamlardan danışıb:

"Yüksək kalorili yeməklərlə yanaşı, kifayət qədər qidalanmamaq da köklük yaradır. Karbohidratların, proteinlərin, yağ, su və mineralların, vitaminlərin kifayət qədər qazanılmaması nəticəsində vücud funksiyası pozulur və bu da piylənməni sürətləndirir.


Hər gün 3 dəfə yemək yeyilməlidir və bunun vaxtı keçməməlidir. İş yorğunluğu səbəbindən saatlarla yemək yemirik, çox acdığımız zaman yadımıza düşür. Daha sonra isə çox sürətlə yeməyə başlayırıq. Bu zaman da toxluq hissi gec gəldiyi üçün daha çox yemək yeyirik. Amma bilməliyik ki, yavaş, yaxşı çeynəyərək qidalanmalıyıq”.