"Kaktus radiasiyanın qarşısını almır,bu fikirlərin elmi əsası yoxdur." HƏKİM:

  • 16 İyl 2019 08:54
  • 2684 Baxış
"Kaktus radiasiyanın qarşısını almır,bu fikirlərin elmi əsası yoxdur."  HƏKİM:

 

Hər biriniz yəqin ki, ev və ofislərdə kompüter önündə kaktus bitkisinə rast gəlmisiniz. Yeddi ildən bir çiçək açan, lakin tikanları heç azalmayan kaktus el arasında radiasiyanın qarşısını alma xüsusiyyəti ilə məşhurdur. Yəqin kaktusun tikanları çox olduğu üçün insanlar radiyasiyanın tikandan qorxduğunu düşünürlər...
Bəs bu nə dərəcədə doğrudur? Medicina.az ted.az-a istinadən bildirir ki, mövzu ilə bağlı suallarını həkim-radioloq Aydın Mirzəyev cavablandıb.
Aydın Mirzəyev bildirdi ki, kompüter və ya telefon istifadəçiləri elektromaqnit radiasiyasından qorunmaq üçün müxtəlif üsullardan istifadə edirlər:

 

"Bunlardan ən çox yayılanı və kompüterin zərərli şüalarından qoruması ilə məşhur olan kaktusdur. Bu fikir 1980-cı illərdə Avropa ölkələrində yayılıb. Təbii ki, bu fikirlərin elmi əsası yoxdur. Kaktus radiasiyanın qarşısını almır, amma insanların əhval-ruhiyyəsinə müsbət təsir edir.

Ümumiyyətlə, hər bir canlı müəyyən qədər radiasiyanı udur. Ancaq bunların hər birinin öz həddi vardır. Kaktus özlüyündə çox faydalı bitkidir. Onun bir sıra xəstəliklərə, məsələn, həzm probleminə, şəkər xəstəliyinə, s. faydası var. Amm kaktus kompüterdən gələn şüanın qarşısını almır".

 

Radioloq qeyd etdi ki, kompüterlə işləyən şəxslər plazma ekranlara üstünlük verməlidir:

 

"İstifadə olunmayan elektrik alətlərini ya bağlı saxlamaq lazımdır ya da istifadədən sonra söndürmək lazımdır. Çünki, cihazlar işlək qaldığı zaman elektromaqnetik şüalar yayır.  Hər bir elektrik əşyasından müəyyən məsafədə uzaq dayanmaq lazımdır. Bu məsafə elektron əşyaya görə 2 metrlə 50 santimetr aralığında dəyişir. Bolluca maye qəbul edib və təxminən 1 saatdan bir kompüterdən uzaqlaşıb fasilə vermək lazımdır. Kompüterlərdə işləyənlər plazma ekranlara üstünlük versinlər. Elektrik əşyaları mümkün qədər baş nahiyələrindən uzaq tutulmalıdır".