“Mirvari suyu”, “qara su”, retinopatiyadan necə xilas olaq?- Oftalmoloqla MÜSAHİBƏ

  • 2019.10.17 19:51
  • 71030 Baxış
“Mirvari suyu”, “qara su”, retinopatiyadan necə xilas olaq?-  Oftalmoloqla MÜSAHİBƏ

Günay Mirzəyeva 11 ildir Mərkəzi Neftçilər Xəstəxanasının göz mərkəzində aparıcı həkim oftalmoloqlardan biri kimi çalışır. Bu günə kimi bir çox beynəlxalq konfrans, seminar və təlimlərlə iştirak edib. 


Onlarla xəstənin etibarını qazanmış, qoyduğu diaqnoz və etdiyi müalicələr Türkiyədə təsdiqini tapmış və ordakı həkimlərin diqqətini çəkmişdir.

Diabetik retinopatiya – şəkər xəstəliyinin fəsadı olan göz xəstəliyinin müalicəsi üzrə yetişmiş kadrlardan biridir.


Günay xanımla müsahibəmiz  həkimin əsas profili olan şəkərli diabet xəstələrinin korluqdan xilas olunması metodları və xəstələrin yol verdiyi səhvlər barədə oldu.



-Günay xanım, Azərbaycanda korluğa ən çox səbəb olan xəstəliklərdən biri də şəkərli diabetdir. Şəkəri olan xəstədə göz hansı problemlərlə üzləşir, bunun qarşısını necə almaq olar?


-Şəkərli diabet xəstəliyi hazırda geniş yayılmış xəstəliklərdəndir. Bu elə bir xəstəlikdir ki, hədəf orqanları içərisində göz də var.

Diabet özü xırda damarları zədələyən və ömür boyu sürən xroniki xəstəlikdir. Göz damarları da xırda və zərif olduğundan şəkərin qanda yüksəlməsi retinanın kiçik damarlarını tıxayır. Diabet bulanıq, zəif görmədən tutmuş katarakta (mirvari suyu), qlaukoma ( qara su), retinopatiya kimi bir çox ağır göz xəstəliklərinə gətirib çıxarır.


Retinanın – tor qişasının qan damarlarında dəyişiklik nəticəsində qanama və içindəki mayenin ətraf toxumalara sızması prosesi ilə xəstədə  görmə zəifliyi başlayır.


Ona görə bir şəxsə diabet diaqnozu qoyulduqdan dərhal sonra artıq oftalmoloqun, xüsusən diabetik retinopatiya üzrə ixtisaslaşmış göz həkiminin müayinəsinə gedib, onun davamlı nəzarətində olmalıdır.


Hazırda oftalmologiyada diabetik retinopatiyanın müayinə və müalicəsində yeni tibbi metod və cihazlar vardır ki, bunların hamısı bizdə istifadə olunur. 

Şəkər xəstəliyi nə qədər çox müddətdə xəstədə varsa, retinopatiyaya bir o qədər yaxınlaşır. Məsələn, 10 illik şəkərdən sonra gözdə dəyişikliklər başlayır, 20 illik diabet xəstələrinin 80%-də retinopatiyaya rast gəlinir. 

 

 

Gözün içərisindəki şüşəyəbənzər cismə inyeksiya özü kiçik əməliyyatdır.



-Ola bilərmi ki, hələ şəkər olduğunu bilməyən, məsələn prediabet mərhələsində olan xəstədə artıq retina zərər görsün? Bu xəstəliyin ilkin əlamətləri hansılardır?


-Ola bilər. Amma şəkərli diabetin ilk 5-10 ilində heç bir simptom olmur. 


Retinopatiyanın əsas simptomları bunlardır:


-Torlu görmə - xəstə oxuyarkən çətinlik çəkir, sanki gözünün önü dumanlanır


-Damarlara qansızma nəticəsində göz önündə uçuşan nöqtələr və getdikcə bunların sayı artır.


-Artıq gecikmiş mərhələdə gözün önündə, ətrafında ağrılar başlayır.


-Gözdaxili təzyiq yüksəlir


-Bəs müayinə-müalicəsi asandırmı? 


-Bəli, çətin bir proses deyil. Belə xəstələrdə mütləq xüsusi damcılarla bəbəkləri genişləndirilib, "gen bəbək” adlı metodla göz dibi müayinə olunur. Lazım gələrsə, gözün KT-si çəkilir. 


Müalicəsi isə bütün dünyada, Avropada, Türkiyədə hansı metodlar, son yeniliklər tətbiq olunursa, eynilə biz də tətbiq edirik.


Diabetik retinopatiyanın müalicəsində 3 əsas üsul var:


1.Arqon lazer fotokoaqulyasiyası

2.Göz daxilinə- intavitreal inyeksiyalar

3.Vitrektomiya əməliyyatı


Arqon lazer yerli ketirmə ilə aparılır, ağrısızdır. Bir neçə seans yetərli olur. 


İnyeksiyalar isə xəstəyə uyğun seçilir, fərqli molekullu preparatlardır, tərkibinə görə elə də çox fərqlənmir, bir qədər qiymət fərqi var. 

Qeyd edim ki, bu prosedurlar mütləq əməliyyatxana şəraitində, steril şəkildə həkim mütəxəssis tərəfindən icra edilməlidir. 


Ağırlaşmalar olduqda, bu prosedurlar üçün gec olduqda lazım gələrsə vitrektomiya əməliyyatı məsləhət görürük ki, bunu da cərrahlar edir. 


-Axı bəzən xəstələrdə şahidi olmuşuq, göz daxilinə dediyiniz inyeksiyalar elə həkim otağında icra edilir.


-Bu yolverilməzdir. Gözün içərisindəki şüşəyəbənzər cismə inyeksiya özü kiçik əməliyyatdır. Orda infeksiya düşmə ehtimalı çoxdur. Harda oldu, necə gəldi etmək olmaz. Mütləq əməliyyatxana şəraiti olmalıdır. 

 

 


 

 Şəkər xəstələri damcıdan möcüzə gözləməməlidir.




-Yəqin ki, bir çox ixtisaslarda olduğu kimi, sizə də diabet xəstələri ən sonda, artıq kor olmağa doğru getdikdə gəlir. Necə edək ki, bu xəstələr daha erkən müalicələrə cəlb olunsun?


-Birincisi, insan özü-öz sağlamlığına biganə olmamalıdır. Göz kimi qiymətli orqanın qədrini bilməlidir, çünki o əvəz olunmur. Ola bilər, yaşlı insandır, diabet xəstəsidir, elə düşünür ki, ancaq dərmanını, insulinini alır, bununla da müalicə bitir. Burda əsas yük endokrinoloqların üzərinə düşür. Mən endokrinoloqlara müraciət etmək istərdim ki, ilk dəfə xəstəni qeydə alan kimi onu oftalmoloqa "gen bəbək” müayinəsinə göndərsinlər. Və sonrakı müayinələrində mütləq xəstədə göz müayinəsi ilə bağlı maraqlansınlar. Diabet xəstələri ilə ən çox ünsiyyətdə olan bu profilli həkimlərdir. Onların da vaxtında tələbindən, göndərişindən çox şey asılıdır. 


Biz hələ xəstəliyin ilkin mərhələsində müraciət edən xəstə görəndə sevinirik, çünki ona daha effektiv yardım edəcəyik. Xəstənin həm gözü qorunacaq, həm də büdcəsinə qənaət ediləcək. Ona görə mən bütün ailələrə  müraciət etmək istəyirəm, əgər özünüzdə və doğmalarınızda diabet diaqnozu qolulubsa, birinci oftalmoloqa gətirin.



-Doktor, uşaqlarda da şəkərli diabet xəstəliyi çox aşkarlanır. Eləcə də anadangəlmə diabet diaqnozu var. Bu xəstələrin də gözü daim nəzarətdə olmalıdır?


-Təbii ki, diabet sözü varsa, deməli, o xəstə görmə zəifləməsi, illər sonra korluq riskinə daxildir. Uşaqlar da gen bəbək müayinəsindən keçməlidir.  İldə 1 dəfə bu müayinədən keçmək yetərlidir.


-Günay xanım, şəkərli diabet xəstələrinə mirvasi suyuna qarşı, qara suya qarşı müxtəlif göz damcıları yazılır.  Bunları istifadə etmək retinopatiya, kataraktanın qarşısını alırmı?


-Xeyr, elə bir müalicə yöntəmi yoxdur. Şəkər xəstələri damcıdan möcüzə gözləməməlidir. Damcı ümumiyyətlə, göz dibinə çatmır. Ola bilər, iltihab, qansızma, quruluq əleyhinə damcılar yazılır, elə bilirlər, bunu etdilərsə, müayinə lazım deyil.

 

Diabetik retinopatiyanın yuxarıda qeyd etdiyim müalicə yöntəmlərindən başqa yolu yoxdur. Başqa yollar sadəcə? vaxt itkisidir. Belə xəstələrdə isə vaxt itkisi  geridönməz ağırlaşmalar yaradır.


Həkimlə əlaqə:


050 335 37 38

Mərkəzi Neftçilər xəstəxanası

 

 


 





“Mirvari suyu”, “qara su”, retinopatiyadan necə xilas olaq?-  Oftalmoloqla MÜSAHİBƏ
“Mirvari suyu”, “qara su”, retinopatiyadan necə xilas olaq?-  Oftalmoloqla MÜSAHİBƏ